Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Türkiyə Qarabağ danışıqlarına qoşulur: Ankaranın aktivliyi Moskvanın mövqeyini dəyişə bilər



Türkiyə və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. O, görüşün yaxın günlərdə baş tutacağını açıqlayıb. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirmişdi. Ərdoğan deyib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırır. 

Ərdoğandan Putinə Qarabağ mesajı

Noyabr ayının 2-də verdiyi açıqlamada isə Ərdoğan Qarabağ münaqişəsi ilə bağlı inamlı danışdı. O, münaqişənin həllinin Putindən asılı olduğunu bildirərək, onunla görüşdə bununla bağlı müəyyən anlaşmanın əldə ediləcəyinin mesajını da verdi:

“Dağlıq Qarabağ məsələsində biz gələcəkdə də Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcəyik. Münaqişənin müvafiq həlli üçün səylərimi əsirgəməyəcəyəm”.

Türkiyənin vasitəçilik cəhdləri

ATƏT-in Minsk qrupunun Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həlli ilə əlaqədar 23 illik nəticəsiz cəhdlərindən sonra artıq diplomatik səviyyələrdə qrupun formatında dəyişiklik edilməsi təklifləri gündəmə gəlib. Bir neçə dəfə Azərbaycan tərəfindən bununla bağlı rəsmi səviyyələrdə xərbərdarlıqlar edilib. Lakin bir sıra regional münaqişələrlə bağlı təcrübələr baxımından, bu kimi formatlar konfliktlərin həlli üçün o qədər də uğurlu hesab edilmir. Buna görə Türkiyənin münaqişənin həlli üçün etdiyi son təklif (Türkiyə - Rusiya - Azərbaycan - Ermənistan formatı) tərəflərin maraqlarına uyğun hesab edilir. 

Analitiklərə görə yüksələn xətt üzrə inkişaf edən Türkiyə - Rusiya münasibətləri, o cümlədən, tərəflərin bir sıra regional məsələlərdə üst-üstə düşən maraqları Qarabağ münaqişəsinin həllini də sürətləndirə bilər. Ehtimal olunur ki, soyuyan Qərb - Türkiyə, Qərb - Rusiya münasibətləri fonunda Qərbi bölgədə sıxışdırmaq üçün digər regional münaqişələr kimi Qarabağ probleminin həlli zərurətini yarada bilər. Regionda Qərbə qarşı güclənən Rusiya - İran - Türkiyə əməkdaşlığı artıq Suriya böhranının həllini də sürətləndirir. Suriyada Amerikanı məğlub edən Rusiya bölgədə öz üstünlüyünü təmin edib. Bu baxımdan Dağlıq Qarabağ probleminin həlli Türkiyə, İran və Rusiyanın bölgədə Qərbə qarşı yaratdıqları “blok”un maraqlarına uyğun ola bilər.

“Ərdoğanın cəhdləri effekt verə bilər”

Politoloq Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya - Türkiyə münasibətləri hazırkı vəziyyətdə kifayət qədər yüksək səviyyədədir. E.Mirzəbəylinin sözlərinə görə, bu münasibətlərin nə vaxtadək davam edəcəyini müəyyənləşdirmək mümkün deyil, amma hər iki tərəf dövlətlərarası münasibətləri inkişaf etdirməyə çalışır:

“Bu baxımdan hesab edirəm ki, Ərdoğanın Qarabağ münaqişəsi ilə bağlı cəhdləri müəyyən qədər effekt verə bilər. Buna Ermənistan - Türkiyə münasibətlərini nümunə göstərmək olar. Məlumdur ki, bu iki ölkə arasında münasibətlərin dondurulmasının əsas səbəbi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətidir. Amma hər kəsə bəllidir ki, Ermənistan münaqişənin həllində prinsipial rola malik olan ölkə deyil. Ərdoğanın da qeyd etdiyi kimi münaqişənin həlli Rusiyanın əlindədir. Rusiya istənilən halda Ermənistanı əraziləri Azərbaycana qaytarmağa məcbur edə bilər. Düşünürəm ki, Türkiyənin münaqişənin həll prosesində oynadığı rol müəyyən nəticələr verə bilər. Amma bunun hansı formada olacağını indiki şəraitdə demək çətindir”.

“Qarabağ ətrafında yeni dönəm başlayır”

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Türkiyənin Qarabağ danışıqlarına aktiv formada qoşulması, prosesin gedişatını sürətləndirə bilər. Politoloq hesab edir ki, bu, həmçinin beynəlxalq səviyyədə Azərbaycanın mövqeyinin dəstəklənməsi üçün münbit zəmin yaradır:

“Ərdoğanın Qarabağla bağlı verdiyi son açıqlama da o ehtimalı yaradır ki, Ankara Moskva ilə Qarabağ danışıqlarına hazırlaşır. Hesab etmək olar ki, nəticəsiz danışıqlardan imtina edilir və münaqişə ətrafında Türkiyə və Rusiya arasında ciddi danışıqlar dönəmi başlayır. Bunu münaqişənin həll prosesində yeni mərhələ hesab etmək olar. Bu, yeni keyfiyyətlərin ortaya çıxmasına zəmin yaradacaq. Türkiyə - Rusiya münasibətləri də görülməmiş xətt üzrə inkişaf edir. Bu baxımdan münasibətlər özündə ittifaq perspektivi daşıyır. Geosiyasi proseslərin indiki mərhələsində Rusiya və Türkiyənin maraqları da üst-üsə düşür. Hər iki dövlət region üçün əhəmiyyətli olan mövzularda vasitəçi kimi çıxış edirlər. Hiss olunur ki, bu baxımdan qarşılıqlı güzəştlər də var. Artıq Suriya məsələsində tərəflər arasında müəyyən anlaşma mövcuddur. Ümid edirik ki, belə qarşılıqlı anlaşma Qarabağ münaqişəsi üçün də keçərli olacaq”.

Zaur İbrahimlinin sözlərinə görə, Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi üzərində aktiv çalışması, Ermənistan üçün də müəyyən variantların təklif olunması, Azərbaycanın şərtlərini yerinə yetirəcəyi təqdirdə Ermənistanın blokadadan çıxarılması ermənilər üçün də müəyyən inkişaf şəraiti yaradacaq:

“Düşünürəm ki, Rusiya - Türkiyə münasibətlərinin inkişaf etməsi, Azərbaycanın iştirakı ilə bölgədə iri layihələrin reallaşdırılması Moskvanın indiyədək Qarabağla bağlı tutduğu mövqenin dəyişməsinə səbəb ola bilər. Artıq bu, hiss ediləcək dərəcədə görünür. Başqa sözlə, Türkiyənin bu cəhdləri Moskvanın bu mövqeyini daha da gücləndirə bilər”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений