Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Texnologiya Universitetində nə baş verir – Qarşılıqlı ittihamlar



Gəncə Texnologiya Universitetinin keçmiş əməkdaşı Azər Allahverdiyev prezident İlham Əliyevə müraciət edib.

Cebhe.info-nun xəbərinə görə, müraiciətdə Universitetin rektoru Akif Süleymanova qarşı ittihamlar səslənib və ölkə rəhbərliyi ciddi tədbirlər görməyə çağrılıb.

Müraciətdə bildirilir ki, Universitetdə baş verən qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Prezident Aparatına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə müraciət olunsa da, heç bir tədbir görüülmür: “Bu gün Texnologiya Universiteti  ali məktəblər  sırasında ən sonuncu yerlərdən birində dayanıb. İldən - ilə qəbul olunan tələbə sayı azalır. Bunun da səbəblər var. Universitetdə baş verənlərin mətbuatda izlənməsi, tələbələrin valideyinlərinə universitetdə baş verənləri söyləməsi, Dövlət imtahanı və Diplom müdafiəsi üçün “kurs” yaradıb, tələbələrdən bank hesabına 500 manat ödədilməsi valideyinlərdə narazılığa səbəb olur. Bir vaxtlar ölkəmizdə ən qabaqcıl təhsil müəssisələrindən biri hesab edilməsinə baxmayaraq, hal-hazıra ildə 420 - 450 nəfər tələbə ancaq qəbul olunur”.

Sabiq əməkdaşın iddiasına əsasən Akif Süleymanovun rektor təyin olunduğu müddətdən 5 il keçsə də, təhsil müəssisəsində yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib:

“Akif Süleymanov 2013-cü ildən bəri Universitetin bütün maddi – texniki bazasını məhv edib. “Müştəri Yönümlü Proqram”  adı altında Universitrtin büdcəsini çapıb - talayan bir qrup adam - Tədris işlər üzrə prorektor Vüqar İsmayılov, Elm və texnika üzrə prorektor Səbuhi Yusifov, Tədris şöbəsinin müdiri - hal-hazırda tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra edən Piri Axundov və digərləri ayda 2500 manatdan çox maaş alırlar. Universitetin büdcəsindən külli miqdarda vəsaiti 2015 ci ilin avqust ayından bu günə kimi mənimsəməkdə davam edirlər. Rektorun qanunsuz işlərinə dəstək verən Universitet əməkdaşlarının bəzilərinin də süni olaraq əlavələri bağlı qapı arxasında artırılır.

2015 ci il 31 avqust tarixli, 223 saylı ƏMR-dən açıq görünür ki, tədris işlər üzrə prorektor Vüqar İsmayılov 2445 manat, elim və texnika üzrə prorektor Sabuhi Yusifov 2494 manat, Tədris şöbəsinin  müdiri Piri Axundov 1257 manat və başqalarına yüksək əmək haqqları yazılıb. Universitetin ümumi büdcəsi gizlədilir. Universitetin ştat cədvəli və maaşlar məxvi saxlanılır. Maaş bölgüsü qeyri qanuni aparılır. Kollektivin  əsas hissəsi 120 - 250 manat əmək haqqı aldığı halda 2015 ci ilin 31 avqust ayınından təyin olunan, o zaman elmi adları belə olmayan şəxslər hal- hazırda yuxrıda yazılan əmək haqqından daha çox maaş alırlar”.

A.Allahverdiyev qeyd edir ki, Universitetdə əyani magistaturada təhsil alan bəzi tələbələr yüksək maaşla müxtəlif işlərə, o cümlədən tyutor vəzifəsinə götürülüb, hansı ki qeyd olunan tyutor vəzifəsinə peşəkar, nüfuzlu və təcrübəli müəllimlər təyin olunmalıdırlar.

Universitet müəllimi rektorun kadr islahatlarını da tənqid edir: “Rektor öz adamlarını yerləşdirmək üçün Universitetdə uzun müddət çalışan dosentləri və elmlər doktorlarını, texniki işcilərini vəzifələrindən uzaqlaşdırıb, ya da müxtəlif təzyiq vasitələrindən istifadə edərək universitetdən kənarlaşdırıb. 2013-cü ildən bu günə kimi, 30 nəfərə yaxın professor, dosent, 100 dən çox texniki işcini işdən kənarlaşıdran Akif Süleymanovu durdurmağın vaxtıdır”.

Qeyd edək ki, Azər Allahverdiyevin Texnologiya Universitetinə qarşı ittihamlar səsləndirməsi birinci dəfə deyil.

Cebhe.info ittihamlarla bağlı qarşı tərəfin mövqeyini öyrənib.

Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Rasim Əliyev öncə Azər Allahverdiyevin universtetdən kənarlaşdırıldığını bildirib:

“O, özünü müəllim kimi qələmə verir. Amma universitetdə operator vəzifəsində çalışmış bir şəxsdir. Əmək haqlarında kəskin fərq olması ilə  deyim ki, universitetdə təkcə 1-2 nəfərin əmək haqqı yüksək deyil, prorektorların, elmi dərəcəsi olan şəxslərin hamısının əmək haqqı yüksəkdir. Kafedra müdürlərinin əmək haqları 1000 manat civarındadır. Bunlar maliyyə məsələləridir, məndə əmək haqları ilə bağlı dəqiq məlumat yoxdur. Onun göndərdiyi sənədə gəldikdə isə, burada həmin il keçrilən “Müştəri Yönümlü Proqram” layihəsi ilə bağlı artımlar da əmək haqlarına əlavə olunub. Bu layihə bir neçə ay keçrilib. Həm də mən hesab etmirəm ki, biz kimin nə qədər maaş aldığını ölkə içtimaiyyətinə açıqlamalıyıq. Bununla əlaqədar olaraq lazımi qurumlar lazımi məlumatları istəyirlər, biz də onlara təqdim edirik. İstər Təhsil Nazirliyindən olsun, istərsə də yoxlamalara sılahiyyətli olan Maliyyə Nazirliyindən indiyədək bizə heç bir irad bildirilməyib, heç bir qanunsuzluq da aşkarlanmayıb”.

Dövlət imtahanı və Diplom müdafiəsi üçün “kurs” yaradıb, tələbələrdən bank hesabına 500 manat ödədilməsi ilə bağlı ittihama aydınlıq gətirən Rasim Əliyev bildirib ki, həmin kurslar Elmi Şuranın qərarı ilə yaradılıb. Onların içərisində ödənişsizlər var. Bəzilərinə kənardan mütəxəssislər dəvət olunduğuna görə onlar ödənişlidir. Amma 500 manata olan kurs yoxdur:

“Həmin kurslara görə, pul universitetin büdcəsinə ödənilib. Əgər büdcəyə pul ödənib və bunun çeki varsa necə qanunsuz ola bilər”.

Kadr siyasətinə gəldikdə,  o struktur islahatları ilə bağlı bir neçə nəfərin işdən çıxarıldığını, amma bunun heç vaxt kütləvi xarakter almadığını deyib: “Təbii ki, onların içərisində Azər kimi müəyyən pozuntulara görə işdən çıxarılanlar ola bilər”.

Rasim Əliyev Azər Allahverdiyevin işdən azad olunduğuna görə, Universitetə qarşı qərəzli olduğunu deyib: “O, məlumatları təhrif etməklə Universitetə qarşı kampaniya aparır. Çox təəssüf edirik ki, bu məlumatları araşdırmadan tirajlayırlar. Universitetin rəhbərliyinin ünvanına təhqirlər səslənir”.

Xatirə Nəsirova

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений