Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saxta qəhrəman həbs olundu, Sarkisyanın partiyası məyusdur - Ermənistanda



Ermənistanda Milli Məclis üzvü, "Yerkrapah" (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə nazir müavini, general Manvel Qriqoryan həbs olunub.

Qarabağ müharibəsi iştirakçısı Manvel Qriqoryan 1988-1994-cü il Qarabağ müharibəsinin iştirakçısı olub və "Qarabağ qəhrəmanı" adına layiq görülüb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, generala məxsus evlərdə və daçasında axtarış zamanı böyük miqdarda silah və sursat, eləcə də 2016-cı il aprel ayında Qarabağ təmas xəttində "dördgünlük müharibə" üçün toplanan yardım aşkar edilib.

Manvel Qriqoryan Ermənistan Cinayət Məcəlləsinin bir və ya bir qrup şəxslər tərəfindən qeyri-qanuni silah, döyüş sursatı, partlayıcı maddə və partlatma qurğuları əldə etmək, saxlamaq, daşımaq və satmaq maddəsi üzrə şübhəli bilinir.

Qanuna görə, 72 saat ərzində ittiham irəli sürülməsə, tutulub saxlanan şəxs sərbəst buraxılmalıdır. Lakin millət vəkili olaraq, Manvel Qriqoryan əvvəlcə deputat toxunulmazlığından məhrum olmalıdır, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir.

Bu məsələ çərşənbə axşamı Ermənistan Hökuməti tərəfindən çağırılan növbədənkənar parlament iclasında müzakirə olunmalıdır.

"Əsassız cəza tədbirləri"

Manvel Qriqoryanın həbsi sabiq Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası (ERP) tərəfindən partiyanın "tanınmış xadimi"nin təqib edilməsi kimi qiymətləndirilib.

Partiya sədrinin müavini, ERP parlament fraksiyasının üzvü Armen Aşotyan Facebook səhifəsində ERP-nin "Ermənistan Milli Məclisinin üzvü, Artsax [Qarabağ] qəhrəmanı Manvel Qriqoryanın konstitusiya qaydaları və deputat toxunulmazlığının pozulması ilə bağlı narahat" olduğunu bildirib.

Parlament sədrinin müavini ERP mətbuat katibi Eduard Şarmazanov isə həbsin sırf siyasi motiv daşıdığını bəyan edib və prokurorluğu "ibtidai istintaqın qanuniliyini təmin etmək üzrə öz konstitusiya səlahiyyətlərindən istifadə etməyə, o cümlədən, azadlıqdan qeyri-qanuni məhrum edilən şəxsi dərhal azad etməyə" çağırıb.

Generalın evlərində nə tapılıb?

Bazar günü Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryana məxsus evlərdə axtarışlarla bağlı məlumat və video görüntüsünü yayıb.

Axtarışların Armavir vilayəti Arşaluys kəndindəki istirahət zonası və Eşmiadzin şəhərinin Alaverdyan küçəsindəki 46 nömrəli evdə keçirildiyi bildirilir.

"İstirahət zonası silah anbarı və onlarla köhnə və yeni markalı avtomobil parkına çevrilib. Daçanı həmçinin general ərzaq, gigiyena, dava-dərman, hərbi forma anbarı kimi istifadə edib. Əşyaların əksəriyyətinin üzərində "əsgərlər üçün" yazılmışdı", - məlumatda deyilir.

Qutuların içərisindən çıxarılan uşaq xətti ilə yazılmış məktublardan məlum olur ki, qutuların içindəki hələ 2016-cı ildə onlarla uşaq bağçası, məktəb, rayon və kəndlərdən "ön xətdə olan hərbçilər üçün" göndərilibmiş, məlumatda deyilir.

Burada çoxlu qatılaşdırılmış süd, makaron məmulatları, ət konservi, tərəvəz, gigiyena ləvazimatları, mayka, corab və sairə aşkar edilib. Bəzi ərzaq və əşyaların üzərinə yazılardan görünür ki, bunlar satış üçün deyil, sırf hərbçilər üçün istehsal olunub.

"Cəbbəxana"

MTX-nin məlumatına görə, general Manvelin Arşaluys kəndindəki evində "bir cəbbəxana silah müsadirə edilib".

Axtarış nəticəsində 18 ədəd "ПГ-7" tipli tanka qarşı minaatan, 20 ədəd "F-1" tipli qumbara, 22 minə yaxın müxtəlif çaplı patron, 12 ədəd 400 qramlıq trotil partlayıcı maddə, 27 ədəd "KD" tipli partladıcı və s. silah və sursat növləri aşkar edilib.

Manvel Qriqoryana məxsus Eçmiadzindəki evdə 79 ədəd zavodda hazırlanmış tüfəng və 39 tapança, 12 mindən çox müxtəlif çaplı patron müsadirə edilib, məlumatda bildirilir.

Avtomobil parkı

Generalın istirahət zonasındakı evində onlarla bahalı müasir və retro modelli avtomobil kolleksiyası saxlanan "3 avtomobil parkı" aşkar edilib, MTX bildirir.

Avtomobillərdən başqa burada müxtəlif növ motosiklet, "dördgünlük 2016-cı il aprel müharibəsində Qarabağ müdafiə ordusu üçün" bəxş edilən, o cümlədən, təcili yardım maşınları aşkar edilib.

Rusiya erməni icması nümayəndələri tərəfindən bəxş edilən bu maşınları Manvel Qriqoryan öz qohumlarının adına yazıb və öz şəxsi qarajına gətirib.

Zoopark

General millət vəkilinin şəxsi zooparkı da var. O, pələng, ayı, dəvəquşu saxlayır. Bundan başqa Manvel Qriqoryanın öz cıdır meydanı vardır.

"Müəyyən edilən məlumata əsasən, aydın olur ki, dördgünlük aprel müharibəsi üçün nəzərdə tutulan ərzağı Manvel Qriqoryan şəxsi zooparkındakı heyvanlara yedizdirmək üçün sərf edib", - MTX bildirir.

Daha əvvəl Baş nazir Nikol Paşinyan Facebook vasitəsilə növbəti video müraciətində "Qarabağ qəhrəmanının" evlərində axtarışlar barədə və onun həbsindən danışıb.

O, general Manvelin "qəhrəmanlığına dair şübhələnməsə də", heç kəsin, "hətta qəhrəmanın, məktəblilərin əsgərlər üçün topladığı yardımı oğurlamaq ixtiyarı" olmadığını deyib.

"Mən heç kəsin təqsirsizlik prezumpsiyasını pozmaq istəmirəm... Lakin mən hətta hakimiyyətimi uzatmaq məqsədilə belə korrupsiya ilə mübarizədə heç bir güzəştə getməyəcəyəm", - deyə, Ermənistan baş naziri bu işdə xalqın dəstəyinə güvəndiyini bildirdi.

"Mənə bu səlahiyyəti siz veribsiniz və korrupsiya sisteminin issəsi olmaq istəmirəm. Nə qədər ki, siz məni dəstəkləyirsiniiz, mən bu vəzifədə qala bilərəm, və heç kəs mənim korrupsiya, talan və özbaşınalıqla mübarizədə qarşımı ala bilməz", - o bəyan edib.

Nikol Paşinyan deyib ki, heç də özünə "məhbəsləri doldurmaq məqsədi" qoymur.

"Mümkün olan halda dövlətə və xalqa vurulan ziyanın bərpa edilməsi yolunu tutacağıq. Bunu etmək mümkün olmayan halda nə edəcəyimiz haqda düşünərik. Lakin heç kəsə öz hər hansı üstünlüklərindən istifadə edərək dövlətin boynunda oturmağa imkan verməyəcəyik", - Paşinyan deyib.

ERP mövqeyini dəyişir

MTX-nin məlumatı və general Manvel Qriqoryanın evlərində axtarış videosu yayıldıqdan sonra generalın həmpartiyalıları "Qarabağ qəhrəmanının" təqibə məruz qaldığına dair mövqeləri dəyişib.

ERP parlament fraksiyasının üzvü Armen Aşotyan Generalın işi ilə bağlı məsələnin "sırf hüquq səpkisində" olduğunu deyib.

"Video görüntülərə baxdıqdan sonra deyəə bilərəm ki, Aprel müharibəsinə dair bütün şübhə və ittihamlarla bağlı çox ağır ağrı və kədər yaşadım. Səsləndirilən ittihamların həqiqiliyi təsdiqlənərsə, bu, mənim üçün dərin şəxsi faciə olar", - Aşotyan Facebook statusunda qeyd edib.

Generalın vəkili ondan imtina edib

Baş nazir Paşinyanın Fqcebook müraciəti və MTX-nin videosundan sonra millət vəkili Manvel Qriqoryanın vəkili Hrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib.

"Mən bu işə baş vuranda hələ hər şeyi bilmirdim... Onu deyə bilərəm ki, hazırda bu işi davam etməyi məqsədəuyğun bilmirəm", - vəkil jurnalistlərə deyib.

Manvel Qriqoryan kimdir?

61 yaşlı General-leytenant Manvel Qriqoryan 1988-1994-cü il Dağlıq Qarabağ döyüşlərinin fəal üzvlərindən, "Qarabağ müharibəsi qəhrəmanı" sayılır. "Dağlıq Qarabağ Respublikası qəhrəmanı" adına layiq bilinib.

1999-cu ildən "Yerkrapah" (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədridir.

2000-2008-ci illərdə Ermənistan müdafiə nazirinin müavini olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений