Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Terrorla mübarizə sərtləşir: Ölüm hökmü qayıdır



İsrail parlamenti (Knesset) terrorçuların ölüm cəzası barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, terror aktları təşkil etməkdə ittiham edilənlər dərhal edam olunacaq. Bunun üçün məhkəmə instansiyasına daxil olan 3 hakimdən ikisinin rəyi mütləqdir. Sənədə görə, ölüm hökmündən heç bir şikayət verilə bilməz.

İsraillə yanaşı, qonşu Türkiyədə də uzun müddətdir ki, terrorçulara qarşı ölüm hökmünün bərpası ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, məlum məsələ 2016-cı ilin iyul ayında fətullahçı terror təşkilatının - FETÖ-nün dövlət çevrilişinə cəhdindən sonra gəlib. Çevrilişin qarşısının alınmasından dərhal sonra ictimaiyyət qarşısına çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, xalqın istəyi ilə terrorçulara qarşı ölüm hökmü bərpa edilə bilər. Prezidentin təklifinə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) da dəstək gəldi. Hətta, partiya bununla bağlı parlamentə (TBMM) qanun layihəsi də təqdim edib. Layihə qəbul edilməsə də AKP hökuməti və keçən il Konstitusiyaya edilən dəyişiklikdən sonra səlahiyyətləri artırılan prezident terrorçulara qarşı ölüm hökmünün bərpa edilməsində maraqlıdır. İşin ilginc tərəfi budur ki, təklifə Türkiyə ictimaiyyətinin də böyük dəstəyi var. Azərbaycana qonşu olan digər dövlətdə - İranda da qanunvericilikdə terror fəaliyyətində olan şəxslərə qarşı edam cəzası nəzər tutulub.

Azərbaycan “terror çənbəri”ndə

Bir sıra qonşu dövlətlərdə - İran, Rusiya və Türkiyədə terror təşkilatlarının geniş fəaliyyətlərinin olduğunu nəzərə alsaq, Azərbaycan da miqyasını artıran beynəlxalq terrorizm təhlükəsindən sığortalanmayıb. Həmçinin beynəlxalq terrorizmlə mübarizə tədbirlərində fəal iştirak edən Azərbaycanın öz daxilində yaşayan vətəndaşların sıralarından da Yaxın Şərq ölkələrində (İraq, Suriya, Liviya və s.) gedən müharibələrdə iştirak edən terror təşkilatlarına (İŞİD, “Ən-Nüsra”, “Hizbullah”, “Əl-Qaidə” və s.) qoşulanlara rast gəlinir. Dövlət Təhlükəsizlik Xidməti (DTX) bununla bağlı bir neçə dəfə xəbərdarlıq edib. DTX-nın keçən ilin son aylarında keçirdiyi 3 əməliyyatın yekununda 10-a yaxın radikal qruplaşma üzvü zərərsizləşdirildi. Üstəgəl, bir neçə dəfə paytaxt Bakının müxtəlif istiqamətlərində planlaşdırılan terror aktının qarşısı alındı. Digər yandan, İŞİD, “Ən-Nüsra” və s. kimi terror təşkilatlarının sıralarında onlarla Azərbaycan vətəndaşının döyüşdüyü faktları da aşkar edilib. DTX rəisi Mədət Quliyev son açıqlamalarından birində bunu təsdiq etdi.

Terrorçulara qarşı edam cəzasının bərpası

Başqa sözlə, görünən budur ki, Azərbaycan qlobal terrorizm təhlükəsi qarşısındadır. Nəzərə alsaq ki, Şimali Qafqaz (Rusiya) İŞİD terror təşkilatının mərkəzlərindən biri sayılır, bu faktor da təhlükəsizlik tədbirlərini gücləndirmək zərurətini ortaya çıxarır. Üstəgəl, keçən ilin son aylarında Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilmiş əməliyyatda bir neçə İŞİD üzvünün zərərsizləşdirilməsi də bizi ehtiyatlı olmağa məcbur etməlidir. Bu baxımdan, Azərbaycanda terror fəaliyyətlərində olan şəxslərə qarşı ölüm hökmünün bərpa edilməsi məqbul sayılır. Hesab edilir ki, ölüm hökmünün bərpası, ölkə miqyasında terrorizmin yayılmasının və xüsusilə, gənclərin radikal qruplaşmalara qoşulma hallarının qarşısını almaq işində səmərəli ola bilər.

“Vəziyyət Türkiyədəki kimi təhlükəli deyil”

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ölüm hökmünün bərpası terrorizmin yayılmasının qarşısının alınmasında səmərəli addım olsa da bunu indiki halda gündəmə gətirmək mümkün deyil. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər buna imkan vermir:

“İndiki halda Azərbaycanda bir sıra ağır cinayət hallarına yol verən şəxslərlə bağlı ölüm hökmünü bərpa etmək mümkün deyil. Çünki bu məqamda ölüm hökmünün bərpasının Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə zidd olacağını düşünürəm. Buna görə də indi bunun mümkün olacağı real görünmür, amma gələcəkdə Azərbaycan üçün real terror təhlükəsi olarsa, bu istiqamətdə analoji addım atıla bilər. Amma indi bizim ölüm hökmü ilə bağlı Avropa Şurası qarşısında öhdəliyimiz var və şuranın üzvüyük. Buna görə də indiki halda Azərbaycanda ölüm hökmünün bərpa edilməsi, Avropa Şurasından çıxmaq deməkdir. Hesab edirəm ki, bu baxımdan bunun reallaşacağı mümkün görünmür”.

Fazil Mustafa vurğulayıb ki, hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olduğuna görə ölüm hökmünün bərpasına o qədər də ehtiyac yoxdur:

“Hesab edirəm ki, edam hökmünün bərpası terrorizmin yayılmasının və insanların radikal qruplaşmalara meyillənməsinin qarşısının alınması işində səmərəli ola bilir. Amma bir sıra dövlətlərdə ciddi terror təhlükəsi olduğuna görə belə bir addım atmaq məcburiyyətində qalıblar. Azərbaycanda isə ictimai-siyasi sabitlik var. Bu baxımdan, Azərbaycandakı terror təhlükəsi Türkiyədəki miqyasda deyil. Hesab edirəm ki, mövcud qanunvericilik də ictimai münasibətləri tənzimləməkdə maraqlıdır. Həm bu, həm də Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə görə ölüm hökmünün bərpasının gündəmə gətirilməsi real deyil”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений