Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təhsil Nazirliyi narahatlığı aradan qaldırdı: Diplomu tanınan xarici ölkə universitetləri ilə bağlı HƏR ŞEY



Bir neçə gün öncə mediada Təhsil Nazirliyinin adından Azərbaycanda diplomları tanınan xarici ölkələrin universitetlərinin siyahısı açıqlandı (nostrifikasiya.edu.az). Lakin bir müddət keçmədi ki, nazirlik yaydığı bu məlumatı inkar etdi. Yayılan məlumatda ölkəmizdə diplomu tanınan xarici universitetlərin adı açıqlanmışdı. 

Məlumatda diqqətçəkici məqamlardan biri də bu idi ki, siyahıda digər ixtisaslarla yanaşı tibb üzrə də fakültələr də təklif edilib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da Cebhe.info-ya açıqlamasında yayılan bu informasiyaların yalan olduğunu bildirərək qeyd edib ki, nəzərdə tutulan kreditləri ödəyən tələbələrin diplomlarının tanınmaması ümumiyyətlə müzakirə predmeti ola bilməz. C.Valehov bildirib ki, əgər ali təhsil müəssəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə, verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası həmin ölkələrin diplomunu tanıyacaq. Lakin mətbuat xidmətinin rəhbərinin daha sonrakı açıqlaması müəyyən anlaşılmazlıq yaratdı. C.Valehov bildirib ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssələrinin siyahısını əldə edə bilərsiniz. Halbuki, elə dezinformasiya adlandırılan bu məlumat da məhz həmin saytdan əldə edilmişdi. 

Yaranan anlaşılmaz vəziyyətə Təhsil Nazirliyinin Akkreditasiya və Notrifikasiya şöbəsinin informasiya şöbəsinin rəhbəri Qabil Qafarov Cebhe.info-ya açıqlamasında aydınlıq gətirib. İlk növbədə eyni adda iki sayta klikləyəndə qarşımıza çıxan fərqli siyahılara aydınlıq gətirdik. Q.Qafarov vurğulayıb ki, bu siyahı nümunə olaraq verilib: 

“Nostrifikasiya.edu.az saytında ENİC-NARİC bölməsində diplomları tanınan universitetlərin siyahısı dərc edilib. ENİC-NARİC bir beynəlxalq şəbəkədir. Onlar müxtəlif ölkələrin keyfiyyətli təhsil verən universitetlərinin adını bu siyahıda dərc edib. Bu şəbəkədə hər bir ölkə tanınan ali müəssələrinin adını daxil edib. Həmçinin də Azərbaycan tanıdığı ali təhsil müəssələrinin adını yerləşdirib. Yəni, ölkə özünün verdiyi ali təhsil haqda sənədləri tanıyırsa, avtomatik olaraq Azərbaycan da bu universitetlərin diplomlarını tanıyır”.

Q.Qafarovla həmçinin ölkəmizdə diplomları tanınmayan universitetlərə qəbulunun keçirilməsindən də danışıb: 

“ENİC-NARİC şəbəkəsində olmayan ali təhsil müəssələrinə qəbul üçün seçimlər müstəqildir. Hər hansı universitetin Bakıda da tələbə qəbulunu keçirilməsi məhdudlaşdırılmır. Bu təhsil müəssələrinin diplomlarının Azərbaycanda tanınmaması o demək deyil ki, onlar qadağan olunmuş əməklə məşğuldular. Biz sadəcə olaraq, vətəndaşlarımıza tövsiyə edirik ki, ENİC-NARİC-də yer alan universitetlərdən seçim etsinlər”.

Q.Qafarov həmçinin xarici universitetlərin verdiyi tibb diplomlarına da münasibət bildirib. O qeyd edib ki, bununla bağlı da hansısa məhdudiyyət yoxdur: 

“Təhsil Nazirliyinin belə bir qadağası yoxdur ki, əcnəbi ölkələrin tibb universitetlərinin diplomları tanınmır. Belə bir qərar yoxdur. Sadəcə olaraq belə tibb universitetlərinin qiyabi təhsili tanınmır. Bunun da bir məntiqi izahı var. Necə olar bilər ki, şəxs xaricdə qiyabi tibb təhsili alıb, ölkədə həkim kimi çalışsın. Biz ENİC-NARİC-ə daxil olan, qiyabi tibb təhsili verən universitetləri tanımırıq”. 

Q.Qafarovun sözlərinə görə, diplomları tanınmayan universitetlər sırasında MDB ölkələrinə məxsus ali təhsil müəssələri üstünlük təşkil edir. Həmsöhbətimizin sözlərinə görə, ali təhsil sənədlərinin tanınmamasında əsas məsələ saxta diplom yox, daha çox tədris normotivinə əməl edilməməsi olub: 

“Məhz bu səbəblərdən ali təhsil müəssəsinə aid olan sənəd tanınmayıb. Məsələn, şəxs rus dilini bilmirsə, bu dildə necə təhsil ala bilər? Yaxud da şəxs təhsil aldığı xarici ölkədə il ərzində cəmi 10-15 gün olub. Bu cür şəxslərin diplomları necə tanına bilər? Saxta diplomlarla bağlı isə az problemlər aşkarlanıb”. 

Qısaca olaraq sizə “Enic-Naric” haqda məlumat verək. Bu proqram Azərbaycan Respublikasınını qanunvericilik aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may, 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilən “Xarici Dövlətlərin Ali Təhsil sahəsində ixtisaslarının tanınması və ekvalentliliyinin müəyyən edilməsi qaydaları”nı, direktiv orqanların, eləcə də AR-in Təhsil Nazirliyinin əmri, sərəncam və göstərişlərini, nazirliyin kollegiya qərarlarını rəhbər tutur. Hər avropa ölkəsində “Enic” qrupu var ki, onların da böyük əksəriyyəti heç kəsə tabe olmayan müstəqil qurumlardır. Lakin bəzi ölkələrdə, eləcə də, Azərbaycanda bu qurum nazirliyə tabedir. 

Məlumat üçün qeyd edək ki, təkcə 2010-cu ildə bu sektora ərizə ilə müraciət edənlərin sayı 1160 olub ki, onlardan da 42-si peşə təhsil mərkəzlərində diplomlarının tanınması üçün müraciət edib. O vaxtdan indiyədək 218 vətəndaşın diplom işləri sektor tərəfindən baxılır. Hələlik, onlarla bağlı qərar verilməyib. 

Bir il ərzində təqdim edilən sənədlər arasında 66 qeyri-qanuni fakt aşkarlanaraq, bu diplomların tanınmaması haqda qərar verilib. 

Açıqlanan hesabatda qeyd olunub ki, Azərbaycandan xaricə təhsil üçün gedən tələbələrin əksəriyyəti sıralamaya müvafiq olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran, Misir, Ukrayna, Böyük Britaniya, ABŞ, Qazaxıstan, Şimali, Kipr, Almaniya, İraq, Belarusiya, Fransa, Macarıstan kimi ölkələrə üz tutur. Statistik məlumatlara görə, təhsil alanların əksəriyyəti, 257-si Rusiya, 199-u Türkiyə, 114-ü Gürcüstan, 55-i İran, 34-ü Ukrayna, 10-u isə Qazaxıstanda təhsil alıb. 

Daha çox Rusiya və Gürcüstan universitetlərinin diplomlarına mənfi cavab verilib. 

Son olaraq bildirək ki, şəxs müvafiq kreditləri toplayırsa və onun təhsil aldığı ölkə həmin təhsil müəsisəsinin diplomunu tanıyırsa,  ondA həmin diplomun Azərbaycanda da tanınmaması müzakirə predmeti deyil. 

http://www.enic-naric.net/azerbaijan.aspx

http://www.edu.gov.az/upload/file/HESABAT/2010/tsts-2010-hesabat.pdf 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений