Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Telefonun ilk zəngi ilə gələn ölüm 



Bu il sənsiz keçirdiyim illərə biri də əlavə olunur. Yenə may ayı gələcək və sənin yoxluğunun 13 ili tamam olacaq. Hər dəfə sənin haqqında nəsə yazmaq istəyəndə alınmayıb. Düzü yaza bilməmişəm.... Çox çətindi səni ifadə edəcək söz tapmaq, cümlə qurmaq.... Bəlkə də ona görədir ki, heç vaxt sənin haqqında yazmamışam.... Ancaq bu, səni unutduğum anlamına gəlmir. Sadəcə olaraq həmin günü- 11 may gecəsini xatırlamaq istəmirəm. İstəmirəm, amma o günü unutduğum bir an belə yoxdur. 13 il az deyil. Qohumlar, dostlar hər dəfə məni görəndə ilk sözləri sənə oxşadığımı demək olur. Bilirsən, bu, mənim üçün necə qürurvericidir? Sənə, hər zaman idealım olan birinə bənzəmək qürur verir mənə.

Deyirlər, uşaq anadan yetim qalır. Ancaq bu söz mənim üçün sadəcə təsəlli üçün yaradılmış, deyilmiş cümlədən artıq heç nə ifadə etmir. İnsan atasını da, anasını da itirəndə eyni ağrını, acını yaşayır. Sən getdiyin gün mən hələ uşaq idim... 15 yaşlı məktəbli! Ancaq mən elə həmin gün böyüdüm. Özü də bir necə dəqiqənin içində. Həyatı anlamağa və eyni zamanda nifrət etməyə başladım. Düzü, səndən də çox incimişdim. 15 yaşlı uşağın üstünə qoyduğun məsuliyyət çox ağır idi. Ancaq bir şeydən əmin idim, bilirdim ki, sənin məktəbini keçən uşaq da olsa bu məsuliyyətin də altından çıxacaq. Məni səhv başa düşmə... Mən ruhların yaşadığına inanmıram. Əgər belə bir şey olsaydı, sən hər bir halda mən çətinə düşəndə kömək edərdin. Amma etməmisən də demirəm. Çünki sənin adın mənə hər zaman qaranlıq yollarda işıq olub. Bu gün də sənin adın mənim yol yoldaşımdı

Həmişə deyirdin ki, oxu, böyük adam ol! Ancaq o zaman səni heç kim əzə bilməyəcək. Mən sənə verdiyim sözü tutdum! Oxudum! İndi işləyirəm. Azdan çoxdan tanıyırlar, hörmət edirlər. Amma sən bunların heç birini görmədim. Sənə yazılan qismət buna imkan vermədi. Hə, bir də sən mənə verdiyin sözü tutmadın. Yadımdadır,  əməliyyata girirdim. Əməliyyata girmədən öncə yanıma gəldin və dedin: “Mən heç vaxt səni tək qoymaram, burda da yanındayan, hər zaman da yanında olacağam”. Amma olmadı... Çox tez getdin… 

Səni bizdən alan əcəl isə deyəsən, çox güclü idi. Sənin bu dünyanı tərk etməyinə səbəb olan qəza 2005-ci il may ayının 11-də baş verdi. Yadımdadır, o zaman səni vurub qaçan maşını Suraxanı rayon Polis Bölməsi axtarırdı. Fuad adlı müstəntiq axtarışa rəhbərlik edirdi. Sonra necə oldusa, birdən-birə iş bağlandı... Niyə bağlandı, necə bağlandı, bu, artıq qalıb səbəbkarların vicdanına... Mənim əlimdən isə heç nə gəlmədi… 

11 may gecəsi gələn zəng... Yəqin xatırlayarsan, biz ev telefonunu 2005-ci il mayın 10-da çəkdirmişdik. Həmin gün telefonun yanında durub bütün günü zəng gözləmişdim. Axşam sən işdən evə gələndə mənə dedin ki, hələ nömrəmizi bilmirlər, ona görə heç kim zəng eləmir. Səhəri gün isə günorta vaxtlarında sən işdən evə zəng eləmişdin... Bir də o telefona elə həmin günün axşamı zəng gəldi. Zəng edən sən deyildin, amma zəng səninlə bağlı idi. Telefonda dedilər ki, səni maşın vurub. Bax, elə həmin gündən sonra hər telefona zəng gələndə həyəcanlanıram, yenə nəsə pis xəbər deyəcəklər deyə telefona cavab vermək istəmirəm.

Səninlə xatirələrim demək olar ki, yoxdur. Bəlkə də ona görədir ki, bu günə qədər sənin haqqında heç nə yazmamışam, yaza bilməmişəm. Sənsiz keçən bu 13 il mənə bir şeyi öyrətdi. Atasız da yaşamaq olur, ancaq hər zaman nəsə yarımçıq qalır. Evdə süfrənin başında oturan, səhv  edəndə yol göstərən, çətinə düşəndə güc alacağın adam olmur.... Başa düşürsən ki, atdığın addımın səhvi də, düzü də sənindir. Nə isə...

Hər şey mənasızdır... Həqiqət olan yalnız bir şey var- ölüm. Sən indi haqq dünyasındasan, mənsə yalan dünyada  gün keçirirəm... Dəyişən günlər, aylar, illərdir... Dəyişməyən isə yalnız sənin yoxluğun.... 11-05-2005. Allah sənə rəhmət eləsin, ATA...

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений