Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Sərəncam ömürlük məhbuslara da qapı aça bilər



1998-ci ildə Azərbaycanda ölüm cəzası ləğv olunub, bu hökm altında yatan şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Həmin məhbuslar cəzalarının müddətli həbslə əvəzlənməsini istəyirlər. Avropa Şurasının Parlament Assambleyası 2007-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib.

Bu il fevralın 10-da Azərbaycan prezidenti penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam verib. Prezidentin köməkçisi Fuad Ələsgərov bu yaxınlarda bəyan edib ki, 10 fevral sərəncamında verilmiş tapşırıqların icrası üzrə işlər aparılır. Onun sözlərinə görə, Cinayət Məcəlləsinə dəyişikliklərə dair təkliflər Milli Məclisə təqdim edilib, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu sentyabrın 19-da novator.az-a deyib ki, prezidentin 10 fevral sərəncamı ilə bağlı təkliflər nəzərdən keçirilərkən ömürlük məhbusların işi də gündəmə gəlir, bu istiqamətdə mümkün qanun yenilikləri müzakirə olunur: “Sərəncamdan irəli gələn hansı mümkün güzəştlər varsa, təhlil edilir. Hüquqşünaslar qanunvericiliyə dəyişikliklər üzərində işləyir, təkliflər parlamentə təqdim ediləcək”.

Ömürlük məhbuslarla bağlı hansı təkliflərin səsləndiyinə gəldikdə, hüquq müdafiəçisi bildirib ki, güzəştlər ilk növbədə 20-25 ildir cəza çəkən xəstə məhbuslara şamil edilə bilər: “Xüsusilə ağır cinayət törətməyən, ilk dəfə məhkum olunmuş, təsadüfi hadisələr nəticəsində həbsxana divarları arasına düşən şəxslərin cəzasının yüngülləşdirilməsi də mümkündür. Təkliflər reallaşsa, ömürlük məhbusların bir çoxunun azadlığa çıxması istisna olunmur”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений