Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə üçün “Ecevit ssenarisi”?



Vüqar Zifəroğlu: “Qərb  özü də istəmədən insanların Ərdoğanın ətrafında birləşməsinə şərait yaratdı”

Bir aydan sonra Türkiyədə növbədəkənar prezident  seçkiləri  keçiriləcək. Siyasi ekspertlərin proqnozlarına görə, səsvermə prosesinin nəticələri  hazırkı prezident Rəcəb Tayib Ərdoğanın şanslarının yüksək olduğunu göstərir. Buna baxmayaraq, son vaxtlar ölkədə artan iqtisadi problemlər seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının namizədinin əleyhinə işləyən amilə çevrilə bilər. Müxalifət yaranmış vəziyyətdən həm təşviqat kampaniyasında, həm də  səsvermə  zamanı protest elektoratın dəstəyini almaq üçün faydalanmağa çalışacaq.

Axır vaxtlar Türkiyə lirəsinin ABŞ dollarına və avroya nisbətdə məzənnədən düşməsi  Ərdoğan iqtidarını tənqid edən ciddi arqumentlərdən birinə çevrilib.  Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Muharrem İncə Ərzincanda seçicilərlə görüşü zamanı bəyan edib edib ki, valyuta məzənnəsinin artması  inflyasiya və daha yüksək faiz dərəcəsi şəklində Türkiyə iqtisadiyyatına geri dönəcək. O, yaranmış vəziyyətə  görə prezident Ərdoğanın iqtisadi siyasətini tənqid edib.

İyi Partiyanın sədri, prezidentliyə namizəd Meral Akşener isə İspartada keçirdiyi mitinqdə Türkiyədə işsizliyin 10 milyon nəfərə çatdığını, onların 26 faizini gənclər, 36 faizini isə qadınlar təşkil etdiyini deyib.

Bir sıra müşahidəçilər isə hesab edir ki, iqtisadi risklərin yüksək olmasına baxmayaraq, siyasi amillər R.T.Ərdoğanın qələbə imkanlarını daha çox təmin edə bilər.

Məsələni cebhe.info-ya şərh edən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri  Vüqar Zifəroğlunun sözlərinə görə, hazırda Türkiyədə yaranmış iqtisadi problemlərin səbəbi Ərdoğan hakimiyyəti ilə Qərb arasındakı gərginliklə bağlıdır. Prezident Ərdoğan isə bundan seçki kampaniyasında istifadə edərək qələbəsini təmin edə bilər: “Unutmaq olmaz ki, iqtisadiyyat siyasi nəticələr doğurur. Türkiyənin fəal iqtisadi siyasət həyata keçirməsinə cavab olaraq, bu gün onu sıxmağa çalışırlar. Lirənin dəyərini itirməsi, Quzey Kipr Türk Cümhuriyyətinin məcbur olub lirədən imtina etməsi ilə bağlı qərar Qərbin Türkiyəyə qarşı iqtisadi təzyiqlərinin işə düşdüyünü  göstərir. 

Bu, seçkilərdə öz təsirini göstərə bilər. Amma iqtisadi proseslər siyasi nöqteyi-nəzərdən hazırkı hökumətin xeyrinə işləyir. Çünki hazırda Türkiyə cəmiyyətində hər kəs yaxşı başa düşür ki, bu iqtisadi təzyiqlər Türkiyənin Yaxın Şərqdəki fəallığı və müstəqil siyasəti ilə bağlıdır. Yəni Türkiyəyə bu şəkildə təzyiq etməklə, onu bu xətdən daşındırmaq istəyirlər. Türkiyəyə bu formada öz şərtlərini qəbul etdirməyə çalışırlar. Bu isə hazırkı iqtidarın təbliğatı üçün yaxşı bir vasitədir. Demək olar ki, Qərb dairələri özləri də istəmədən insanların Ərdoğanın  ətrafında birləşməsinə şərait yaratdılar. Son illər iqtisadiyyatda ciddi irəliləyiş var idi. Amma müəyyən təsir vasirtələrinin işə salınması ilə lirə dəyərdən düşməyə başladı”.

Ekspert bildirdi ki, müxalifətin aksiyalarında iştirak edən protest elektoratın mövqeyi daha çox ideoloji fikir ayrılığından qaynaqlanır. Bu yalnız iqtisadi amillərlə bağlı deyil: “Uzun müddət idi ki, Türkiyənin siyasi palitrasında sağ mərkəz boşluğu var idi və AKP bundan istifadə edərək  seçkidən-seçkiyə qələbə ilə gedirdi.  İyi Partiya bu boşluğu doldurmaq məqsədilə yaradıldı və ciddi bir siyasi qüvvə olaraq meydana çıxdı. CXP  də ana müxalifət partiyası olaraq hər zaman iqtidara ciddi alternativ siyasi-ideoloji  xətt ortaya qoyub. Ona görə də demək olmaz ki, mitinqlərdə iştirak edənlər hakimiyyətin iqtisadi siyasətindən narazı olanlardır”.

“Türkiyədə çoxsaylı dini cameənin  Rəcəb Tayyib Ərdoğana dəstəyi  seçkilərin nəticələrinə nə qədər təsir göstərə bilər” sualına V.Zifəroğlu belə cavab verdi: “AKP-nin qurulmasında siyasi islam amili mühüm rol oynayıb. İndi də dini elektorat kifayət qədər fəaldır. Ancaq bu elektoratın yekcins olmadığını da söyləyə bilərik. Fətullahçılara münasibətdə fikir ayrılığının ortaya çıxması Türkiyənin daxilində müəyyən mövqe ayrılıqlarına, parçalanmalara səbəb oldu.  Bu mənada, İyi Partiyanın özü də dini elektoratdan uzaq deyil. Ona görə də dini elektoratın parçalanmış durumda olduğunu söyləyə bilərik. Bu milliyyətçi cameəyə də aiddir. Milliyyətçi Hərəkat Partiyasının AKP-nin namizədini dəstəkləməsi bütün millətçilərin Ərdoğana səs verəcəyi anlamına gəlmir. Bu baxımdan, sağ düşərgədə bölünmə müşahidə olunur”.

Şərqşünas onu da vurğuladı ki, Türkiyə vətəndaşlığı almış  və seçkilərdə səsvermə hüququ qazanmış suriyalı qaçqınların səsvermədə iştirakı ümumi nəticələrə təsir göstərəcək qədər güclü deyil. Bu isə Türkiyə elektoratının  seçkilərdə fəal olması ilə bağlıdır. Bu aktivliyin fonunda Suriya qaçqınlarının səsverməyə qatılması yekun göstəriciləri dəyişəcək qədər güclü deyil.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений