Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Suriyada davam, yoxsa tamam - Nə baş verəcək? - BİZİM ŞƏRH



ABŞ, Böyük Britaniya və Fransanın Suriyanın hərbi bazalarına raket zərbəsi endirməsidən sonra beynəlxalq ictimaiyyət bir suala cavab axtarır:Bundan sonra nə baş verəcək? 

Əslində Suriyaya qarşı hərbi əməliyyatın başlayacağı gözlənilən idi. Ancaq  bu əməliyyatların hansı mərhələyə qədər davam edəcəyi  barədə rəylər müxtəlifdir. Donald Tramp ABŞ hərbçilərinin Suriyada davamlı olaraq qalmayacağını bəyan etsə də, fransalı həmkarı Emmanuel Makronun “Bu, bir başlanğıcdır” sözləri aviazərbələrin davam edəcəyini deməyə əsas verir.  Hərbi əməliyyatların  müddətinin uzanacağı halda koalisiya qüvvələrinin Suriyaya qoşun yeridəcəyi də istisna edilmir. Bu, həm də İsrailin qısa müddətdə havadan hücuma başlayacağı ehtimalını artırır. Yəni, Bəşər  Əsəd rejiminə qarşı əməliyyat keçirən qüvvələrin sayının artacağı gözlənilir. Proseslərin gələcək inkişafı bölgədə marağı olan digər dövlətlərin, əsasən də Rusiya və İranın yaranmış vəziyyətə  reaksiyasından asılı olacaq. 

Moskva və Tehranın Qərbin  əməliyyatlarını tənqid edərək Bəşər Əsədə siyasi dəstək verəcəyi əvvəldən məlum idi. Lakin proseslərin gələcək istiqaməti Qərblə Rusiya və İran arasında hərbi toqquşmanın baş verməsi  amilindən asılıdır. Hələlik Əsəd hakimiyyətinin müttəfiqləri ona dəstək bildirsələr də, nə Rusiya, nə də İranın Qərb koalisiyası ilə silahlı qarşıdurmaya getmək  istədiyi açıq hiss edilir. Suriyaya raket zərbələrinin endirilməsi ilk növbədə bu bölgədə toqquşan geosiyasi maraqların açıq müstəviyə keçdiyini göstərir.  Əgər indiyə qədər ABŞ, Rusiya,  İran və Türkiyə Suriyada hərbi iştirakını daha çox terrorizmə qarşı mübarizənin vacibliyi ilə əsaslandırırdısa,  son hərbi əməliyyatlar regiondakı güclərin öz maraqları uğrunda açıq mübarizəyə keçdiyini nümayiş etdirir. Bu isə Suriyada hərbi-siyasi mövqeyə malik olan güclər arasında balansın dəyişməsinə hesablanıb. 

ABŞ başda olmaqla Qərb koalisiyasının “atəş” düyməsinə basması  Rusiya və İranın Suriyadakı müharibənin de-fakto qalibi olması ilə razılaşmaq istəmədiyindən xəbər verir.  Ona görə də Vaşinqton Suriya və Yaxın Şərqdə qüvvələr nisbətini dəyişmək uğrunda mübarizəsini çox güman ki, davam etdirəcək. Buna nail olmaq üçün Birləşmiş Ştatlar Əsəd rejimini devirməyə, Rusiya və İranın hərbi iştirakının qarşısını almağa çalışacaq. Suriya böhranının həlli prosesində Rusiya və İranla birgə mövqedən çıxış edən Türkiyənin gözlənilmədən mövqeyini dəyişərək Qərbə dəstək verməsi  ABŞ və müttəfiqlərinin işini asanlaşdırıb. Ekspertlərin rəyinə görə,  rəsmi Ankara ABŞ-ın başçılıq etdiyi koalisiyanın qələbəsinin qaçılmaz olduğunu anlayır. Ona görə də Türkiyə iqtidarı hərbi əməliyyatlar məsələsində ABŞ-la razılaşmaya getməklə  Suriyanın şimalında nəzarət etdiyi əraziləri əlində saxlaya bilər. Ərdoğan iqtidarı Rusiya və İranın ABŞ-la hərbi qarşıdurmaya getməkdən çəkinəcəyini bildiyi üçün indiki halda Kreml və Tehranın yanında yer almaq Türkiyənin maraqlarına zərbə vurmuş olar. 

Rusiyanın Suriyada getdikcə artan hərbi və geosiyasi təsiri isə ABŞ-ın mövqelərinin sıxışdırılmasına,  İranın Aralıq dənizi və İsrail sərhədinə çıxışının təmin olunmasına şərait yaradır. Ona görə də Vaşinqton Rusiyan və İranı Suriyadan çıxartmaq uğrunda hərəkətə keçib. Bu isə ABŞ-ın Yaxın Şərqlə bağlı yeni strategiyasının işə salınmasından xəbər verir. Bu strategiyanın başlıca istiqamətini prezident Tramp iki həftə öncə Ohayo ştatındakı çıxışı zamanı belə açıqlayıb: “Tezliklə Suriyadan çıxıb gedəcəklər”. 

ABŞ prezidentinin bu açıqlama ilə Rusiya və İranı hədəfə aldığı şübhə doğurmur. Amerika Rusiya və İranın Yaxın Şərqdə, o cümlədən ərəb coğrafiyasında geosyasi mövqelərinin möhkəmlənməsini milli maraqlarına zidd hesab edir. 

İlkin proqnozlara görə, Bəşər Əsəd  hakimiyyətdən gedərsə, bu zaman ABŞ suriyalı qaçqınların geri dönməsi  və Qərbə immiqrasiyasının qarşını almağa nail ola bilər. Bu da terrorçuların ABŞ və Avropaya keçməsinin qarşısını alar. Ancaq hərbi əməliyyatlar davam edəcəyi təqdirdə, ölkədə sabitlik bərqərar olana qədər  təhlükəsizlik zonalarının yaradılması problem olaraq qalacaq. ABŞ hesab edir ki, təhlükəsizlik zonalarının təşkilinə Rusiyanın dəstəyilə Əsəd rejiminin hərbi əməliyyatlar keçirməsi mane olur. Rusiyanın bombardmançı  təyyarələri  təhlükəsizlik zonalarında uçuşa qadağan olunmuş əraziləri pozmaqla sabitliyə təhlükə törədir və qaçqınların qayıtmasına mane olur. Ona görə də Birləşmiş Ştatlar Rusiyanın Suriyadakı hərbi iştirakına son qoymağı qərara alıb.

Müşfiq Abdulla    
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений