hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Tələbələri xaricə qaçıran ali məktəblər: QİYMƏT BAHA, KEYFİYYƏT...

Tələbələri xaricə qaçıran ali məktəblər: QİYMƏT BAHA, KEYFİYYƏT...

Azərbaycan universitetlərində təhsilin keyfiyyəti təhsil haqlarına uyğun deyil. 

Dövlət ali məktəblərində tədris alanların böyük bir qismi - 71 faizi isə ödənişli əsaslarla oxuyur. Ali məktəbə hazırlıq, daha sonra ali təhsil müddətində xərclənən vəsaitlər isə bir çox hallarda öz bəhrəsini vermir. Ali məktəbləri bitirən kadrlar ya müvafiq iş tapa, ya da iş yerində özlərini doğrulda bilmirlər. Təhsil haqları yüksək olan ali məktəblərimizdə əksər ixtisaslarda bütün potensial nəzəriyyəyə yönəlir, tələbələrə praktiki vərdişlər aşılanmır. Belə olan təqdirdə təhsil haqlarının aşağı salınması və ya ödənişsiz plan yerlərinin sayının artırılması gözlənilə bilərmi?

Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, istər dövlət, istərsə də özəl ali məktəblərdə təhsil haqları reallığa uyğun deyil: 

“Bu rəqəmlər Azərbaycanda orta əmək haqqı göstəricilərinə müvafiq deyil. Ən yüksək təhsil haqqı 6500 manatdır. Birinci qrup üzrə 84 ixtisas var. Onun 60-da orta illik təhsil haqqı 2500 manatdır.İkinci qrupda 22 ixtisas var. Onun ən azı 15-də orta illik təhsil haqqqı 2500-3000 manat arasındadır.Ən bahalı ixtisaslar III və IV qruplar üzrədir.III qrupun 27 ixtisasının təhsil haqqı 20-də ortalama 2500-4000 manatdır.Bu qrupda ödəniş haqları 6000-6500 manat olan ixtisaslar da var. IV qrup üzrə 18 ixtisas var. Orda ixtisasların böyük əksəriyyəti üzrə ödəniş haqları 3500-4000 manatdır”.

Kamran Əsədov deyir ki, dünya təcrübəsinə əsasən, dövlət təhsil müəssisələri özəl universitetlərə nisbətən ucuz olmalıdır: 

“Çünki onlara dövlət büdcəsindən dotasiya ayrılır, yardımlar edilir. Özəl universitetlərə isə dövlət tərəfindən heç bir dəstək olmadığına görə, onların xərcləri daha çoxdur.Müqayisə edəndə isə görürük ki, özəl universitetlərdə qiymətlər dövlət müəssisələri ilə müqayisədə daha ucuzdur.Bunun səbəbi isə odur ki, özəl universitetlər tələbə cəlb etmək məcburiyyətində qalırlar. Azərbaycanda isə dövlət müəssisələrinin ən aşağı ixtisaslarına daha çox üstünlük verilir, nəinki özəl ali məktəblərə”.

Təhsil eksperti Azərbaycan ali təhsil müəssisələrində hazırlanan kadrların əmək bazarının tələblərinə cavab vermədiyini deyir: 

“Hazırda 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır. Onlardan 71 faizi - təqribən 125 minə yaxını ödənişli əsaslarla oxuyur. Təhsil alan tələbələrin yalnız 42 faizi işlə təmin olunur. 58 faiz əmək bazarının tələblərinə cavab vermir.Yəni, təhsil haqqı müəyyənləşərək, universitetin laboratoriyaları, kitabxanası, yataqxanası, infrastrukturu nəzərə alınmalıdır.Bunlar nəzərə alınaraq, Azərbaycanda dövlət müəssisələrində təhsil haqları 1000 manatı, özəl universitetlərdə isə 2000 manatı keçməməlidir.Bizdə isə dəfələrlə bundan çoxdur”.

Kamran Əsədov deyir ki, buna görə, Azərbaycanın aşağı keyfiyyətli ali məktəblərində təhsil almaqdansa, qonşu dövlətlərə üz tuturlar: 

“Məsələn, gənclər ali təhsil almaq üçün reytinqi Azərbaycan universitetlərindən dəfələrlə çox olan Türkiyə ali məktəblərinə üz tuturlar. Bu ölkədə təhsil haqları 100-200, 300 manat, yataqxana xərcləri 50-100 manat civarındadır. Bizdə isə təhsil haqları 3000-4000 manat, kirayə xərcləri isə  300-400 manatdır. Keyfiyyət isə aşağıdır.Buna görə də insanlar kütləvi şəkildə xaricə gedirlər.Hazırda 15 min nəfər Türkiyədə təhsil alır. Dağıstan, Ukrayna, Avropada 39 min azərbaycanlı gənc təhsil alır. Bunlar böyük rəqəmlərdir.Bu xaricə vəsait, beyin axınıdır”.

Ekspert deyir ki, hələ də azərbaycanlı tələbələr70-80-cı illərin resurslarından istifadə edirlər: 

“Ali təhsil müəssisələri əmək bazarının tələblərinə cavab verə bilən kadr hazırlığı həyata keçirə bilmirlər, amma əvəzində təhsil haqları dünya standartlarından dəfələrlə yüksəkdir”.

Kamran Əsədov vəziyyətin dəyişəcəyini, ödənişsiz plan yerlərinin artırılacağını və ya təhsil haqlarının azaldılacağını gözləmir: 

“Amma bu, olmalıdır. Dövlət öz mövqeyini bildirməlidir. Azərbaycanda keyfiyyətsiz məhsul baha qiymətə satılır - yəni ali təhsil mövcud qiymətə uyğun deyil. Bu il ödənişsiz plan yerlərinin 10 faiz artırılması nəzərdə tutulsa da, bunun müqabilində ödənişli yerlərin də sayı artırılacaq. Çünki, ölkədə ali təhsillilərin sayı ildən-ilə artmalıdır. 

Əhalinin 17 faizi ali təhsillidir. Hər min nəfərdən 126 nəfər ali təhsillidir ki, bu da dünya standartlarından dəfələrlə aşağıdır. 10 milyon əhalinin 164 mini tələbədir.Bu 1 faiz həcmindədir, normalda isə 30 faiz olmalıdır. Finlandiya və Cənubi Koreyada 25 yaşdan yuxarı bütün insanlar ali təhsillidir. Ali təhsillilərin sayının çox olması ölkənin inkişafına aparır. Azərbaycanda isə hələ də ali təhsildə sovet idarəçilik sistemi qalıb. Universitetləri menecerlər idarə etməli, orada elmi tədqiqatlar aparılmalıdır.Azərbaycan universitetləri dünya reytinq siyahısında ilk minlikdə yoxdur.Amma təhsil haqları həmin siyahıda olan universitetlərdən dəfələrlə yuxarıdır.Bu, dəhşətli bir məqamdır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 602