Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təhqir üzərində qazanılan “şöhrət”



Son vaxtlar bəzi gənc yazarlar klassikləri, yaxın keçmişin mübariz xalq şairlərini təhqir etməklə, aşağılamaqla gündəmə gəlirlər. Yaradıcılıqlarını ortaya qoya bilməyən, yaxud maraqsız ədəbi mətnlərini cəmiyyətə güclə sırıyan bu yazarlar tanınmağı kəsə söyüş və ya təhqirdə görürlər. Lakin çox vaxt bu onlara şöhrət yox, qınaq gətirir. Dəfələrlə müxtəlif gənc yazarlar Nizami Gəncəvi, Məhəmməd Füzulini, Cəlil Məmmədquluzadəni, Səməd Vurğunu, Xəlil Rzanı təndiq edib, onlar barədə xoşagəlməz ifadələr işlədiblər. Bu mütəfəkkirlərin yaradıcılıqları ilə yanaşı, bəzən şəxsiyyətləri də təhqir olunur. 

Bu günlərdə gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Barat Mikayıl Müşfiqi təhqir edərək onu mənasız şair və insan kimi qələmə verib. O, iddia edib ki, Mikayıl Müşfiqin bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür: “Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub. Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz. Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”, - deyə Elşad Barat qeyd edib.

Gənc şairin Mikayıl Müşfiqi belə aşağılaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu açıqlamaya qarşılıq olaraq mediada və sosial şəbəkələrdə gənc yazarın ünvanına sərt fikirlər səsləndirilib. Xatırladaq ki, zaman-zaman gənc yazarlar arasında söyüş və təhqirlərlə gündəmə gələnlər olub. Bir müddət əvvəl də gənc yazar Kəramət Böyükçöl belə bir addım atmışdı. O, Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü təhqir edərək, aşağılamışdı. Gənc yazar bu haqda öz “Facebook” profilində status paylaşaraq belə qeyd etmişdi: “Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil bədii qiraətçi-zaddır. Özü də onun barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi də doğru deyil. Hər halda mübarizəsi var idisə də, bu istedadsızlığından irəli gəlirdi. Necə? Məsələn, Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin var? Xəlil Rza KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurduğunu anlamırdı. Əksinə, KQB-yə xidmət edib gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bu necə ziyalıdır ki, başqa bir millətə az qala var-yox söyüşü söyürdü. 

Harda gördün erməni, vur başına gülləni.

Hava yaman soyuqdur, ermənilər toyuqdur.

Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam görmür ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxılacaq. Necə ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu”.
Bu fikirlərlə çıxış edən Kəramət Böyükçöl də sərt tənqidlərə tuş gəlmiş və üzr istəmişdi. 

“Ədəbi mətn kənarda qalır, şəxsiyyət müzakirə olunur” 

Gənc yazar Cəlil Cavanşir son vaxtlar ədəbiyyatda polemika mədəniyyətinin olmadığını bildirib. Onun sözlərinə görə Füzulidən - Ramiz Rövşənə qədər hər kəsi tənqid etmək mümkündür. Amma bu tənqid əsaslı, akademik və səviyyəli olmalıdır: “Klassikləri saf-çürük etmək, onlara müxtəlif prizmalardan baxmaq olar. Bu ədəbiyyatın inkişafı üçün, ədəbiyyatın gələcəyi naminə çox lazımlı və vacibdir. Ədəbi müstəvidə müzakirə, tənqid, təhlil elə ədəbiyyat sərhədləri çərçivəsində olmalıdır. Zaman-zaman klassik hesab olunan qələm adamları müzakirəyə çıxarılır və çox iyrənc bir tendensiya formalaşır. Ədəbi mətn kənarda qalır, şəxsiyyət müzakirə olunur. Bu artıq ədəbi polemika yox, küçə söhbətidir. Konkret şəxsiyyətlərə hücum, qaralama kampaniyaları ədəbiyyata heç nə qazandırmır. Bu cür nadanlıqla, yarımçıq təfəkkürlə ədəbiyyat yaratmaq absurddur. Məncə, qələm adamı tənqidlə təhqirin, azadlıqla boşboğazlığın sərhəddini dəqiq öyrənməlidir. Ümumiyyətlə, ədəbiyyatdan danışmaq üçün, hansısa polemikaya qoşulmaq üçün oxumaq, hətta çox oxumaq lazımdır. Qulaqdandolma fikirlərlə ortaya atılmaq cahillikdir. Cəhalət əsiri olan ədəbiyyatdan danışmasa, yaxşıdır. Ən önəmlisi - ədəbiyyatda toz-tozanaq qoparmaqla populyar olmaq bu epoxada mümkün deyil. Çünki yaşadığımız coğrafiyanın, ölkənin daha ciddi, daha aktual problemləri var. Avantüristlik, populizm bu şəkildə çox iyrəncdir. Çox gözəl variantlar, nümunələr var ki, bütün bunlar üçün intellekt və istedad lazımdır. Adamları öz cəhaləti və nadanlığı məhv edir, başqa heç nə...”

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений