Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Türkiyə-ABŞ qarşıdurması PİK HƏDDƏ 



Türkiyə ilə ABŞ arasındakı siyasi gərginliyin aşağı salınması istiqamətində aparılan danışıqlar nəticəsiz başa çatıb. Hətta rəsmi Vaşinqton Türkiyəyə qarşı viza qadağasını daha da sərtləşdirib. Viza böhranı ilə bağlı danışıqları davam etdirmək üçün ABŞ-a yola çıxmağa hazırlaşan Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə Birləşmiş Ştatlar hökuməti viza verməkdən rəsmən imtina edib: "Rəsmi VaşinqtonTürkiyə Ədliyyə Nazirliyinin 5 nəfərdən ibarət nümayəndə heyətinə niyə viza verilməməsinin səbəbini açıqlamasa da, 5 diplomata viza ilə bağlı konkret rədd cavabı verilib". 

Xatırladaq ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza qadağası qoyub. Buna səbəb Türkiyə hüquq-mühafizə orqanlarının ABŞ-ın İstanbul baş konsulluğunun əməkdaşı Metin Toppuzu FETÖ terror təşkilatı ilə gizli əlaqədə ittiham edərək həbs etməsi olub. ABŞ-ın Metin Toppuzu azadlığa buraxmaq tələblərinə Türkiyə rəhbərliyi rədd cavabı verib. Hətta rəsmi Ankara da cavab addımı kimi ABŞ vətəndaşlarına viza verilməsini qadağan edib. Tərəflərin yaranmış narazılığı aradan qaldırmaq üçün ortaq komitə yaratmaq cəhdi də gərginliyi yumşalda bilməyib. 

Oktyabrın 15-də Türkiyə barışıq mesajı olaraq ABŞ-dan Bodruma turist gətirən iki gəminin sahilə yan almasına icazə vermişdi. Hətta Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi viza qadağasının amerikalı turistlərə şamil edilməyəcəyini bildirib. Ancaq Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarına viza sanksiyalarının tətbiqindən sonra Ərdoğan iqtidarının daha sərt cavab addımları atacağı istisna olunmur. 

Siyasi ekspertlərin fikrincə, iki müttəfiq NATO ölkəsi arasında diplomatik münasibətlərin böhran həddinə çatması xoşagəlməz hadisədir. Ona görə də vəziyyətin gərginləşməsi tərəflərdən heç birinin maraqlarına cavab vermir.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə və ABŞ viza qadağaları ilə bağlı məsələni həll etmək üçün beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, konsensusa gəlməlidir: "ABŞ qoluzorlu davranış nümayiş etdirir. Bunun qarşılığında da Türkiyə prezidenti kəskin ritorik çıxışlar edir və Birləşmiş Ştatların ünvanına tənqidlər yağdırır. Bəzən bu tənqidlər "qırmızı xətti" keçir. Hesab edirəm ki, bir qədər mülayim davranmaq və kəskin bəyanatları dayandırmaq lazımdır. Bir sıra məsələlərin şərhini orta məmur təbəqəsinin öhdəsinə buraxmaq daha düzgün olar. Yəni dövlətlər arasında sakitlik və qarşılıqlı etimad mühitinin yaradılmasına çalışmaq lazımdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşdıqda, hər iki tərəf bir-birinə güzəştə getməli, ortaq məxrəcə gəlməlidir. Türkiyə uzun illər ABŞ-ın yanında yer alıb və onun vazkeçilməz müttəfiqi olub. Ona görə də Amerika ilə qarşıdurmaya getməyə ehtiyac yoxdur. Məncə, ABŞ-la anlaşmaya nail olmaq o qədər də çətin deyil. NATO üzvü olan Türkiyə ABŞ-la münasibətləri normal saxlamağı bacarmalıdır".

Qeyd edək ki, FETÖ təşkilatının rəhbəri Fətullah Gülənin ekstradisiyasına dair hüquqi faktların ABŞ məhkəməsinə təqdim olunması ilə Türkiyənin Ədliyyə Nazirliyi məşğul olur. Ədliyyə Nazirliyinin nümayəndə heyətinin ABŞ-a buraxılmaması Fətullah Gülənin Türkiyəyə təslim edilməsi ilə bağlı Ərdoğan hakimiyyətinin apardığı danışıqlara zərbə vurur. Bu isə Pensilvaniya ştatında yaşayan Gülənin ekstradisiyası prosesinin baş tutmayacağını deməyə əsas verir. 

Qabil Hüseynlinin fikrincə, ABŞ viza qadağası tətbiq etməsə belə, F.Güləni Türkiyəyə təslim etməyəcək: "Amerika Fətullah Gülənin ekstradisiyası üçün hüquqi dəlil tələb edir. Bu, siyasətçilərin danışıqları ilə həll edilmir. Ekstradisiya barədə prokurorluğa təqdim edilən sənədlər Amerika tərəfini qane etmir. Onlar bildirir ki, bu hüquqi dəlil səviyyəsində deyil və Türkiyənin təqdim etdiyi sənədləri kənara qoyurlar. Bu problemi həll etmək üçün tutarlı hüquqi sübutlar olmalıdır. Bütövlükdə isə bu gün Türkiyədə daxili siyasi münasibətlər gərilmiş vəziyyətdədir. Ölkə əhalisinin başından siyasi bəyanatlar, təbliğat yağdırılır. Hadisələrin mahiyyəti şişirdilir. Türkiyədə ictimai-siyasi atmosfer siyasətçilərin, medianın yaratdığı bəzən süni surətdə formalaşdırdığı gündəm hesabına çox hərarətlidir. Bu hərarəti aşağı salan addımlar atılmalı, gərginlik aradan qaldırılmalıdır".

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений