Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Turistlərin Azərbaycana yolu açılır - Yeni agentlik ölkəyə pul qazandıracaq?



Aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi. Bu sahədə baş verən əhəmiyyətli dəyişiklikdən biri də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tutduğu postdan kənarda qalması oldu. Əbülfəs Qarayevin yeni hökumətin tərkibində yer almamasının səbəbi onun turizm sektorundakı fəaliyyətindən dövlət başçısının narazı qalması ilə izah edilir. Prezident dəfələrlə bildirib ki, turizm qeyri-neft sektorunda prioritet sahələrdən biridir. Görünür, Azərbaycanda bu sahədə istənilən nəticəyə nail olunmayıb. 

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılsın.

Maraqlıdır, Dövlət Turizm Agentliyi bu sektoru inkişaf etdirə biləcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, Turizm Agentliyinin yaradılması onu deməyə əsas verir ki, bu sahəyə xüsusi diqqət ayrılmalıdır:

“Yeni Agentliyin Mədəniyyət Nazirliyinin tərkibində yox, ayrıca bir qurum kimi fəaliyyət göstərilməsinə aid  qərar verilib. Hələlik Agentliyin rəhbərinin kim olacağı və hansı səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məlumat yoxdur. Nazirlər Kabineti Agentliyin səlahiyyətləri ilə bağlı öz tövsiyələrini verməli, prezident də yeni qurumun əsasnaməsini təsdiqləməlidir. Burada hər şey səlahiyyətlərin nədən ibarət olmasından və Dövlət Turizm Agentliyinin konseptual məsələlərə baxışından asılı olacaq. Əgər Turizm Agentliyi köhnə qayda ilə işləyəcəksə və turizmdə dövlətin hegemonluğunu və rolunu önə çəkməyə çalışacaqsa, burda ciddi effekt olmayacaq. Amma Agentlik turizm siyasətini həyata keçirsə və maraqların idarə olunması üçün təşviq proqramları təklif edəcəksə, təbii ki, gələcəkdə ayrıca bir qurum kimi effekti ola bilər”.

Ekspert qeyd edib ki, turizm Azərbaycanda perspektivi olan sahədir:

“Son zamanlar ölkədə turistlərin sayının artması bunu sübut edir. Amma çox təəssüf ki, Azərbaycanda turist profilini hələ tam araşdıran bir mərkəz yoxdur. Yəni, Avropadan, Asiyadan, Uzaq Şərqdən, eləcə də digər ölkələrdən gələn turistlərin nə istədiyini nəzərə alan konseptual bir yanaşma yoxdur. Bütün turistlərə eyni cür yanaşılır ki, hamı gəlib Azərbaycanda lülə-kabab yeyəcək və yaxud da hansısa rayona səfər edəcək. Bu yanaşma kökündən yanlışdır. Çünki hər bir ölkənin öz turist profili və öncəlikləri var”.

Natiq Cəfərli hesab edir ki, yeni yaradılmış Agentliyin əsas vəzifəsi turizm siyasətinə elmi yanaşma gətirməkdən ibarət olmalıdır: 

“XXI əsirin turisti nə istəyir - bu suala cavab tapmalıdırlar. Son zamanlar Azərbaycanda bahalı və beşulduzlu otellərə üstünlük verilirdi. Amma XXI əsrin turist oteli bu deyil. İndi Avropadan, Amerikadan, Yaponiyadan, Çindən gələn turistlər heç vaxt 7-8 saat yatmağa görə 200-300 dollar vermək istəmir. Onlar daha ucuz və təmiz yerlərdə qalmaq istəyir və qənaət etdikləri vəsaiti mədəniyyət tədbirlərinə, tarixi abidələrə və müxtəlif əyləncələrə xərcləmək istəyir. Hesab edirəm ki, bu profillərə diqqət yetirmək lazımdır. Ölkədə 2-3 ulduzlu təmiz otellərin açılması və hostellərin genişlənməsi üçün təşviq proqramlarına ehtiyac var. Əgər Dövlət Turizm Agentliyi turizm sahəsində hegemon olmağa çalışacaqsa, heç nəyə nail ola bilməyəcək. Yox, əgər konsepsiyasını müəyyənləşdirib ədalətli hakim rolunu oynayacaqsa, təşviq proqramlarını həyata keçirdən bir mərkəzə çevriləcəksə, bu zaman təbii ki, qurumun müsbət fəaliyyətini görə bilərik”.

Y. Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений