Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Teatrı sevdirən coşqun qəlbli sənətkar



(Respublikanın əməkdar artisti Ramiz Vəliyev haqqında) (yazının əvvəlini  oxuya bilərsiniz)

Hər zaman olduğu kimi bu gün də aktyor sənəti psixoloji incəliyə malik yaradıcı sənət növlərindən biri hesab edilir. Teatr səhnəsində maraqlı rolları ilə tanınan, tamaşaçı rəğbəti qazanan, peşənin ağırlığını çiyinlərində məsuliyyətlə daşıyan və bu məsuliyyəti hər zaman dərindən dərk etməyi bacaran aktyorlarımızdan biri də Respublikanın Əməkdar Artisti, “Qızıl Dərviş” mükafatı laureatı, Gəncə Dövlət Dram teatrının aktyoru Ramiz Vəliyevdir. Bu teatrın səhnəsində indiyədək müxtəlif səpkili 100-dən artıq obrazlar qalereyası yaradan aktyor Ramiz Hidayət oğlu Vəliyev - 1959-cu ildə Gəncədə anadan olub. 1981-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsində ali təhsil alıb.

(Əvvəli ötən sayımızda)

Hələ gənc yaşlarından aktyorluqla yanaşı rejissorluğa da böyük maraq göstərən Ramiz Vəliyev Universitetdə təhsil aldığı illərdə “Tədris” teatrında səhnəyə qoyulan bir sıra əsərlərdə müxtəlif obrazlar yaratmaqla bərabər, həmin teatrın səhnəsində “Molla Nəsrəddin” lətifələri əsasında kompozisiyaya rejissor kimi quruluş verib. Daha sonralar Gəncə Dövlət “Nizami-Zərrabi” Poeziya Teatrı və Gəncə Dövlət Dram teatrında da uğurlu səhnə əsərlərində bir rejissor kimi özünü sınaya bilib. Belə ki, “Bəhram və çoban”, “Elbrus evlənir” və “Yaponlar gəlir” tamaşalarına olduqca maraqlı quruluşlar verə bilib. 

Ramiz Vəliyev Gəncə Dövlət Dram teatrı ilə yanaşı həmçinin “Nizami-Zərrabi” Poeziya teatrında da tamaşaya qoyulan bir sıra pyeslərdə maraqlı obrazlar yaradıb. “Xeyir və Şər”də Carçı, “Bəhram və çoban” da Bəhram, “Şairin məhəbbəti”ndə Məhəmməd, “Gül və Zəhərdə”də Loğman, “Qızıl zəncirlər”də Usta, “Məhəbbətin qənimi”ndə Aqil, “Memarın məhəbbəti”ndə Əcəmi, “Yeddi məhbusun şikayəti”ində Çoban, “Dərd yükü”ndə aparıcı, “Sadiq və ya Tale” povestinin motivləri əsasında “Əlmanə”də Səddaq və digər obrazları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Gəncə Dövlət Dram teatrının səhnəsində cəmiyyətdə qəbul edilən qanuni, əxlaqi, sosial və digər normalara zidd olan qəsdən təxribat, hiylə və ya təxribat, şok davranış, diqqəti cəlb etmək məqsədi ilə nümayiş etdirilən, avanqard və qismən modernist sənətə aid, ancaq “qeyri-estetik və xüsusilə, qeyri-bədii reaksiyalara” aid olan səhnə əsəri kimi epataj komediya janrında təqdim olunan Əli Əmirlinin “Kişi və Qadın” pyesinin tamaşası böyük maraqla qarşılanıb. Qeyd edim ki, tamaşaya teatrın rejissoru, xalq artisti Vaqif Şərifov quruluş verib.

Bütün zamanlar üçün aktual olan kişi və qadın münasibətlərindən, onların qarşılıqlı məhəbbətindən, bu məhəbbət fonunda əksər hallarda qaçılmaz olan ailə münaqişələrindən, sədaqət və xəyanət məsələlərindən bəhs edən, maraqlı, gözlənilməz hadisələr, komik, dramatik, bəzən də ironik vəziyyətlərlə zəngin olan pyesdə təqdim edilən mənəvi-əxlaqi prolemin rejissor, xalq artisti Vaqif Şərifov tərəfindən uğurlu həlli və quruluşdakı yüksək səhnə mədəniyyəti, peşəkarcasına işlənən dəqiq mizanlar, tamaşa boyu səslənən saksafon musiqisi teatrsevərlər tərəfindən maraqla qarşılanır. Pyesin müəllifi Əli Əmirli tamaşaya baxdıqdan sonra deyib: “Mənim yazdığım “Kişi və Qadın” Gəncə Dövlət Dram teatrında tamaşaya qoyulan ilk əsərimdir. Həmişə bu teatrda olan maraqlı kollektivlə işbirliyi qurmaq arzusunda idim. Bu barədə ilk təşəbbüs teatrın rejissoru, xalq artisti Vaqif Şərifovdan gəldi və mən bu təklifə məmnuniyyətlə hə dedim. Sonradan Vaqif Şərifov mənə telefon açıb premyeraya dəvət edəndə təəccüblənməkdən çox sevindim.Tamaşaya qoyulan əsərimin “Kişi və Qadın” olduğunu biləndə isə sevincim ikiqat artdı.Çünki bu pyes xüsusilə, sevdiyim əsərlərimdəndir.Sözügedən əsərim ilk dəfə Bakıda Dövlət Gənclər Teatrında mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda ərsəyə gəlib. Doğrusu bir az qorxum vardı. Amma elə ilk epizoddan sonra tamaşaya məmnuniyyətlə baxdım, rejissorun çox savadlı, səliqəli işindən, əsərə yeni məzmun gətirən yozumundan çox razı qaldım”.

Aktyor Ramiz Vəliyevin yaratdığı Cəmil obrazı səhnədə diqqətlə izlənilir.Onun ifasında hər zaman saf və pak ülvi bir məhəbbət hər şeydən ucadır. Aktyor səhnədə maraqlı, gözlənilməz hadisələr, komik, dramatik, bəzən də ironik vəziyyətlərlə zəngin olan mizanlardan məharətlə istifadə etməklə obrazın mahiyyətini açıb tamaşaçıya göstərilməsinə nail ola bilib. 

Teatrının səhnəsində maraqlı quruluşlardan biri də Satira poetikası, komik konflikt və xarakter baxımından zəngin olan Sabit Rəhman dramaturgiyasının maraqlı əsərlərindən sayılan

1961-ci ildə qələmə alınan “Əliqulu evlənir” pyesidir.Tamaşanın quruluşçu rejissor, respublikanın xalq artisti Məhəmməd Bürcəliyev, rəssamı, əməkdar artist Telman Əliyev, musiqi tərtibatçısı isə, xalq artisti Emin Sabitoğludur. “Əliqulu evlənir” satirik komediyası yalnız ifşa pafosu ilə deyil, xarakterin məzmunu və ictimai çəkisi baxımından da müəllifin digər komediyası olan “Toy” ilə həmahəng olaraq səsləşir, başqa sözlə desək, “Əliqulu evlənir” komediyasında biz yenə də “kərəmovçuluğ”un yeni bir məzmunu ilə qarşılaşırıq. Gülüşün eyni mövqedən səslənməsi, emosional tənqid pafosu və satirik ifşa gücünün mövqeyi məhz bu iki komediyanı bir-birinə yaxınlaşdıran başlıca amillərdən hesab oluna bilər.Müəllif tərəfindən Əliqulu satirik xarakter olaraq hazır, bütöv bir şəkildə tamaşaçıya təqdim olunmur, süjet boyu inkişaf zəminində xarakterik olaraq göstərilir.Müəllifin ideyasına və quruluşçu rejissor xalq artisti Məhəmməd Bürcəliyevin səhnə traktofkasına görə dünya ədəbiyyatından məlum olan “olum” ya “ölüm” tragik konsepsiyası “Əliqulu evlənir”də komik formada təqdim edilir. Qeyd etmək lazımdır ki, müəllif Sabit Rəhman “Əliqulu evlənir”də komedioqrafın satirik hədəfi olaraq vəzifə, karyera və şəxsi mənafeyini hər şeydən üstün tutan və idealına çevirən Əliqulu və əliquluları tanıtmaqla onları ictimaiyyətə təqdim etməklə bu cür ünsürləri daha dərindən ifşa etmək missiyasını göstərə bilib. Dünya və klassik Azərbaycan komedioqrafiyasında mövcud olan “evlənmə” priyomu məhz bu komediyada da satirik xarakterin açılması üçün əsas vasitələrdən biri kimi çıxış edir.Əliqulunun vəzifə ehtirası da məhz onun evlənmə məzhəkəsi daxilində müəllifin təqdim etdiyi sujet xəttində daha dəqiq açılır.

“Əliqulu evlənir” komediyasında əməkdar artist Ramiz Vəliyev Kamal obrazında bu cür tiplərə qarşı satirik bir formada mübarizə aparan və öz sevgisinə sədaqət göstərən bir gənc kimi təqdim olunur.Komediyada qaldırılan ictimai, əxlaqi-etik problemlər məhz əsərin konfliktini və onun əsasında duran komik mübarizəni şərtləndirir. Bu baxımdan Ramiz Vəliyevin yaratdığı Kamal obrazı konfliktin mübarizə əzmini artırır, onu daha dolğun ştrixlərlə təqdim etməyə nail olur. Aktyorun ifasında Kamal hər zaman vəzifə düşkünü olan Əliqulu kimilərinə qarşı mübarizədə daha fəaldır.Belə ki, Əliqulunun vəzifədən çıxması onun xarakterində gizlənən bütün xüsusiyyətləri üzə çıxarır.Onun xarakterinin kabinet düşkünü, vəzifə hərisi olaraq müəyyənləşməsində Kamalın da təsiri böyükdür.Komediyada qaldırılan ictimai, əxlaqi-etik problemlər məhz əsərin konfliktini və onun əsasında duran komik mübarizəni şərtləndirir. Bu baxımdan Ramiz Vəliyevin yaratdığı Kamal obrazı konfliktin mübarizə əzmini artırır, onu daha dolğun ştrixlərlə təqdim etməyə nail olur. Gəncə Dövlət Dram Teatrı üçün respublikanın əməkdar artisti Ramiz Vəliyev çox maraqlı bir personajdır.Onun şux qaməti, iti baxışları və düzgün tələffüzü bir daha böyük səhnədə məharətli aktyor ifasından xəbər verir. O, hər zaman səhnəyə çıxdıqda coşqun qəlbli bir sənətkarın teatr mədəniyyətinə valeh olmaya bilmirsən. Həm də ona sevinirsən ki, məhz elə Ramiz Vəliyev bizim öz doğma teatrımızın yetirməsidir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений