Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyədə əmlak: Böyük dalğanın arxasında nə dayanır? 



Türkiyədən ev alan azərbaycanlıların sayı durmadan artır. Türkiyə Statistika Təşkilatı yanvar ayında ölkə üzrə daşınmaz əmlak satışı ilə bağlı rəqəmləri açıqlayıb. Məlum olub ki, yanvar ayında ölkə üzrə 97 min daşınmaz əmlak satışı reallaşdırılıb. Bu rəqəm ötən ilin dekabr ayı ilə müqayisədə 27 faiz azalıb. 2017-ci ilin yanvar ayına nisbətdə isə 2018-ci ilin yanvarında əmlak satışı 1,7 faiz artıb. 

Ötən ay əcnəbilər Türkiyədən 1 760 mənzil satın alıb. İraq vətəndaşları 272, Səudiyyə Ərəbistanı vətəndaşları 160, Əfqanıstan vətəndaşları 124, Rusiya vətəndaşları 121, Küveyt vətəndaşları isə 108 daşınmaz əmlak əldə ediblər. Azərbaycanlılar qonşu dövlətdən 65 mənzil alıblar. Hansı ki, bu rəqəm 2017-ci ilin yanvarında 54 mənzil təşkil edib. Azərbaycanlılar Türkiyədə 2016-cı ildə 610, 2017-ci ildə isə 942 mənzil alıblar. Qeyd edək ki, azərbaycanlılar Türkiyədən ev alan əcnəbilərin siyahısında 13-cü sırada qərarlaşıblar.

Maraqlıdır, azərbaycanlılar əmlak almaq üçün qonşu ölkəyə niyə üz tutur? 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, qış ayları daşınmaz əmlak bazarında aktiv dövrdür:

“Qış aylarında daha çox mənzil alanlar iki səbəbdən buna üstünlük verirlər. Birincisi, ona görə ki, həmin dövrdə qiymət başqa dövrlərə nisbətən daha ucuz olur. İkincisi isə hər halda xərclərin müəyyən qədər az olması və optimallaşdırılması baxımından alqı-satqı əməliyyatlarının aparılmasına üstünlük verirlər. Qarşıdakı aylarda Türkiyədə azərbaycanlıların ev alması məsələsi ilə bağlı statistikanın artacağını deyə bilmərəm. Amma hesab etmirəm ki, ciddi, əhəmiyyətli artım qeydə alınıb. Ümumiyyətlə, istər Azərbaycana, istərsə də Azərbaycandan kənarda daşınmaz əmlaka pul artımı axını turizmin inkişafı ilə bilavasitə bağlıdır. Azərbaycanlıların əsasən turist kimi xaricə üz tutduqdan sonra mənzil alqı-satqısı artmağa başladı. Eyni zamanda, xaricdən Azərbaycana turist axını artdıqdan sonra xarici vətəndaşların ölkəmizdə mənzil alması getdikcə artdı. Səbəblər sadəcə, bununla bağlıdır”.  

Ekspert qeyd edib ki, son 3-4 il ərzində həm xarici vətəndaşların Azərbaycanda, həm də azərbaycanlıların xaricdə mənzil alması faktları artmağa başlayıb:

“Amma bu böyük rəqəmlərlə ifadə olunmur. Əcnəbilərin Azərbaycanda ay ərzində aldıqları mənzil ümumi bazardakı alqı-satqı əməliyyatlarının 2 faizi qədər deyil. Maksimum halda təqribən ay ərzində 150 əməliyyat olub. Bu da elə böyük rəqəm sayılmır. Türkiyədə evlərin qiymətinin Azərbaycandan fərqli olaraq ucuz olması fikri ilə razı deyiləm. Türkiyənin ikinci, üçüncü dərəcəli şəhərlərində mənzillərinin qiymətləri Bakının ikinci, üçüncü zonalarındakı qiymətlərdən yuxarıdır. Söhbət turizm üçün əlverişli olan şəhərlərdən gedir. Sadəcə olaraq Türkiyədə mülkiyyət hüquqlarının təminatı baxımından çox əlverişli bir şərait var. Eyni zamanda, vətəndaşlıq əldə etmək üçün investisiya  qoymaq daha məqsədəuyğundur. Təbii ki, azərbaycanlıların qonşu ölkədə ev alması səbəblərindən biri də budur. Hesab edirəm ki, bu daha çox azərbaycanlıların müxtəlif formalarda Türkiyəyə axını ilə bağlıdır. Əvvəllər azərbaycanlılar daha çox Rusiyaya axın edirdilərsə, indi isə Türkiyə bu sırada böyük paya malikdir. Türkiyədə əmlak almaqla bağlı şərtlər müəyyən qədər sadədir. Amma mən deməzdim ki, tam olaraq Azərbaycanda mənzil almaqdan xeyli dərəcədə fərqlənir”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений