Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Sürücülük imtahanı “ASAN”laşa bilər: Pul tələsi “bağlanır”



Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahanların Dövlət İmtahan Mərkəzi və “Asan Xidmət” tərəfindən keçirilməsi təklif olunur. Səbəb isə müxtəlifdir. Son vaxtlar sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahan suallarının qəsdən çətinləşdirildiyi məsələsi gündəmə gəlib. Bununla bağlı redaksiyamıza çoxsaylı şikayətlər gəlir. Belə ki, sürücülük vəsiqəsi almaq istəyən şəxs bir neçə ay davamlı olaraq kurslarda iştirak etsə də, imtahanda uğurlu nəticə göstərə bilmir. Şəxsin sözlərinə görə, bu məhz imtahan suallarının bir neçəsinin keçmədiklərindən salındığı üçün baş verir. 

Çünki sahə metodistinin  tədris etdiyi bütün bilgilərə bilavasitə yiyələnir. Maraqlıdır ki, eyni məsələdən bir anda bir neçə nəfər gileylənib. Məhz bu səbəbdən də sözügedən imtahan şəffaf keçirilməsi üçün “Asan Xidmət”ə və ya Dövlət İmtahan Mərkəzinə verilsə, daha məqbul olar. Sirr deyil ki, bu sahədə “qara əllər” in fəaliyyəti böyükdür. Yəni istənilən şəxsə bu əllər vasitəsilə rahatlıqla sürücülük vəsiqəsi vermək mümkündür. Ekspertlər sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların adıçəkilən qurumlara həvalə edilməsi təklifi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bəziləri hesab edir ki, imtahanın harada  və hansı qurum tərəfindən keçirilməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, şəffaflıq təmin edilsin. Digərlərinin fikrincə isə  sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanı yalnız Dövlət Yol Polisi keçirə bilər. 

Məlumat üçün bildirək ki, dünya təcrübəsində sürücülük vəsiqəsinin verilməsi müxtəlif üsuLlarla həyata keçirilir. İlk növbədə sürücülük vəsiqəsinin verilməsi tədris prosesi olduğuna görə müxtəlif ölkələrdə tədris qurumları tərəfindən götürülür. Bəzi ölkələrdə şagirdlər dərs keçməklə yanaşı, orta məktəblərdə sürücülük vərdişlərinə də yiyələnirlər. Orta məktəbi başa vuranda attestatla yanaşı, imtahan verib sürücülük vəsiqəsi də ala bilirlər. Bunu tədris prosesini həyata keçirən qurumlar reallaşdırır.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Nazirlər Kabinetinin 43 saylı qərarı var: “O qərarda göstərilir ki, imtahanın sualları nədən düşə bilər. Yol-hərəkəti qaydaları, nəqliyyat vasitəsini təhlükəsiz idarəetmə, sürücülər üçün ilkin hazırlıq və sürücünün hüquqi məsuliyyəti ilə bağlıdır. İmtahanın sualları əsasən bu proqram çərçivəsində düşür. İmtahanda 4 blokdan kənar sual düşə bilməz. Ola bilsin ki, sualların çətinliyi və asanlığı var. Məsələn, sual düşsə ki, təkərin ölçüsü nə qədər olmalıdır? O zaman demək olar ki, bu sual nəzərdə tutulan bloka aid deyil”.

İmtahanın hansı qurum tərəfindən keçirilməsinə gəlincə, ekspert qeyd edib ki, bu birbaşa olaraq dövlətin və ölkə başçısının işidir:

“Nə zaman ölkə başçısı belə bir qərar qəbul edərsə, onda mümkündür. Sürücülüklə bağlı verilən imtahan adi orta məktəbdəki imtahanlar kimi deyil. Orada imtahan elektron və ya kompüter vasitəsilədi. İmtahanın ikinci ən ciddi mərhələsi əslində sürücülük vərdişlərinin yoxlanması üçün keçirilən təcrübi imtahandır. Bunu “Asan Xidmət” də, Dövlət İmtahan Mərkəzi də keçirə bilər. Yetər ki, texniki baza yaradılsın. O zaman mümkündür”.

Ərşad Hüseynov qeyd olunan məsələdə dünya praktikasına da nəzər salıb. O deyib ki, dünyada bununla bağlı fərqli yanaşmalar mövcuddur:

“Bir çox ölkələrdə bu imtahanı polis və ya Dövlət Yol Polisi həyata keçirir. Bəzi ölkələrdə Nəqliyyat Agentliyi bu tipli imtahanları həyata keçirir. Məsələn, Almaniyada bu imtahan qeyri-hökumət təşkilatına həvalə edilib. Amerikada bu imtahan yerli icra hakimiyyəti orqanlarının  səlahiyyətindədir.  Dünya təcrübəsi o qədər də önəmli deyil. Əsas məsələ odur ki, burada şəffaflıq və düzgün yanaşma olsun. İstər ilk mərhələdik imtahana, istərsə də sürücülük vərdişlərinin yoxlanması üçün təcrübi imtahana yaxşı hazırlaşmaq lazımdır. Kimin bu imtahanlardan hər hansı şikayəti olarsa, həmin imtahan mərkəzinə, yaxud da Daxili İşlər Nazirliyinə müraciət edə bilər”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений