Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Suriya üçün “dağıdıcı sülh”: ABŞ və Rusiya “piroq”u bölür



Rusiya Suriyanın ərazisində gərginliyin azaldılması üzrə dörd zonanın yaradılması təklifi ilə çıxış edib.“Cümhuriyət” qəzeti Rusiyanın “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu zonalar İdlib vilayəti, Hums şəhərinin şimalı, Şərqi Guta və ölkənin Cənubudur.Suriya böhranının tərəfləri arasında birbaşa qarşıdurmanın olmaması üçün bu zonalar arasında təhlükəsizlik xətləri yaradılır.

Qeyd edilir ki, Rusiya təhlükəsizlik xətləri arasında “dinc vətəndaşları üçün silahsız sərbəst keçidi və humanitar yardımın çatdırılmasını” təmin etmək üçün blokpostları yaratmağı təklif edir.Ayrılma xətləri ilə yanaşı, blokpostlarda atəşkəs rejiminə riayət edilməsinin izlənilməsi üçün monitorinq mərkəzlərinin yaradılması təklif olunur.Həmçinin Rusiyanın təklifləri atəşkəs rejiminə nəzarət üçün atəşkəsin qarantı olan ölkələrdən silahlı qrupların göndərilməsini nəzərdə tutur.Rusiya, İran və Türkiyə hazırda bu statusda olan ölkələrdir.Agentliyin məlumatlara görə, Moskva bu ölkələrin nümayəndələrindən işçi qrupu yaratmağı təklif edib.Qrup ən qısa müddətdə gərginliyin azaldılması üzrə zonaların sərhədlərinin yer aldığı xəritələri təqdim etməlidir.

Qurulacaq yeni dövlətlər

Suriyadakı proseslər öz çərçivəsindən çıxıb, artıq nə silahlı müxalifət qüvvələri, nə də Bəşər Əsəd rejimi bu ölkənin gələcək taleyini müəyyən etmək iqtidarındadır.ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Ford kənar qüvvələrdən asılı olan müxaliflər və Əsədin Qərb və Rusiyanın Suriyanı kiçik dövlətlərə parçalamaq planına çoxdan hazır olduqlarını bildirib. Ford iddia edir ki, Suriyanın 4 dövlətə parçalanmaq planı artıq super güclər tərəfindən masaya qoyulub və böyük ölçüdə anlaşma məsələsi həll olunub. Layihə Şərqdə sünni, Şimal-qərb və Cənubda ələvi və kürd dövlətlərinin qurulmasını nəzərdə tutur.Amerika və İsrailin nüfuzlu media qurumları bu planın yəhudi dövlətinin maraqlarına uyğun olduğunu bildirirlər.

“Dağıdıcı sülh”

ABŞ və Böyük Britaniya, o cümlədən, İsrailin maraqlarını əks etdirən planın Rusiya tərəfindən masaya qoyulmasını nəzərə alsaq, böyük güclər arasında Suriya üçün “dağıdıcı sülh” planının razılaşdırılmasında yekun mərhələnin başladığı istisna deyil. Qərbin bu nöqtədə əsas məqsədi Qətərdən başlamaqla Suriya və Türkiyə üzərindən keçməklə Rusiya nəhəngi “Qazprom”a rəqib olacaq qaz xəttinin çəkilməsi üçün bu ölkədə lazım olan regionlara nəzarəti əldə saxlamaqdır. 

“Piroq”un bölünməsində ABŞ-ın bu məqsədinin üzərində təkid edəcəyinə şübhə yoxdur. Lakin Suriyada savaş başlayar-başlamaz Rusiya Bəşər Əsədin yanında mövqe tutaraq, Qərbin “Qətər layihəsi”nin qarşısında böyük sədd çəkdi. Rusiya digər yandan İsrail, Kipr və Yunanıstan da daxil olmaqla Şərqi Aralıq dənizində yeni kəşf olunmuş təbii qaya qazının bu xətlə kəsişən nöqtələrində möhkəmləndi.Çox güman ki, Kreml bölüşdürmə müzakirələrində Avropanın enerji bazarında yerini möhkəmlədən bu üstünlüyünü Qərbə verməməyə çalışacaq.Suriyaya müdaxilə etmiş kənar güclər hər nə qədər bu ölkəni öz aralarında parçalamağa çalışsalar da birinin gözünün digərinin tutduğu mövqedə olması bu “dağıdıcı sülh” planının da reallaşmasına imkan vermir.

Kremlin alternativi

Sələfi qruplaşmalar və İŞİD-in dağıdıcı fəaliyyətindən istifadə edən İsrail, ABŞ və İngiltərə kimi siyasi güclər üçün Suriyada sünni-ərəb hegemonluğunu  bərpa etməyin yeganə yolu bu ölkəni parçalamaqdan keçir. Rusiyanın bu planın qarşısında çıxardığı alternativ isə ələvilərdir.Güclər ya Sudanda olduğu kimi sərt parçalama, ya da Bosniyadakı kimi yumşaq bölünməyə gedərək öz aralarında Suriyanı iki yerə parçalayacaqlar.Suriyanın gələcəyi üçün ən ideal variant şübhəsiz ki, zəif federal hökumətin idarəçiliyində muxtariyyətlərə bölməkdir.ABŞ və Rusiya arasında nəzəri mövqe savaşının poliqona keçmək ehtimalının yüksək olduğu vaxt Suriya haqqında ən sərt tədbirlərin seçiləcəyinə də şübhə yoxdur.

Həmin tədbir Suriyanın bir neçə yerə parçalanmasını rəsmiləşdirəcək.Qurulacaq ələvi dövləti İran və Rusiyanın nəzarətində olacaq.Bu, Rusiyanın Suriyadakı hərbi varlığını (Tarsus) qorumaq üçün ümididir.Şimali Suriyada qurulması prosesi başa çatmaq üzrə olan kürd dövlətinin Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilməsi səylərinin yekunlaşmaq mərhələsində olduğunu nəzərə alsaq, bu nöqtədə Rusiya və ABŞ-ın maraqları haçalanır.

Regionun mütləq əksəriyyətini əhatə edən kürdlər eyni anda həm Rusiya, həm də ABŞ tərəfindən dəstəklənir.Çünki qurulacaq “Kürdüstan” Rusiyanın nəzarətində olan və nəzəri olaraq bu layihənin tərkibinə daxil edilmiş ərazilər Qərb tərəfindən ələ keçirilə bilməsə, “Qətər layihəsi” fiaskoya uğrayacaq.Rusiya da başa düşür ki, ABŞ açıq formada həmin ərazilərə silahlı müdaxilə etməyəcək.Buna görə də “Kürdüstan” layihəsi Rusiyanın da maraqlarına xidmət edir.Çünki bu halda Rusiya həmçinin Suriyaya müdaxilə etmiş Qərb qüvvələrinin Aralıq dənizinə gedən yollarını kəsmiş olacaq.Rusiyanın bu hiyləsini başa düşən Qərb hələlik kürdlərin dövlət olmaq səylərinə açıq dəstək vermək addımını gecikdirir.Başqa sözlə, Suriya böhranının həlli üçün bu ölkəni parçalamaqdan başqa həll variantı mümkün kimi görünmür.

Mənsur Rəğbətoğlu
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений