Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Trampın pulları onu istefaya göndərə bilər



Rusiya ilə gizli işbirliyində olaraq 2016-cı ildə keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması (impiçment) məsələsi yenidən gündəmə gəlib. Lakin Rusiya ilə gizli əlaqələrə malik olub-olmadığı sübut edilə bilməyən Tramp tamam başqa səbəbdən öz postundan uzaqlaşdırıla bilər. “Cümhuriyət” qəzeti Amerika KİV-lərinə istinadən xəbər verir ki, Donald Trampın Rusiya ilə mümkün sövdələşməyə girib-girmədiyini araşdıran xüsusi prokuror Robert Müller prezidentin maliyyə məsələləri ilə bağlı hansısa fakt tapan kimi onun prezidentliyinə son qoyulacaq. 

Amerikalı araşdırmaçı-jurnalist Maykl Vulf Tramp haqqında qələmə aldığı “Atəş və qəzəb” kitabı ilə bağlı CNBS telekanalına verdiyi müsahibədə iddia edib ki, amerikalı rəsmilər onun seçkidə qələbə qazanmaq üçün Moskva ilə sövdələşməyə girmədiyini düşünürlər. Amma Vulf hesab edir ki, təhqiqat Donald Trampın maliyyə məsələlərini araşdırmağa başlasa, bu, Amerika prezidentini öz postundan edəcək.

Trampın qarşısına çəkilən “qırmızı xətt”

Yaxın günlərdə Amerika KİV-lərində Donald Trampın Rusiya hakimiyyəti ilə gizli maliyyə sövdələşmələrinə dair iddialar yayılmışdı. Amerikalı mənbələrin iddiasına görə hələ keçən ilin dekabr ayında “Deutsche Bank” Trampın yaxın ətrafının bank məlumatlarını Rusiyanın seçkiyə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerə təqdim edib. Bundan sonra prokurorun Tramp və yaxın çevrəsinin maliyyə məsələlərini araşdırmağa başladığı bildirilir. Artıq Amerika prezidentinin istintaqa cəlb edildiyi də yayılan məlumatlar arasındadır.
ABŞ-da fəaliyyət göstərən “Nyu-York Tayms” qəzeti də Trampın maliyyə məsələlərinin araşdırılmasının onun üçün “qırmızı xətt” olacağını yazır. Qeyd edək ki, Donald Tramp hələ indiyədək ailə biznesi ilə bağlı vergi sənədlərini açmaqdan yayınır. Lakin o, bununla və Rusiya ilə hansısa sövdələşməyə getdiyi iddiasını qəbul etmir.

Keçmiş müşaviri prezidentə qarşı

Uzun müddətdir ABŞ Təhqiqatlar Bürosu (FBI) tərəfindən istintaqa cəlb edilən Trampın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Maykl Flin artıq barəsində olan ittihamları qəbul edib. O, bir neçə gün əvvəl ABŞ KİV-lərinə açıqlamasında bunu təsdiq edib və Rusiya ilə əlaqələrinin ölkəsi adına “xəyanət” olduğunu deyib və buna görə təəssüf etdiyini diqqətə çatdırıb. İstintaq araşdırmasından məlum olub ki, Flin Trampın seçki kampaniyası dönəmində Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşü barədə rəsmilərə yalnış məlumat verib. Bu vəziyyətdə onun Donald Tramp haqqında təhlükəsizlik strukturlarına hansı məlumatları verdiyi də maraq mövzusudur. Amerika KİV-lərinin iddiasına görə Maykl Flin Donald Trampın prezident seçilməmişdən əvvəl Rusiya ilə gizli əlaqəyə keçməsi barədə ona təlimat verdiyini xüsusi prokurora etiraf edib. İddiaya görə Flin bildirib ki, Tramp və Rusiya arasında rabitə əlaqəsini prezidentin keçid dönəmin komandasının yetkililəri təşkil edib. Amerikalı mənbələr onu da iddia edirlər ki, Maykl Flin artıq istintaqa cəlb edilmiş Donald Trampın əleyhinə şahidlik edəcək. Bu baxımdan, istintaqın Amerika prezidentindən də o tərəfə uzanacağına şübhə yoxdur. 

Ağ Ev başçısı istefaya gedə bilər

Əldə edilmiş son faktların da Trampı vaxtından əvvəl öz postundan məhrum edəcəyinə şübhə yeri qoymur. Ekspertlər bu acınacaqlı vəziyyətdən yayınmağa çalışan Ağ Ev rəhbərinin özünün könüllü şəkildə istefaya gedəcəyini də istisna etmirlər. 

Ağ Evin vəkili Tii Cob isə Maykl Flinin FBI-ya yalan dediyini iddia edir və onun ittihamlarının heç birinin Donald Trampla əlaqədar olmadığını açıqlayıb. O, hesab edir ki, Flinin Sergey Kislyakla görüşü barədə təlimatı ABŞ başçısı verməyib. Lakin həqiqətin nədən ibarət olmasından asılı olmayaraq, Maykl Flin barədə KİV-lərdə yayılan iddialar Donald Trampın nüfuzuna ağır zərbə vurub. Müxalifətdə olan Demokratlar Partiyası da Donald Tramp və Rusiya arasındakı gizli əlaqələrə, həmçinin onun maliyyə - vergidən yayınma məsələlərinə dair ortada kifayət qədər dəlillərin qoyulduğu və onun postundan uzaqlaşdırılaraq məhkəməyə cəlb edilməsinin qanuni olacağı qənaətindədir. Məhkəmə dosyelərini araşdıran mütəxəssislərə görə isə istintaqa Donald Trampla yanaşı, digər nüfuzlu şəxslər də cəlb edilə bilər.

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений