Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tarixi araşdırmaçıdan nazirliyə 31 mart İTTİHAMI - MÜSAHİBƏ



31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci il martın 31-dən başlayaraq aprelin 2-dək erməni daşnak və bolşevik dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda yaşayış binaları, məscidlər yandırılıb, əhalinin əmlakı qarət edilib. Martın 30-dan 31-nə keçən gecə ermənilərin törətdiyi soyqırım nəticəsində, təkcə Bakıda 11 minə yaxın dinc sakin, o cümlədən, qadın, uşaq və yaşlı insanlar vəhşicəsinə öldürülüb. Martın 31-də Şamaxı qəzasında erməni daşnakları ümumilikdə 16 mindən çox azərbaycanlını, Quba kəndlərində isə 2 mindən çox günahsız insanı qətlə yetiriblər. Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Muğanda və Dağlıq Qarabağda yüzlərlə kəndi yandırıblar.

Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, bütün dünyada bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, anım mərasimləri keçirilir. Bu il 31 mart soyqırımının 100 illiyidir.

Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda soyqırımın yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək nəzərdə tutulub.

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinin suallarını yazıçı və tarixi araşdırmaçı Xaqani İsmayıl cavablandırıb.

“Türklərin I Dünya Müharibəsində məğlub olması ermənilərin əlini, ayağını açmışdı”

- Xaqani müəllim, hadisə baş verən ərəfədə Qafqazda ictimai-siyasi vəziyyət necə idi?
- Qafqazda, Şərqi Anadoluda, Güney Azərbaycan ərazilərində, eləcə də Bakıda ermənilərin I Dünya Müharibəsindən tərxis olunmuş silahlı birləşmələri meydan sulayırdı. Zaqafqaziya konfederasiyası formalaşmışdı və qərbyönümlü siyasət aparırdı. Stepan Şaumyana dəstək verən bolşevik Rusiyası da Qafqazda mövqelərini əldən vermək istəmirdi. Baxmayaraq ki, Rusiyanın başı Çar zabitləri və onların tabeliyində olan ordularla mübarizəyə qarışmışdı, amma yenə də Güney Qafqazda mövqelərindən çəkilmək istəmirdi. Bundan da sui-istifadə edən erməni bolşevikləri silahlı daşnak qüvvələri Güney Qafqaz bölgələrində özlərinə mövqe tutmuşdular. Onlar bunu “böyük Ermənistan” iddialarını gerçəkləşdirmək üçün tarixi bir fürsət sayırdılar. Həmin qüvvələr fəallaşaraq Güney Azərbaycanda da qanlı hadisələrə hazırlaşırdılar. Onların bu hadisələri törətmək iqtidarı, ancaq bu imkanlardan qaynaqlanır. Bu, ermənilərin bir millət kimi fədakarlığından, qəhrəmanlığından qaynaqlanmırdı. Sadəcə olaraq, qüvvələr nisbəti, tarixi durum onların xeyrinə idi. Türklərin I Dünya Müharibəsində məğlub olması ermənilərin əlini, ayağını açmışdı. Hətta Şərqi Anadolu da tam işğalda idi. Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər İttifaqı - Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında Brest-Litovsk Sülh Müqaviləsi imzalandı. Bundan sonra Lenin çarizmin imperialist siyasətindən əl çəkərək Türkiyənin işğal olunmuş torpaqlarından öz qüvvələrini geri çəkdi. Bu zaman Rusiya ordusu geriçəkilmə görüntüsü yaratdı. Amma silahların əksəriyyətini ruslarla birgə vuruşan yarımmüstəqil erməni hərbi birləşmələrinə buraxdılar. Buna görə təsadüfi deyil ki, Qafqazda vuruşan ermənilərin əlində hər cür silah var idi. Əsas təhlükənin qaynağı ermənilərin lehinə olan əlverişli tarixi durum idi. Çar Rusiyasının Qafqaz cəbhəsindəki ordusu tərxis olunan zaman onun tərkibində azərbaycanlılar olmayıb. Yalnız ermənilər və ruslar olub. Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan rus hərbi birləşmələrinni sırasında 170 min rus, 250 min erməni olub.

“Ermənilərin Bakı neftini ələ keçirmək planları da vardı”

- Qırğının miqyası kifayət qədər böyük olub. Ermənilərin bu qədər geniş miqyasda qırğın törətmələrində əsas məqsədləri nə olub?
- Ermənilərin bu qədər geniş miqyasda qırğın törətmələrinin bir neçə məqsədi olub. Birincisi, onlar acıgözlüklə böyük torpaqlara sahib olmaq istəyiblər. Bu ərazilərdə böyük bir dövlət qurmaq istəyirdilər. İstər Qarsda, istər Cənubi Azərbaycanda, istərsə də Güney Qafqazda, eləcə də, Gürcüstanda olsun, çar Rusiyası tərəfindən adda-budda köçürülmüş ermənilərdən ibarət bir neçə min əhali var idi. Ona görə də onlar yeganə yolu etnik təmizləməyə əl atmaqda görürdülər. Həmin bölgələri müsəlmanlardan, türklərdən təmizləməyi düşünürdülər. Hətta Gürcüstanın Axalkalaki bölgəsini həm gürcülərdən, həm azərbaycanlılardan təmizləməklə o ərazini “Böyük Ermənistan”a birləşdirmək istəyirdilər. Ermənilərin başqa məqsədləri də qorxutmaq olub. Ermənilər Xocalı soyqırımını törədərkən fikirləşiblər ki, azərbaycanlılara elə gözdağı verməliyik ki, bunlar bir daha ermənilərə qarşı vuruşmağı ağıllarına belə gətirməsinlər. Həmçinin işğal etdikləri torpaqları geri almağı beyinlərinə yerləşdirməsinlər.

Bundan əlavə ermənilərin Bakı neftini ələ keçirmək fikirləri də var idi. Bununla da maliyyə qaynağı tapmış olacaqdılar. Bunun üçün nəhəng dövlətlərin dəstəyini də almışdılar. Praktikalarında da bunu istifadə edirdilər ki, guya xristianlar uğrunda vuruşurlar. Xristianların da böyük düşməni kimi Osmanlı və müsəlmanları göstərirdilər. Amma onların əsas məqsədi “böyük Ermənistan dövləti” yaratmaq olub. Bugünkü gündə də həmin fikirlərinin üstündə dururlar.

“Soyqırıma hüquqi qiymət verilməsi istiqamətdə atılan addımları qənaətbəxş deyil”

- Soyqırıma hüquqi qiymət verilməsi istiqamətində bu günə qədər atılan addımları qənaətbəxş hesab etmək olarmı?
- Əlbəttə, yox. Birinci problem odur ki, ermənilər öz yalançı soyqırımlarını təbliğat üzərindən çox yerdə tanıdıblar. Ermənilərin hazırladığı rus və ingiliscə olan vikipediyalarına nəzər salsaq, görərik ki, orada elə qaynaqlar göstərirlər ki, məlumatsız insanlar baxsa, inanar. Amma o qaynaqları eşib birinci dərəcəli sübutlara enəndə, o zaman görürük ki, o qaynaqlarda bir-iki fakt varsa, o da quramadır. Tarixdə iz buraxan hər hansı bir olay, ən azı bir neçə mənbədə təsdiq olunur. Amma onların irəli sürdükləri iddialar heç bir qaynaqda öz təsdiqini tapmır. Onların gördükləri iş, sadəcə, müəyyən şayiələrin sifarişlə qələmə alınmasıdır. Tutaq ki, mətbuatda dezinformasiya xarakterli bir məlumat yayılır. Məlumatda günahlandırılan şəxs və ya tərəf onun cavabını verməsə, susduğu müddətdə o dezinformasiya qüvvədə qalır. Ona görə də biz diqqət etməliyik ki, ermənilərin bu iddiaları haralarda özünə yer edib. Onlar uzun müddət təbliğatla məşğul olublar.

Azərbaycanda, Osmanlı tarixində, Rusiyada, Gürcüstanda, eləcə də, digər ölkələrin arxivlərində yetərincə məlumatlar var ki, ermənilərin bütün iddialarını alt-üst etməyə yetər. Ancaq Azərbaycanda dövlət bu məsələlərə maliyyə ayırsa da, amma kadrlar bir çox hallarda uyğun gəlmir. Guya hansısa ölkədə tədbir keçirilib, o ölkənin ictimaiyyəti iştirak etməyib, amma bizim diaspor nümayəndələri, eləcə də səfirliyin çevrəsindəki insanlar gəlib iştirak ediblər. Bu da o deməkdir ki, bizim orada atdığımız güllə havaya gedir. Qayda belə olmalıdır: biz həmin ölkənin ictimaiyyəti ilə dialoqa keçməliyik. Biz öz arqumentlərimizi irəli sürməliyik və onların fikrini almalıyıq. Onlar bizim dəlillərlə razılaşdığı zaman həmin ölkənin mediası üzərindən o fikirlər yayılacaq.

Tədqiqatlarımda ermənilərin xristianlara qarşı soyqırımı araşdırılıb. Amma bu materialların xarici ölkələrdə təqdim olunması üçün şərait yaradılmır. Bəzən böyük maliyyə tələb etməyən, hər hansı bir ictimai xadimin təşəbbüsü ilə həll oluna bilən bir məsələ Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həll edilmir. Hesab edirəm ki, xarici ölkələrdə bu işlərlə məşğul olan peşəkar kadrların iştirakı ilə konfranslar təşkil olunmalıdır. Bu tədbirləri silsilə formasında bir çox ölkələrdə ardıcıl keçirməklə müəyyən zamandan sonra hansısa nəticələrə nail ola bilərik.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu istiqamətdə çox passiv mövqe tutur. Ancaq erməni tərəfdən atılan iddialara, replikalara bir növ cavab verməklə işini bitmiş hesab edir. Amma təbliğatla heç nəyə nail olmaq olmaz. Xarici İşlər Nazirliyinin daha böyük funksiyası var. Elə ölkələr var ki, onların xaricdəki səfirlikləri həmin ölkədə dövlət çevrilişi hazırlayır. Biz demirik ki, siz də belə işlər görün. Amma heç olmasa, başqa ölkədə bir tədbir keçirməyi bacarın. Azərbaycan həqiqətlərini yayın. Mənə deyirlər ki, XİN-in başqa ölkədə tədbir keçirmək imkanı yoxdur. Ancaq mən buna inanmıram. Çünki səfirliklərin işinə təlimat verən XİN bütün bu məsələləri nəzərdə tutur və bunun üçün maliyyə ayrılır. Səfirlik xarici ölkələrdəki təşkilatlarla işlədiyi zaman bu qurumlar aidiyyatı məsələlərlə bağlı tədbir keçirməkdə özləri maraqlı olacaq. Təbii ki, hər ölkədə eyni nəticəni də almaq mümkün deyil. Amma hər bir cəmiyyətin ədalətə meyilli kəsimi var. Ona görə biz ədalətə meyilli kəsimə hesablanmış addımlar atmalıyıq ki, ilkin nəticələr əldə edə bilərik.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений