Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Supergüclərin masasında Qarabağ yoxdur



Vüsal Qarayev: “Məsələ hazırda Ermənistanın xeyrinədir, onların istədiyi məcrada gedir”

Tural Abbaslı: “Qərb heç vaxt Azərbaycanın yanında olmayacaq”

ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. 

“Cümhuriyət” qəzeti xəbər verir ki, görüşdə Suriya, Gürcüstan və Ukraynadakı mövcud vəziyyət müzakirə olunub. Diqqətə çatdırılıb ki, problemlərin həlli üçün dialoq mühiti yaradılmalıdır. Gürcüstan, Ukrayna, həmçinin Moldovadakı problemlərin ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putinin ehtimal olunan görüşündə də müzakirə olunacağı bildirilir.

Dağlıq Qarabağ münaqişəsi niyə masada yoxdur?

Tillerson və Lavrovun görüşündə Dağlıq Qarabağ münaqişəsinə toxunulmadı. Heç Putin və Tramp arasında baş tutacaq danışıqda da müzakirə olunacağı gözlənilmir. Ümumiyyətlə, Rusiya və ABŞ diplomatlarının görüşlərində Qarabağdan danışılmır. Rusiyalı və amerikalı rəsmilər ən yaxşı halda Azərbaycan və Ermənistandan rəsmi qaydada bu məsələ ilə bağlı sorğu göndərildikdə, yaxud ikitərəfli formada masaya oturulduqda Qarabağ mövzusuna üz tuturlar. Nəzərə alsaq ki, ABŞ və Rusiya münaqişənin nizamlanmasıyla məşğul olan Minsk Qrupunun həmsədrləridir, bu baxıman məsələni gündəmdə saxlamaq onların ilk vəzifələrindəndir. Amma hər şey gözlənti ilə həll olunmur, Rusiya və ABŞ-ın Qarabağa olan soyuqluğu bir sıra amillərlə izah oluna bilər.

İlk növbədə ABŞ və Qərbdə belə təsəvvür var ki, münaqişənin açarı Kremldədir. Ukrayna və Suriyada üz-üzə gələn ABŞ növbəti cəbhədə Rusiya ilə qarşılaşmamaq və bununla özünə əlavə problemlər yaratmamaq üçün Qarabağ məsələsindən qaça bilər. Digər yandan Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan xarici siyasətdə Qərb və Rusiya arasında məsafəli mövqe sərgiləyir. Buna görə də həm Qərb, həm də Rusiya məsələni yalnız Azərbaycanla ikitərəfli münasibətlər kontekstində dəyərləndirməkdə maraqlıdır.

Ehtimal oluna bilər ki, əgər Azərbaycan xarici siyasətdə ya Rusiya, ya da ABŞ-a meyillənən seçim etsə, bu zamanda Azərbaycanı məşğul edən problemlər müzakirə mövzusuna çevrilə bilər. İri dövlətlərin etinasızlığında başqa bir mühüm detal da var ki, bu, Gürcüstan və Ukraynadakı işğallarda iki tərəfdən birinin Rusiya olmasıdır. Hesab etmək olar ki, buna görə ABŞ-la dialoqlarda bu məsələlərdən danışılır. Amma Amerika Dağlıq Qarabağ münaqişəsində Rusiyanın iştirakının olduğunu və Ermənistana müttəfiqlik səviyyəsində yardım etdiyini bilir. Buna görə də ən azı Ağ Ev geosiyasi müstəvidən Qarabağa olan uzaq məsafəsini qısalda bilərdi. Əgər bunu etmirsə, o zaman Amerikanı Qarabağdan uzaqlaşdıran başqa amillər olmalıdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev “Cümhuriyət” qəzetinə bildirib ki, iri dövlətlərin Qarabağ münaqişəsinə etinasız yanaşmasında erməni lobbisi və erməni təbliğatının böyük rolu var. AXCP yetkilisi hesab edir ki, ABŞ da digər Qərb dövlətləri kimi Qarabağ probleminin Ermənistanın xeyrinə həllində maraqlıdır: 

“Bu, heç kəsə sirr deyil. Biz bunu həmsədrlərin fəaliyyətində, Qərb mediasında bu məsələylə bağlı gedən yazılarda, siyasilərin, rəsmilərin açıqlamalarında açıq-aşkar görürük. Məsələn, istənilən bir Qərb ölkəsində qondarma Qarabağ respublikasının qondarma bayrağını rahat şəkildə açıb küçədə gəzə bilərsən, ki, kimsə buna etiraz etmir. Çox misallar çəkmək olar. Belə olan halda ABŞ, yaxud Fransa niyə bu məsələni müzakirə etməlidir? Məsələ hazırda Ermənistanın xeyrinədir, onların istədiyi məcrada gedir. Məsələn, Ermənistan “erməni soyqrımı” ilə bağlı Hollivudda film çəkdirir, rolları da ən tanınmış kino ulduzları oynayır”. 

“Addımları Azərbaycanın özü atmalıdır”

Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə deyib ki, beynəlxalq ictimaiyyətin diqqətini bu problemə yönəltmək üçün həmin məsələnin sahibi ilk addımı atmalıdır. 
T.Abbaslının sözlərinə görə, həmin tərəfin özünün məsələnin həllinə marağı olmalıdır: 

“Bu, Ermənistana sərf etmir. İşğalçı dövlətə mövcud status-kvonun saxlanılması maraqlıdır. Çünki Azərbaycan ərazilərini işğal edib. Vaxt keçdikcə, həmin torpaqları öz ərazilərinə qatmaq ehtimalları artır. Azərbaycan hakimiyyəti də Qarabağ problemini görməzlikdən gəlir. Yalnız öz hakimiyyətinin iqtidarını uzatmaq, digər dövlətlərə öz legitimliyini qəbul etdirmək üçün addımlar atır. Belə olan halda, niyə digər dövlətlər bu problemlə maraqlanmalıdırlar? Azərbaycan hakimiyyətinin yanlış siyasəti nəticəsində dünyada belə bir rəy yaranıb ki, Ermənistan və Azərbaycan yox, Rusiya münaqişədə söz sahibidir”. Partiya sədri hesab edir ki, məsələdə müsəlman-xristian, Şərq-Qərb faktoru var: “Digər amillərdə var ki, Qərb heç vaxt Azərbaycanın yanında olmayacaq. Bu dövlətlərdən hansısa addımın gələcəyini gözləməyin özü yanlışdır. Azərbaycan itirdiyi torpaqlarını özü geri almalıdır. Ən yaxşı halda güvənə biləcəyimiz dövlətlər, Pakistan və Türkiyə ola bilər”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений