Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tələbələr üçün: Dünyada 29 dəqiqə, Azərbaycanda saatlar...



Bakıda təhsil alan tələbələrin böyük bir qismi kirayə mənzillərdə yaşayırlar. Bunun isə əsas səbəbi universitetlərin tələbələri yataqxanalarla təmin edə bilməməsidir. Bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və onlar yüksək qiymətə kirayə evlərdə yaşamaqda  çətinlik çəkirlər. İllərdir ki, bölgələrimizdən, kəndlərimizdən ali təhsil almaq üçün paytaxta üz tutan tələbələrimiz və onların ailələri ciddi problemlə üzləşirlər.  Çünki universitetlərimizin bir çoxunun yataqxana sistemi demək olar ki, yox səviyyəsindədir.

Məsələn, 20 minə yaxın tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinin tələbə şəhərciyi 2013-cü ildən  etibarən tamamilə yararsız vəziyyətdədir. Şəhərciyin 3, 4, 5 saylı binaları tamam sökülüb. Məqsəd isə universitetin 2019-cu ildə keçiriləcək 100 illik yubileyinə qədər, yeni yataqxananın inşa edilməsidir. Plana görə yeni yataqxanada 5-6 min tələbənin yaşaması təmin olunacaq. Amma hələ də tikinti işlərinə başlanılmayıb. Vaxtilə Bakı Dövlət Universitetinin nəzdindəki yataqxanada məcburi köçkünlər məskunlaşmışdı ki, onlar da bir müddət əvvəl Müşfiqabad qəsəbəsinə köçürüldü. Köçürülən köçkünlərdən sonra isə bina tamamilə söküldü. Halbuki Sovet dövründə burada universitetin təxminən 7 yataqxanası var idi.

6 minə yaxın tələbəsi olan Azərbaycan Dillər Universitetinin bir yataqxanası var və orada 200 tələbənin qalması mümkündür. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 5 yataqxanası var.  Bu yataqxanaların 4-də erməni işğalı nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb. Bu yataqxanalardan birində, yəni  2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbəni yerləşdirmək mümkün olur.
Azərbaycan Tibb Universitetinin 5 yataqxanası var və bu yataqxanalarda təqribən 1000-dən yuxarı tələbə yerləşdirmək imkanı var. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  hazırda fəaliyyətdə olan 320 nəfərlik yataqxanası var. Ümumilikdə ali təhsil müəssisəsinin 7 yataqxanası var. Onlardan 6-sı sökülüb və hazırda biri qalıb. Bu ilin sentyabr ayına qədər, yəni yeni tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək. Yeni yataqxana ADNSU-nun əvvəlki yataqxanasının yerində olacaq. Qeyd edək ki, yataqxana Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin birgə layihəsidir.

Təhsil Nazirliyinin rəsmilərinin bildirdiyinə görə yaxın bir neçə il ərzində digər tələbə yataqxanalarının da tikilməsi nəzərdə tutulur.

Ekspertlərin fikrincə,  bir neçə xarici ölkənin universitetlərinin yataqxanaları ödənişli olsa da, tələbələrin sayına adekvatdır və müasir tələblərə və şəraitə uyğundur. Azərbaycandakı universitetlərin yataqxanaları isə ya yox səviyyəsindədir, mövcud olanlarinın  isə yaşayış üçün normal şəraiti yoxdur. Bu səbəbdən əsasən rayon və kəndlərdən paytaxta təhsil dalınca gələnlər kirayə evlərdə rahat qalmağa üstünlük verirlər. Halbuki tələbələr kirayədə qalmamalıdır, onların rahatlığı üçün universitet nəzdindəki yataqxanalarda münbit rahatlıq təmin olunmalıdır. Bundan əlavə bir çox universitetlərin yataqxanalarında illər öncə məcburi köçkünlər məskunlaşıb. Bu vəziyyət də yerləri məhdudlaşan yataqxanalarda tələbələrin qalma imkanını əlindən alır. Bu mənada ali təhsil müəssisələrinin yataqxanalarla bağlı problemi çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır.

Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, paytaxt Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yataqxanalarının olmaması kirayə mənzillərə tələbatı həmişə artırır: “Lakin bu tələbələrin yaşayış problemini həll etmək demək deyil. Dünya təcrübəsində qəbul edilib ki, tələbələrin yaşadığı yer ilə ali təhsil müəssisələri arasında məsafə 29 dəqiqəlik məsafədən çox olmamalıdır. Lakin bu gün 100 minlərə tələbə universitetlərdən uzaq məsafələrdə kirayədə qalır ki, bu da onların həm təhlükəsizliyinə, həm də təhsilinə ciddi şəkildə təsir göstərir. Xatırladım ki, bir müddət əvvəl Sumqayıt şəhərində təhsil alan tələbələr yol qəzasında həlak oldu. Bu kimi hallar il ərzində tez-tez təkrar olunur. Təkcə yol qəzası yox, həm də digər qəzalar, bədbəxt hadisələr nəticəsində tələbələr həlak olur. Amma onlar bir məkanda, universitetlərin yaxınlığında yerləşən yaşayış yerində, tələbə yataqxanalarında qalsalar, bu kimi bədbəxt hadisələrin sayı azalar. Bu həm də onların təhsilinin keyfiyyətinin artırılmasına təkan verə bilər. Belə ki, tələbələrin kirayə mənzillərdə bəzən ev sahibi ilə birlikdə yaşaması və oxumaq üçün normal şəraitin olmaması, onların təhsil alması üçün ciddi maneələr yaradır”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений