Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə Suriyada təklənib



Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriya siyasəti Türkiyənin narazılığına səbəb olub. Belə ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG üzvləri təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır. Bununla bağlı ABŞ-ın rəhbərlik etdiyi koalisiya açıqlama yayıb.Açıqlamada bildirilib ki, bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır.

ABŞ-ın verdiyi qərara Türkiyə Xarici İşlər Nazirliyi sərt reaksiya verib.“Cümhuriyət” qəzeti xəbər verir ki, Türkiyə xarici siyasət idarəsi sözügedən xəbərin nə dərəcədə doğru olduğunu araşdırmaq üçün ABŞ-ın Türkiyədəki səfirindən izahat tələb edib.Türkiyə XİN-i yayımladığı rəsmi açıqlamada ABŞ-ın bu qərarını qınadıqlarını bəyan edib.Türkiyə rəsmiləri isə ölkənin təhlükəsizliyi və Suriyanın bütövlüyü ilə bağlı yaranan hər hansı bir təhlükənin qarşısını almaqda qərarlı olduqlarını bəyan ediblər.

Maraqlıdır, ABŞ kürdlərdən ibarət ordunu niyə yaradır?Bu ABŞ-Türkiyə münasibətinə necə təsir göstərəcək?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu iki dövlət arasında münasibətləri daha da gərginləşdirəcək:

“Suriya böhranı baş verəndən bəri, ABŞ və Rusiya Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək üçün geosiyasi mübarizəyə başladı. Bu geosiyasi mübarizə Suriyada davam etdiyindən Türkiyə də qonşu ölkə olaraq, bu problemdən kənarda qala bilməzdi.ABŞ-ın Şimali Suriyada Türkiyə əleyhinə PKK terror təşkilatının qolu YPG kürd terrorçularına ilk əvvəldən dəstək verməsi və silahlandırması, NATO müttəfiqi olan iki ölkə arasında dərin siyasi böhrana səbəb olub.Bundan sonra, ABŞ-la Türkiyə arasında Suriya münaqişəsində ortaq məxrəc yaranması real görünmür.Qeyd edim ki, ABŞ-ın Türkiyə əleyhinə YPG terror təşkilatını yüz tonlarla silahlandırması, regionda yeni müharibə riskini artırır.

ABŞ-ın Suriyada Türkiyə ilə koordinasiya siyasəti aparmaması rəsmi Ankaranın Rusiya ilə yaxınlaşmasını şərtləndirdi.İŞİD-ə qarşı mübarizə və Suriyada atəşkəs zonalarının təyin edilməsi Astana prosesində Türkiyə-Rusiya və İran formatının uğurlu siyasi gedişi oldu.Hazırda Suriyada İŞİD məğlub edilib.Türkiyənin dəstəklədiyi İdlib regionunda Azad Suriya Ordusu və müəyyən silahlı qruplar var. Bu silahlı qruplar Əsədə qarşı silahlı müxalifətdədi və onların məğlub edilməsi, Moskva üçün əsas prioritetdir.İŞİD və yaxud hər hansı sivil silahlı müxalifət, Rusiya üçün Əsədə qarşı bütün silahlılar eynidir”.

Politoloq həmçinin bildirib ki, Rusiya və Suriyanın planı İdlibdə Türkiyənin dəstəklədiyi silahlı müxalifəti sıradan çıxartmaqdır:

“Moskva Əsədə qarşı heç bir silahlı qrupu mövcudluğunu qəbul etməyəcək. Rusiyanın siyasəti İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qrupların sıradan çıxarılmasına hesablanıb.Suriya qoşunlarının və Rusiyanın aviasiyasının İdlibdə silahlı qrupları vurması Ankara-Moskva əlaqələrində yenidən problemlərə yol açır.Ərdoğanın Əsədi qəbul etməməsi və İdlibdə silahlı qrupların istənilən vaxt Suriya hakimiyyətinə qarşı silahlı müharibəyə başlamaq ehtimalı Rusiyanı narahat edən məqamlardandı.Artıq, Ərdoğanın Suriya siyasəti Putinin maraqlarına cavab vermir.Göründüyü kimi, Ankara, Vaşinqton və Moskva ilə Suriyada toqquşur.Türkiyə silahlı qüvvələrinin Afrində ABŞ-ın dəstəklədiyi YPG terrorçularını topla vurması yeni hərbi əməliyyatlardan xəbər verir.Şimali Suriyada, Afrində güclənən YPG terrorçuları müasir silahlarla Türkiyəni təhdid edir.Ankara Afrin əməliyyatlarına başlasa, YPG terrorçuları müasir ABŞ silahları ilə Türkiyə ordusuna ciddi şəkildə təzyiq göstərə bilər ki, bu da şiddətli döyüşlərin başlanmasına səbəb olar.Təbii ki, burada ABŞ-ın siyasəti həlledicidir.ABŞ YPG-ni türk silahlı qüvvələri ilə döyüşə göndərərsə, bu ABŞ-Türkiyə arasında münasibətlər daha da gərginləşəcək.Göründüyü kimi, Türkiyə Suriyada yalnız qalıb.Əgər, Türkiyə Afrini terrorçulardan təmizləsə, Türkiyənin regional gücünə qatqı verəcək.PKK terror təşkilatına ciddi zərbə vurulacaq”.

M.Əsədullazadə sonda vurğulayıb ki, ABŞ-ın formalaşdıracağı 30 minlik "ordu"nun hədəfi Şimali Suriyada kürd muxtariyyəti yaratmaq və Türkiyəni hədəfdə saxlamaqdır: “Türkiyə "İdlib" əməliyyatına başlayarsa kürd muxtariyyətinin yaranmasının qarşısını ala bilər. Təəssüf ki, Ankaranın YPG siyasətinə Rusiya və İran dəstək vermir.Bununla da Suriya üzrə Astana formatı getdikcə fiaskoya uğrayır”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений