Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şərq rus raketi ilə silahlanır 



“S-400”-lər alan ölkələrin sayı artır

Rusiyadan orta və uzaqmənzilli raket sistemlərinin alınmasını sifariş edən şərq ölkələrinin sayı artır. İranın ardınca Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan, İraq, Misir və Sudan da “S-400” zenit-raket kompleksləri almaq barədə müqavilə imzalayıb. Suriyanın həmin raketdən müdafiə komplekslərini almaq üçün maddi imkanı olmasa da, yaxın perspektivdə Rusiyanın Bəşər Əsəd rejimini “S-400” lə təmin etmək planının olduğuna dair məlumatlar var. 

Lakin NATO üzvü olan Türkiyənin və ABŞ-ın təsir dairəsində olan ərəb dövlətlərinin sözügedən zenit-raket komplekslərini əldə etməsi Vaşinqtonu xüsusi narahat edir. Onu da qeyd edək ki, Türkiyənin Rusiyadan raketdən müdafiə sistemləri alması ABŞ-la yanaşı, NATO-nu da ciddi narahat edir. Qərb hesab edir ki, Ərdoğan iqtidarının bu addımı Şimali Atlantika Alyansının təhlükəsizlik sistemi üçün problem yarada bilər. Yəni Rusiya NATO-nun RHM və HHM sahəsindəki boşluqları və idarəetmə kodlarını öyrənmək imkanı qazanacaq. Türkiyə isə terrora məruz qalmış bir dövlət olduğunu əsas gətirərək RHM sistemlərinə ehtiyacının olduğunu bildirir. Rəsmi Ankara NATO-dakı müttəfiqlərinə “Patroit” RHM sistemlərini almaq üçün dəfələrlə ABŞ-a müraciət etsə də Vaşinqton bu xahişi yerinə yerinə yetirməkdən imtina edib. Sonra Fransanın və İtaliyanın birgə istehsalı olan SAMP/T RMS-ləri almaq barədə 2008-ci ildən davam edən danışıqlar baş tutmasa da Rusiya ilə yaxınlaşma NATO-nu hərəkətə gətirdi. 2016-cı ildə SAMP/T sistemlərinin Türkiyəyə verilməsi barədə İtaliya ilə aparılan danışıqlar baş tutdu. Buna baxmayaraq, Türkiyə ”S-400”-lərin alınmasından imtina etmədiyi üçün artıq zenit raket komplekslərinin birinci hissəsi Türkiyəyə gətirilib. 2020-ci ilə qədər dörd kompleksin Türkiyəyə gətirilməsi və burada rusiyalı mütəxəsisislər tərəfindən idarəedilməsi prosesi başlanacaq. ABŞ isə həmin qərardan imtina etməyəcəyi təqdirdə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyi barədə xəbərdarlıq edib. 

Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson fevral ayında Ankaraya səfəri zamanı Türkiyə rəhbərliyi ilə bağlı danışıqlarda bildirib. Qapalı danışıqlar barədə məlumat verən Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, Rusiyadan “S-400” ZRK-lərinin alınması məsələsi Tillersonun səfərinin əsas gündəliyini təşkil edib. Mənbə onu da bildirir ki, Türkiyəyə “S-400” raketləri tədarük edən hərbi-sənaye müəssisələri ABŞ Konqresinin sanksiyalar siyahısına salınıb. Ona görə də həmin qadağaların Rusiyadan “S-400” idxalına maneə yaradıb-yaratmayacağı bilinmir. ABŞ rəsmiləri Rusiya raketlərinin NATO-nun RHM sisteminə inteqrasiyasının mümkün olmayacağını deyir. Bu səbəbdən rəsmi Vaşinqton Ankaraya başqa variantlar axtarmağı təklif edir. 

“Türkiyənin hava hücumundan müdafiə sistemini inkişaf etdirmək istəyi qanunidir, biz onu başa düşürük. Amma biz Rusiyanın “S-400” sistemlərinin alınması mümkünlüyü ilə bağlı öz həyəcanımızı da gizlətmirik. Bu alqı-satqının NATO daxilində qarşılıqlı fəaliyyət baxımından nəticələri olacaq və Türkiyə ABŞ Konqresinin bu yaxınlarda qəbul edilmiş sanksiyaları ilə üzləşə bilər. Biz Türkiyə ilə mövcud məsələ üzərində işləyirik. Hava hücumundan müdafiə sahəsində tələbatı təmin etmək üçün hər hansı qərar qəbul edə bilərik. Bu məsələ Ankara ilə ötən həftə müzakirə olunub. Danışıqlar davam edir. Biz Rusiya ilə həssas olmalı və alyansın pozulmasına cəhdlərindən çəkinməliyik. ABŞ Rusiyanı düşmən hesab etmək istəmir, lakin Rusiyanın hədəfi açıq-aşkar görünür: Qərbdə birliyini pozmaq və Transatlantik əlaqələri məhv etmək"-R.Tillerson belə deyib. 

Türkiyə isə ABŞ-ın təhdidlərinə baxmayaraq, hazırkı mərhələdə RHM və HHM sistemlərini gücləndirirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Türkiyənin daha müasir “S-500” RMS-lərini almaq üçün məxfi danışıqlara başladığına dair məlumatlar var. Ona görə də ABŞ-ın alternativ variantların tapılması ilə bağlı Birləşmiş Ştatların vədlərini aldadıcı hesab edərək Rusiya ilə münasibətləri pozmaq istəmir. Xüsusilə də indiki şəraitdə, yəni Afrində anti-terror əməiyyatlarınn keçirilməsində Ərdoğan iqtidarının Kremlin dəstəyinə ciddi ehtiyaca yaranıb. Belə oaln halda “S-400”-lərin alınmasına dair müqavilənin pozulması Rusiya ilə münasibətlərin mənfiyə doğru dəyişməsi ilə yanaşı, həm də Türkiyənin siyasi meydanda təklənməsi ilə nəticələnə bilər. 

Bəzi türk siyasi müşahidəçilərin fikrincə, “S-400” sistemlərinin əldə edilməsi strateji baxımdan Türkiyənin Suriyada, Cənubi Qafqazda və Mərkəzi Asiyada fəaliyyətinin güclənməsinə səbəb ola bilər.  Çünki Rusiyanın belə raket və hava hücumundan müdafiə sistemlərinə malik olması Türkiyənin Ermənistan, Azərbaycan və türkdilli respublikalar üzərində hərbi-siyasi təsirini artırır. Bundan sonra isə balansın dəyişməsi Rusiyanın sözügedən bölgələrdə fəaliyyətini əngəlləyə bilər. ABŞ-ın sanksiyalarına gəlincə, Rusiyadan adıçəkilən ZRK-lərini ən çox idxal edən ölkə Çin, Hindistan və Səudiyyə Ərəbistanıdır. Ümumi alqı-satqı müqaviləsində Türkiyənin payı cəmi 15 faiz təşkil edir. 

Onu da qeyd edək ki, ərəb ölkələrinin də davamlı olaraq “S-400” sistemlərini alması ABŞ-da ciddi narahatlıq yaradıb. Hindistanın “S-400” raketləri almasına Amerika etiraz etmir. Çünki Çinin qonşuluğunda yerləşən və Pekinlə bütün sahələrdə rəqabəti artırmağa başlayan Hindistanın ballistik raketlərdən müdafiə sistemini gücləndirməsi Birləşmiş Ştatların maraqlarına cavab verir. Lakin Yaxın Şərqin ərəb dövlətlərinin təhlükəsizlik siyasətini bir qayda olaraq ABŞ müəyyənləşdirir. ABŞ Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Misir, İordaniya kimi ölkələri “Patroit” raketdən müdafiə sistemləri ilə təmin edib. Buna baxmayaraq, ərəb ölkələrinin Rusiya ilə “S-400” sistemlərinin tədarükünə diar müqavilə imzalaması Vaşinqtonda qəzəblə qarşılanıb. Dövlət Departamentinin sözçüsü Heyzert Nauert İraq hökumətini açıq şəkildə hədələyib. Xanım Nauert bildirib ki, İraq Rusiyanın sanksiyalarına zidd gedərək “S-400” ZRK-lərini alarsa, bunun bədəlini ödəməli olacaq. Lakin Vaşinqtonun bütün xəbərdarlıqlarına baxmayaraq, ərəb ölkələri RMS-ləri gücləndirmək barədə düşünür. Ekspertlər hesab edir ki, ABŞ-ın Yaxın və Orta Şərqin təhlükəsizlik sistemini dəyişdirmək planları haqda informasiyalar ərəb ölkələrini belə bir addım atmağa vadar edib. ABŞ etiraz etsə belə, Misir Rusiya ilə müqavilədən imtina etmək niyyətində deyil. Şimali Sudan isə “S-400”lərin alınması üçün Moskvaya sifariş verib. 

ABŞ-ı narahat edən digər məqam Rusiyaya tətbiq edilən sanksiyaların təsirinin azalması ehtimalıdır. Rusiyanın hərbi-sənaye kompleksini qadağalar altına salan Birləşmiş Ştatların qərarına Avropa Birliyi və Türkiyə istisna olmaqla NATO ölkələri dəstək verir. Ancaq İran, Hindistan və ərəb dövlətlərinin hər biri kompleksin dəyəri 2 milyard dəyərində olmaqla “S-400” sistemlərini sifariş verməsi Rusiyanı maliyyə böhranı vəziyyətindən çıxara bilər. 

Hətta Rusiyadan “S-500” raketlərini aldığı bildirilən İran ən son model ZRK-ləri olan “S-600”-lərin idxalı üçün müqavilə bağlayıb. Rusiyanın ərəb coğrafiyasında geosiyasi və hərbi fəaliyyətini genişləndirdiyi bir vaxtda belə bir vəziyyətin yaranması ABŞ-ın regional maraqlarına ciddi zərbə vurur. Ona görə də Amerikanın ərəb dövlətlərinə də sanksiya tətbiq etməsi geosiyasi situasiyanı tamamilə Rusiyanın xeyrinə dəyişə bilər. Bu səbəbdən, Tramp administrasiyası Yaxın Şərqin təhlükəsizlik sisteminin təminatlı olacağına dair bölgədəki müttəfiqlərini razı sala biləcək geostrateji planı təqdim etməlidir. Əks təqdirdə, Rusiyanın müştərilərinin sayı arta bilər. 

Siyasi ekspertlər isə hesab edir ki, ərəb dövlətlərinin “S-400”-lərə marağının səbəbinin artmasının başlıca səbəbi ABŞ silahlarının Rusiya ilə müqayisədə xeyli yüksək qiymətə satılmasıdır. Neftin dünya bazarında ucuzlaşması və ərəb dövlətlərinin gəlirlərinin azalması onların Rusiya bazarına üz tutmasına səbəb olub. Digər tərəfdən, ərəb coğrafiyasının güc mərkəzlərinin bu addımı   ABŞ-ın geosiyasi təsir dairəsindən çıxmaq niyyəti kimi başa düşülə bilər. 

Onu da qeyd edək ki, Suriya müharibəsində Rusiyanın qələbəsi və Yaxın Şərqdə söz sahibinə çevrilməsi ərəb dünyasını  Kremllə hesablaşmağa vadar edən əsas amillərdən birini təşkil edir.  

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений