Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Suriya çözümündə yeni mərhələ - TƏHLİL



Təhlükəsizlik zonalarının yaradılması mümkün olacaqmı?

Suriya ərazisində təhlükəsizlik zonalarının yaradılmasına nəhayət ki, qərar verildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 3-də Rusiyaya səfəri zamanı rəsmi Ankaranın 2014-cü ildən təklif etdiyi “Tampon bölgələr”in yaradılmasına dair razılıq əldə olunub. Rusiya prezidenti Vladimir Putin atəşə yasaq zonaların yaradılması barədə ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı da razılığa gəldiyini bəyan edib. Eyni zamanda, Rusiyanın bu məsələdə İranla da anlaşdığı bildirilir. 

Beləliklə, Suriyada marağı olan əsas siyasi oyunçular təhlükəsiz bölgələrin təşkili barədə ortaq mövqeyə gələ bilib. İdlib əyalətində, Homs şəhərinin şimal qəsəbələrində, Qut şəhərinin şərqində və Suriyanın cənubunda dörd təhlükəsizlik zonası yaradılacaq. Həmin bölgələr atəşə və uçuşa yasaq elan edilib. Ancaq bu qərar daha çox bəyanat xarakteri daşıyır və onun reallaşması istiqamətində hələlik konkret addımlar atılmayıb. Buna baxmayaraq, siyasi müşahidəçilərin fikrincə, “Tampon bölgələr”in yaradılması baş tutarsa, Suriya münaqişəsinin həlli istiqamətində yeni mərhələ başlana bilər. Hazırda belə bir razılaşmanın baş tutması daha çox münaqişə bölgəsində iştirakçı tərəflərin öz geosiyasi mövqeyini möhkəmləndirməyə xidmət edir. 

Rəsmi Ankaranın təklifinin qəbul edilməsi Suriya böhranının nizamlanmasında Türkiyənin iştirak imkanlarını genişləndirir. Yəni təhlükəsizlik zonalarının yaradılması Suriyanın gələcək siyasi taleyinin müəyyənləşməsində Türkiyənin diplomatik təsirini artıra bilər. Eyni zamanda, Suriya müxalifətinin nəzarətində olan İdlib istiqamətində atəşə yasaq bölgələrin təşkili Rusiyanın və İranın hücumlarının qarşısının alınmasını təmin edir. Bu da öz növbəsində, Türkiyənin maraqlarına cavab verir. Çünki İdlibin Rusiya qüvvələrinin əlinə keçməsi Moskvanın və Əsəd rejiminin Aralıq dənizi sahilindəki Latakiya bölgəsi yaxınlığında nəzarət zonasının genişlənməsinə səbəb ola bilər. Təhlükəsizlik zonasının yaradılması Rusiya və Suriya hökumət qüvvələrinin hərbi fəaliyyətini məhdudlaşdıracaq. Bu, Türkiyəyə qaçqın axınının qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır. Hətta Ankara Türkiyədə məskunlaşmış suriyalı qaçqınların həmin zonalara qaytarılmasını təklif edir. Ərdoğan iqtidarının hazırladığı mexanizm “tampon bölgələr”in 40 km enində, 90 km-lik uzunluqda ərazini əhatə etməsini nəzərdə tutur. ABŞ prezidenti Donald Tramp da fevralın 8-də Türkiyənin dövlət başçısı ilə telefon danışığı zamanı təhlükəsizlik zonalarının yaradılmasını təklif etmişdi. Lakin ABŞ belə zonaların təşkili ilə bağlı konkret plan təklif etməyib. Ona görə də təhlükəsizlik zonalarının yaradılması üçün tərəflər ilk növbədə, onun fəaliyyət mexanizmini hazırlamalıdır. Rusiyanın və İranın nəzarətindəki ərazilərin genişlənməsinin qarşısının alınması Türkiyə ilə yanaşı, ABŞ-ın da maraqlarına cavab verir. Suriyadakı geosiyasi mövqelərini gücləndirməyə çalışan Amerika Əsəd rejiminə dəstək verən Rusiya və İranın bölgədəki hərbi əməliyyatlarının genişlənməsinə qarşıdır. Müharibənin davam etməsi həmçinin, Suriyadan Qərb ölkələrinə qaçqın axının artmasına şərait yaradır. Bu isə radikal islamçıların və terrorçuların yayılmasına səbəb olur. Ona görə də Birləşmiş Ştatlar qaçqın axınının qarşısının alınması üçün təhlükəsizlik zonalarının yaradılmasına dəstək verə bilər. Əgər belə bölgələrin təşkili baş tutarsa qaçqın axını və terrorizmdən əziyyət çəkən Avropa Birliyinin də prosesə dəstək verəcəyi gözlənilir. Böyük Britaniyanın “The Guardian” qəzetinin analitiki Hamiş de Brotton-Qordon Moskvada əldə olunmuş razılaşmanı Putinin uğurlu siyasi gedişi hesab edir. Onun rəyinə görə, Suriyada atəşkəsin əldə olunması və münaqişənin həllinə dair Rusiya, Türkiyə və İranın bir müddət əvvəl Astanada başlatdığı danışıqlar prosesi tam uydurma olaraq qalır. Ekspert bildirir ki, hazırda müdafiəni yalnız Rusiya, Türkiyə, ABŞ və İranın birgə təşkil etdiyi uçuşa və atəşə yasaq humanitar zonalar təmin edə bilər. Lakin təhlükəsizlik işinin təşkilində BMT-nin qüvvələri də lazım ola bilər. Suriya münaqişəsinin aradan qaldırılmasında diplomatik təşəbbüsü uğursuzluğa düçar olan V.Putin təhlükəsizlik zonalarının yaradılması ilə nəyə isə nail ola bilər. 

“Təhlükəsizlik zonasının konsepsiyası suriyalıların böyük əksəriyyətinin ölkədə qalmasını, yaxud tiranlıqdan və terrordan xilas olacağı təqdirdə, qaçqınların ölkəyə qayıtmasını nəzərdə tutur”-deyən siyasi ekspert hesab edir ki, ABŞ Suriyaya qarşı raket zərbələrinə susqun yanaşma nümayiş etdirən prezident Putin indi Donald Trampın təhlükəsizlik zonaları ilə bağlı təşəbbüsünü dəstəkləməklə Rusiya iqtisadiyyatını iflic edən sanksiyaların yumşaldılması üçün onu dilə tutur. 

“Humanitar zonalar üçün lazım olan əsas tələblər müdafiə və təhlükəsizlikdir. Suriya Hərbi Hava Qüvvələri Putinin hakimiyyətdə qaldıqca öz hərbi əməliyyatlarını dayandırmalıdır. İdlib bölgəsinin təhlükəsizliyi şərqi Aralıq dənizindəki gəmilərdə radarlara və raketlərə əlavə dəstək verəcək”.

Bununla yanaşı, təhlilçi təhlükəsizlik zonalarının BMT-nin nəzarətinə verilməsini təklif edir. Böyük Britaniyanın xarici işlər naziri Baris Consonun həmin ərazilərə hərbi qüvvə göndərmək təklifini xatırladan Brottin-Qordonun sözlərinə görə, qurulması heç də asan başa gəlməyəcək humanitar zonaları ABŞ, Rusiya, Türkiyə, İran, Böyük Britaniya və BMT birlikdə təşkil edə bilər. 

Müşfiq Abdulla
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений