Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

SOCAR 4 qəpiklik qazı bizə 20 qəpiyə satır: NİYƏ?



2016-cı ildə SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunan 7 milyon 522,4 min ton xam neftin 5 milyon 999,8 min tonu emala yönəldilib, 1,439 milyon tonu isə ixrac edilib. Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir. Müəllif qeyd edir ki, ötən il Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan və SOCAR-ın payına düşən 825,2 min ton məsrəf nefti və 691,08 min ton mənfəət nefti (cəmi 1 milyon 516,28 min ton) ixrac olunub. 

"SOCAR tərəfindən bu dövrdə 6 milyard 266,8 milyon kubmetr qaz hasil edilib, 298,4 milyon kubmetr qaz idxal edilib və "Şahdəniz" yatağından 3 milyard 463,6 milyon kubmetr qaz müqavilə şərtlərinə əsasən alınıb. Eyni zamanda AÇG-dən sazişin şərtlərinə əsasən 2 milyard 762,6 milyon kubmetr səmt qazı qəbul edilib. Hasil olunan, alınan və qəbul edilən qazın 9 milyard 677,1 milyon kubmetri daxili bazarda satılıb, 1 milyard 321,4 milyon kubmetri isə ixrac edilib", - deyə vitse-prezident vurğulayıb. Onun sözlərinə görə, qeyd edilən dövrdə SOCAR üzrə hasil edilən 1 ton xam neftin maya dəyəri 97 manat 81 qəpik, 1000 kubmetr qazın maya dəyəri isə 46 manat 77 qəpik təşkil edib.

Qeyd edək ki, ötən ilin noyabrında Azərbaycan Tarif (qiymət) Şurasının iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

 Dövlət Neft Şirkətinin Tarif (qiymət) Şurasına müraciətində bildirilir ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə qeyd edilib ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur. Bu baxımdan təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.
Beləliklə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, 1000 kubmetr qazın maya dəyəri 46 manat 77 qəpik təşkil edir: “Bundan sonra qazın əlavə xərcləri və ona tətbiq olunan digər vergilərin xərci maya dəyərinin üstünə gəlir, bu da qiymətlərə təsir edir. Dövlət Neft Şirkəti hasilatla, emalla, nəql və pərakəndə və topdansatışla məşğuldur. Yəni, bir neçə seqmentə nəzarət edir. Tarif (qiymət) Şurası Dövlət Neft Şirkəti və digər strukturlarının müraciəti əsasında enerji daşıyıcılarının ölkə daxilində topdan və pərakəndə satışı seqmentində qiymətlərini tənzimləyir. Azərbaycanın neftdən sonra qaz ehtiyatları kifayət qədərdir. Həm Dövlət Neft Şirkətinin mütəxəssislərinin, həm də müstəqil audit şirkətlərin hesablamalarına baxsaq görərik ki, Azərbaycanda təxmin olunmuş qaz ehtiyatları 1 trilyon 600 milyard kubmetrdən yuxarıdır. Bu, çox böyük rəqəmdir”.


Ekspert qeyd edib ki, Tarif (qiymət) Şurasının hər sahə üzrə nümayəndələri var ki, onlar da hökumətdə təmsil olunan üzvlərdir: “Təbii ki, əgər enerji daşıyıcılarının ölkədaxilində həm topdan, həm də pərakəndə satış qiymətilə bağlı fikirlər mövcuddursa, Tarif (qiymət) Şurasında bir fikir mövcuddur - razılaşdırılmış formada qazın, elektrik enerjisinin, benzinin və digər xidmət növlərinin qiymətini artırırlar. Tarif (qiymət) Şurasında alternativ fikir yoxdur. Qonşu Gürcüstanda Tarif Şurasında təmsil olunanların əksəriyyəti müstəqil ekspertlərdir. Azərbaycanda isə hökumət orqanlarında təmsil olunan hakimiyyət nümayəndələridir. Tarif (qiymət) Şurasında alternativ fikir olmadığına görə onlar istədikləri qiyməti tətbiq edirlər”.

 

 

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений