Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Turizm cənnətinin bərbad yolları: Quba bu problemi illərdir həll edə bilmir



Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il qərarı ilə Bakı, Quba, Salyan, Qarabağ, Gəncə, Şirvan, Lənkəran vilayətləri yaradılmış, hər bir vilayət rayonlara bölünmüşdü. Quba vilayətinə Yerfi (Qonaqkənd), Dəvəçi (Şabran), Xaçmaz, Hil (Qusar), Quba rayonları daxil edilmişdi. 1959-cu ilin 4 dekabrında Qonaqkənd rayonu ləğv edilərək Quba rayonuna birləşdirildi. Rayonun mövcud olduğu otuz il ərzində əl əməyi ilə də olsa, yollar təmir edilir, çaylar üzərində körpülər salınırdı. 

Rayonun ləğv edildiyi ildən sovet hakimiyyətinin süqutunadək ötən 32 il ərzində dəfələrlə Quba-Qonaqkənd yolunun təmiri plana düşdüsə də, asfalt Təngə dərəsindən yuxarı keçmədi. Bugünkü Quba rayonu ərazisinin təxminən 60 faizini , yəni beşdə üçünü təşkil edən Qonaqkənd rayonunun ərazisi birdəfəlik unuduldu. Bu ərazidəki kənd yollarında sovet hakimiyyəti illərində heç bir əsaslı iş görülmədi. Yalnız 2-3 dağ kəndinə Qubadan marşrut açılmışdı. Qalan əhali çətinliklərə dözməli idi. Odur ki, dağ kəndləri boşalmağa başladı. Quba rayonu rəhbərliyi üçün bu ərazi rayonun göstəricilərini geri salan bir əraziyə - artıq bir yükə çevrildi. Böyük bir ərazini əhatə edən Qonaqkənd rayonu kəndlərinin heç birində qaz xətti yoxdur. 

Qaz xətti bir tərəfə dursun, Xınalıq kəndinə gedən yolu çıxmaqla qalan ərazidə asfalt yoxdur. Təngədən yuxarıda şərait baxımından geri qalan bu kəndlərə ali təhsil almış həkim, ya müəllim getmək istəmir. Dağların qovşağında yerləşən Qonaqkənd ərazisindəki kəndlərin əksərinin yolu Təngə dərəsində birləşir. Bu ərazinin Siyəzən və Şamaxıya gedən yolları isə işlək olmadığından sıradan çıxmış, elat yoluna çevrilmişdir. Qışda bəzi kəndlərə maşınla getmək çətinləşdiyindən yalnız traktorla gedilir. Bunu görən cavanlar hərbi xidmətdən sonra kəndə qayıtmırlar. Müasir dövrdə abad yol inkişafdır. Bu dağ kəndlərinə rahat yol olmaması ucbatından bu əraziyə turistlər, dilçilər, tarixçilər, ümumiyyətlə, tədqiqatçılar üz tutmurlar. 1980-ci illərədək bu kəndlərin qədim tarixə malik xalçaçılığının sorağı bir sıra xarici ölkələrdən gəlirdi. Az qala hər bir kəndlinin adına xalça çeşnisi olan bu kəndlərdə xalçaçılıq ömrünü başa vurmaq üzrədir. Məhşur Qonaqkənd “Qumaş” xalça fabriki isə xatirələrdə yaşayır. Qonaqkəndin Xaltan, Dəhnə, Cimi istisuları var. Xaltan ərazisində istirahət mərkəzi ola biləcək yerlər çoxdur. Qonaqkənd meşələri taxta emalı üçün yararlıdır. Quba ərazisindəki çayların başlanğıcı bu dağlardadır. Bu ərazilər qum-çınqılla zəngindir. Yatağı qalxdığından Qonaqkənq üçün təhlükəyə çevrilmiş çayın qovşağında asfalt zavodu olarsa, xammal üçün uzağa gedilməz, məsələ də bununla həll ola bilər.

Yol sevinci

2003-cü ildən sonra ölkəmizdə yüksəliş başladı. Azərbaycanımızın ağır keçən qışı qurtardı, hər tərəfə bahar gəlirdi. Keçmiş Qonaqkənd rayonunun ən ucqar kəndlərindən biri olan Xınalığa yol çəkilişi bu illərdə başladı. Baharın gəlişi bu dağların illərlə sirinsimiş buzunu əridirdi. 2006-cı ildə keçilməz dağların arası ilə yeni çəkilmiş asfalt yolla prezidentin Xınalığa gəlişi təkcə Xınalıqlılar üçün deyil, Qonaqkənd rayonu ərazisindəki bu dağ kəndlərində ümidini üzməyib yaşayan əhali üçün də heç vaxt unuda bilməyəcəkləri böyük hadisə idi. Bu yol dağ kəndləri üçün Təngə dərəsindən üstün ikinci giriş oldu. Bu günlərdə isə rayonumuzda yol strukturu ilə bağlı yadda qalan bir hadisənin şahidi olduq. Rustov kəndini qonşu kəndlərlə birləşdirən yollar təmir olunmuş, asfalt döşənmişdir. Prezident bu yolların açılışını da qeyd elədi. 

Həzrət babaya gedən yol 

Ötən ildən Azərbaycanın ən yüksəkdə olan (3629m) ziyarətgahına - Həzrət babaya gedən yolun keçdiyi Yerfi kəndinə qədərki yolda cari təmir aparılmışdır. Hər il yay aylarında Vətənimizin ən uca ziyarətgahına - Baba dağının zirvəsindəki Həzrət babaya yüzlərlə insan gəlir. Həcc ziyarətinə imkanı olmayanların yeddi il ardıcıl olmaqla Həzrət babaya ziyarətinin savabını - mənəvi təmizlənməsini Həcc ziyarətinin savabına bərabər tutmaları bu ziyarətgahın yüksək məqamından xəbər verir. 

Qış aylarında xarici turistlərin Babadağına ova, yayda isə ətraf rayonların sakinlərinin Həzrət babaya ziyarətə gəldikləri yolun düzəlməsi, asfaltlanması bu yerlərə yeni bir turizm marşrutunun açılmasına səbəb olar. Əsrlərlə insanların gəlişini gözləyən Söhüb mağarası, Söhüb qalası, Yeddilər qalası sanki yenidən kəşf olunar.

Quba Azərbaycanın ən böyük rayonudur. Şübhəsiz ki, ərazisi böyük olan rayonun yol çətinlikləri də çox olar. Ərazisinin çox  hissəsi dağlıq olanda isə problemlərin çoxluğu qaçılmazdır. 
Yeri gəlmişkən, qeyd edim ki, rayonumuza gələn turistlərin və yerli əhalinin Təngəaltı, Qonaqkənd ərazisinə gediş-gəlişini asanlaşdırmaq məqsədilə Bakı yolundan açılan Çiçi-Təngəaltı yoluna yaxın illərdə asfalt döşənsə, rayonumuzun turizm xəritəsində yenilik olar. 

Artıq istər Xınalıq yolu, istərsə də Rustov-Xanəgah yolu rayonumuza gələn turistlərin istirahət yerləridir. Ümidvarıq ki, Quba rayonunun növbəti turizm marşrutu respublikamızın şimal zonasının etiqad etdiyi Həzrət babaya gedən yol olacaq.

Tahir Həsənli,
Quba rayonu, Yerfi kəndi








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений