Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səhər qatarının uğursuz səhnə taleyi



Deyirlər hər bir səhnə əsəri oxunuşundan daha çox görünüş etibarı ilə tamaşaçı üçün maraq dairəsini ilk baxışda kəsb edə bilir. Bu günlərdə Mingəçevir Dövlət Dram teatrının quruluşunda yazıçı-jurnalist Camal Yusifzadənin eyniadlı pyesi əsasında hazırlanan “Səhər qatarı” tamaşasına da bu maraq dairəsi ilə baxmaq qərarına gəldim. Ançaq elə ilk səhnələrdən tamaşanın uğursuz taleyi məni narahat etməyə başladı. Ümumiyyətlə, deyim ki, tələbəlik illərindən bədii yaradıcılığa başlayan, ilk şerini 1963-cü ildə Lənkəranda “Leninçi” qəzetində dərc etdirən yazıçı-jurnalist Camal Yusifzadə dramaturgiyası dövrünün aktual problemlərini özündə cəmləməklə çox ağır bir dramaturgiyadır. 

Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar”, “Səhər qatarı” və başqa bu kimi bütün əsərləri əsasən televiziya məkanlarının geniş vizual və virtual görünüş etibarı ilə nəzərdə tutulan pyesləridir. Bu kimi pyeslərin dram teatrı səhnələrinə gətirilməsi isə həm quruluşçu rejissordan, eləcə də teatrın özündən belə böyük cəsarət tələb edir. İlk növbədə teatr bu pyesə müraciət edərkən bədii şüra müzakirəsi zamanı pyesin ideya bədii quruluşunu Mingəçevir teatrı üçün təhlil etməli idi. Həm teatrın imkanları nəzərə alınmaqla eləçə də tamaşaçı auditoriyasının qəbul etmə və qavrama missiyası çox ciddi şəkildə nəzərdən keçirilməli idi. Təəssüflər olsun ki, bu sadalananlar zərrə qədər də olsun nəzərə alınmayıb. 

İlk növbədə deyim ki, 1 saat 45 dəqiqəyədək fasiləsiz olaraq təqdim olunan bu əsər bir məkan çərçivəsində cərəyan etməklə hadisələrin dinamik olaraq inkişaf etdirilməməsi baxımından çox ağır və sönük təqdim olunurdu.Belə ki, təqdim edilən tamaşada şəhərdən ucqar bir məntəqəyə gedən qatarın kupesində baş verən hadisələrdən məlum olur ki, yaxından-uzaqdan bir-birilərini daha yaxşı tanıyan, iç üzlərini bilən, hətta müəyyən dərəcədə qohumluq əlaqələri olan bu sərnişinlər, yolda olduqları müddətdən daha çox “səmərəli” istifadə etməyə qərar verərək, deyib-gülüb zarafatlaşır, içki məclisi açırlar. Bu məclis qızışdıqca hadisələr elə cərəyan edir ki, sərxoşluq onların baş bəlasına cevrilir. Drammatik hadisələr və tamaşanın əsas kuliminasiya nöqtəsi də məhz buradan başlayır. Özlərini idarə edə bilməyən bu şəxslər tərəfindən sərxoş vəziyyətdə vaqonun pəncərəsindən atdıqları butulkalardan biri çöldə quzu otaran 10 yaşlı uşağın başına dəyib onu öldürür. Bununla da əsərin əsasını təşkil edən hadisə öz gedişinin ən gərgin nöqtəsinə çatır. Cərəyan edən hadisələr, onun qəhrəmanları müəllif ideyasına uyğun olaraq əsərin taleyini tamamlayan nəticələrini ortaya çıxarır. Baş verən bu hadisədə münasibətlər aydınlaşır, tamaşanın sonuna qədər sərnişinlər məhz “kimdir cavabdeh” məsuliyyəti qarşısında acız qalır. Mahiyyət etibarı ilə müəllif tərəfindən pyesin süjet xətti obrazlarda daha dəqiq desək, onların mənəvi-psixoloji “dəyərlərini”, insani “keyfiyyətlərini” göstərməklə yanaşı əsl simalarını büruzə verərək, bir-birini günahlandırır, hər kəs yaxasını kənara çəkməyə cəhd edir. Əslində bununla da əsərdə təsvir olunan hadisənin şəraitini, vəziyyətini, məkanını, vaxtını göstərən hissə tamaşanın quruluşçu rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli tərəfindən ekspozisiya edilir. Əsərin bədii müqəddiməsi ümumi süjet haqqında yığcam məlumat verən hissələrə bölünür. Quruluşçu rejissor Xəzər Gəncəli öz traktofkasında süjet qurmaq üçün bədii müqəddimədən və ya ekspozisiyadan istifadə edir. Bunula da bədii müqəddimə hadisələr üçün ilk zəmin hazırlayır, bu hissədə hadisələrin necə cərəyan edəcəyi səhnədə ilk andanca məlum olur. Məhz bundan sonra əsərin düyün nöqtəsi başlanır. Surətlərin xarakteristikası haqqında ilk qısa məlumatı da məhz bu hissələrdə rejissor tərəfindən edilən bölgülərdən daha aydın şəkildə görə bilirik. Rejissor xarakterləri açmaq, konkret hadisələri cəmləşdirmək üçün belə bir vasitədən istifadə edir. Bu isə tamaşanın ümumi axarına, baxılmasına və dinamik gedişatına bir ağırlıq gətirməklə vəziyyətlər halından cıxaraq böyük bir yorğunluğa səbəb olur. Tiplər və onların xasiyyətlərinin necə inkişaf etməsi, başqa adamlarla əlaqəsi, hadisələrdəki inkişaf xətti süjetin əsasını təşkil etsə də, əhvalat və hadisə müəyyən bir məqsəd daşıyır, bununla da hadisələr bir və ya bir neçə süjet xətti üzərində qurulur. Yaxşı olardı ki, quruluşçu rejissor Xəzər Gəncəli pyesdə verilən əhvalatın, tiplərin, hadisələrin inkişaf etdirilməsi məqsədilə faktları seçib ümumiləşdirməklə daha da səciyyəvi saydığı hadisələri ixtisarlarla təqdim edəydi. Bu zaman təqdim olunan tamaşada məzmunda nəzərə çarpan əsas hadisələrin qısa, ardıcıl və süjet xətti ilə əlaqədar şəkildə yığcam nəql edilməsi daha maraqla izlənilə bilərdi. 

Tamaşada gənc aktyor Paşa Salmanovun oynadığı Kərim obrazı pyesin əsas surətlərindən biridir. O, hadisələrin daha dinamik və vəziyyətlər halında canlanmasına bir başa sirayət edir. Onun hər zaman səhnədə davakarlığı hadisələrin ümumi gedişinə çox ciddi şəkildə təsir edir. Aktyor hər zaman səhnədə hərəkətdədir. Bu hərəkət onun obraz üzərində daha dəqiq ştrixlərlə işləməsindən xəbər verir. 

Aktyor Ramil Ağayevin səhnədə oynadığı Soltan obrazı isə tamamilə fərqlidir. Aktyor öz ifası ilə tərəf müqabillərinə hadisələrin acılması üçün kömək göstərmək əvəzinə baş verənləri öz hərəkət və jestləri ilə səhnədə daha da ağırlaşdırır. Bununla da aktyorun ifası ümumi tamaşanın hərəkətverici istiqamətdə inkişafına zərər vurur. Aktyorun səhnədə oyunu bir-birilərini ittiham edən iki şəxs Kərim və Soltan arasında olan cəkişmələr zəminində sönük, oynama və göstərmə xarakteri kimi daha çox diqqəti cəlb edir. 

Pyesdə maraqlı obrazlardan biri də Manaf obrazıdır. Aktyor Asim Məmmədov hər zaman cərəyan edən hadisələrdə bir sakitlik yaratmaq və dostlar arsında olan qalmaqala son qoymaq istəyir. Ançaq onun da hafizəsində Soltanın vaxtı ilə atasının etdikləri cözülür, o, olanları xatırlamaqla hadisələrin daha da gərdinləşməsi fonunda səhnədə böyük təsir qüvvəsinə malik olur. Aktyorun səhnə danışığı vəziyyətlərin inkişafı üçün çox ciddi nöqsan kimi qiymətləndirilməlidir. Onun səhnədə danışığı çox zaman aydın eşidilmir, söz və cümlələrin tələfüzü böyük qüsurlarla ifadə olunur. Bu da tamaşanın ümumi vəziyyətinin daha da sönük olmasına şərait yaradır. 

Gənc aktyor Hüseyn Mustafayevin oynadığı Mustafa obrazı tamaşa boyu tamamilə gölgədə qalır. O, səhnədə baş verən hadisələrə çox laqeyd və sönük baxışlarla baxır. Vəziyyətlər dinamikasına aktyorun səhnədə heç bir ciddi reaksiyasını görmək mümkün deyil. O, sakitdir. Bununla belə, həm də hadisələr fonunda özünü daha da vəziyyətə uyğun maraqlı bir şəxs olaraq bu istiqamətdə düşündüyünü göstərməyə calışır. Hətta aktyorun səhnədə Kərimlə dava-dalaş etməsi düzgün formada mizanlarla və işıq effektləri ilə canlandırılmaması tamaşanın ümumi baxışına ciddi ziyan verir. Səhnədə bu dava-dalaşlar daha çox pontamim göstəricisi kimi zəif və effektsizdir.

Tamaşa boyu bütün hadisələrdən kənarda müşahidəçi kimi özünü göstərən Kök kişi obrazı isə səhnədə daha maraqla izlənilir. Aktyor Aydın Quliyevin obraz üzərində maraqlı bir detal kimi hər zaman meyvə yeməsi daha çox dramatik plandansa komediya janrına yaxın olmasının göstəricisi kimi yaddaşlarda qalır. Aktyorun səhnəyə hər gəlişi maraqla izlənilir və hadisələr fonunda vəziyyətlər halına daha çox yaxın hesab edilə bilər.

Tamaşada hadisələrin cərəyan nöqtəsində Polis nəfəri əsas obraz olaraq göstərilir. Çünki onun qatarın kupesinə gəlməsi və hadisəni nəql etməsi vəziyyəti daha da gərginləşdirmiş olur. Gənc aktyor Turqut Məsimlinin bu obrazı maraqla qarşılanır. Aktyorun səhnədə tələffüzü daha dəqiqdir. O, vəziyyətlər fonunda obraza uyğun şəkildə jestlərində daha qabarıq ton və hərəkətlərdən istifadə edir. Bununla da aktyor hadisələrin inkişaf mexanizmini rejissor traktofkasına uyğun şəkildə təqdim etməyə müvəffəq olur. Onun hadisədən yeni bir hadisə axtarışı, sonda özlərini günahkar bilməyən qohum və dostların bir-birilərinə əl qaldıraraq döymələrinin araşdırılması aktyor Turqut Məsimli tərəfindən daha dəqiq ştrixlərlə göstərilə bilir.
Gənc aktrisa Aytən Allahverdiyevanın oynadığı Bələdçi qız obrazı isə tamaşanın ümumi axarına və dinamikasına bir rəngarənglik gətirir. Aktrisa səhnədə daha şux və cazibədardır. Onun qatarın sərnişinlərdən olan Kərim (aktyor Paşa Salmanov) və Mustafanın (aktyor Hüseyn Mustafayev) diqqətini cəlb etməsi, onlarla öz danışıq tərzləri ilə rəftarı maraqla izlənilir. Ancaq aktrisanın səhnədə bir sıra əsasən də rus dilində işlətdiyi söz və ifadələrində ciddi qüsurlar diqqəti cəlb edir. Yaxşı olardı ki, aktrisa bu kimi söz və ya ifadələrin işlənməsinə diqqətlə yanaşsın və ya onları heç işlətməsin.

Tamaşanın quruluşçu rəssamı Rəfael Həşimovdur. Rəssamın səhnə tərtibatı və eləçə də geyim eskizləri pyesin rejissor traktofkasına yaxından kömək edərək acılmasına çox ciddi maneələr yaradır. Ümumiyyətlə, rəssamın tamaşa üzərində uğursuz tərtibatı onun pyesi düzgün qiymətləndirməməsi qənaətinə gətirib cıxarır. Səhnə tərtibatı heç də hər hansı bir vaqonu və ya kupeni belə xatırlatmır. Tərtibatın sönük və baxımsız olması bir daha tamaşanın ideya bədii istiqamətində formalaşmasına ciddi zərər vurur. Rəssam Rəfael Həşimovun pyesin ana xəttinə uyğun olaraq tərtibat üzərində dəqiq işləməsi və axtarışlar etməsi daha çox ideyanın rejissor traktofkası ilə eynilik təşkil etməsi baxımından məqsədəuyğun hesab edilə bilərdi. Təəssüflər olsun ki, rəssamın bu səhnə tərtibatı pyesin ana xətinin və ideyasının acılması fikrindən çox uzaqdır.

Tamaşada həmçinin Elnur Rəsulovun musiqi tərtibatı da ideya və bədii cəhətdən hadislərin inkişafına ciddi təsir edə bilmir. Musiqi tərtibatı çox sönükdür. Hadisələr fonunun daha da qabarıq göstərilməsi musiqidən istifadə edilməsi üçün tamaşa boyu maraqlı detallar çoxdur. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, pyesdə yaranan ziddiyyət və ya münaqişənin (konfliktin) başlanğıcından ta sonunadək davamlı olaraq musiqi tərtibatı da pyesin ideya bədii xüsusiyyətlərinin acılmasına yardımcı ola bilmir. 

Tamaşanın sonunda quruluşçu rejissor Xəzər Gəncəlinin müəllifin pyes üzərində maraqlı bir nəticəsini duyması diqqəti cəlb edir. Çox zaman yazıçı əsərini bitirdikdən sonra ona olduqca yığcam və qısa bir şəkildə bədii sonluq verir. Bu sonluqda çox zaman əsərin ideyası ümumi və bədii şəkildə verilir, ya da hadisənin, qəhrəmanların sonrakı taleyi göstərilir. Beləliklə, epiloq çox zaman yazıçının əsərdə demək istədiklərini bir mənalı şəkildə tamamlayır. Məhz “Səhər qatarı”nın sonunda da müəllif Camal Yusifzadənin qeydlərindən ibarət bədii nəticəni rejissor traktofkasında aydın şəkildə görmək mümkündür. Belə ki, yağışın səhnədə yağması və iki gəncin Kərim və Bələdçi qızın bütün olanların şövqündə saf bir məhəbbət hissi ilə paklığa və aydınlığa doğru addımlaması Səhər qatarının da aydınlıq simvoluna işıqlanmasının nəticəsi kimi diqqəti cəlb edir.

Anar Bürcəliyev Teatrşünas

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений