Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Türkiyədən Kərkük və Mosul həmləsi: “Bir gecə” nə baş verəcək? - TƏHLİL



İraq Kürd Muxtariyyətində keçirilmiş müstəqillik referendumundan sonra ölkədə vəziyyət gərginləşib. Hadisələrin etnik qarşıdurma müstəvisinə keçmə ehtimalı artır.  İraq Parlamentinin başçısı Səlim əl-Cuburi ədliyyə, daxili işlər və xarici işlər komissiyalarına Kürd Bölgəsinə tətbiq olunacaq tədbirləri qiymətləndirmək  üçün səlahiyyət verib. İraq Parlamentinin bəzi üzvlərinin kürd mənşəli prezident Fuad Məsumun vəzifəsindən azad edilməsi məqsədiylə hərəkətə keçdiyi ifadə edilir. Xatırladaq ki, bir neçə gün öncə prezident Məsumun impiçment edilməsi üçün imza toplanılmasına başlanılmışdı. Artıq imzatoplama prosesi başa çatıb. Deputatların 100-dən  çoxunun prezidentin istefaya göndərilməsinə tərəfdar oluğu bildirilir. Fuad Məsum kürdlər yaşayan bölgələrdə qanunsuz referendumun keçirilməsinə mane olmamaqda və prezident kimi içdiya anda xəyanət edərək İraqın ərazi bütövlüyünün pozulmasına yol verməkdə ittiham edilir.

Millət vəkilləri Konstitusiya Məhkəməsindən 61-ci maddəyə görə dövlət başçısının səlahiyyətinin araşdırılmasını istəyiblər.

İraqın baş naziri Heydər əl-Abadi isə referendumun konstitusiyaya zidd olduğunu tanınmayacağını bəyan edib: “Təəssüf ki, referendum məzhəbçi və etnik hissləri hərəkətə gətirdi. Buna baxmayaraq, kürd vətəndaşlarımızın təhlükəsizliyindən vaz keçməyəcəyik. Ancaq referendum görə məsuliyyət daşıyanlardan da bunun hesabı soruşulacaq. Onlara qarşı lazımi tədbirləri görəcəyik” - deyə baş nazir bəyan edib.

Prezident Rəcəb Tayyib Ərdoğan da Tükiyənin baş verənlərə müşahidəçi qalmayacağını və İraqa  silahlı qüvvə yeridiləcəyini söyləyib. Dövlət başçısı Suriyada iki min kvadrat kilometrdən artıq ərazini terrorçulardan təmizlənməsi məqsədilə keçirilən hərbi əməliyyatların Şimali İraqda  da eyni şəkildə davam etdiriləcəyini deyib. Hazırda türk ordusu İraq və Suriya sərhəddinə cəmləşir. Artıq İraq silahlı qüvvələrinə məxsus 25 nəfərlik heyət də Türkiyəyə gələrək Sinop bölgəsində keçirilən hərbi təlimlərə qatılıb.  Eyni zamanda, R. T. Ərdoğan  İraq kürdüstanı ilə bütün ticari əlaqələrin, o cümlədən neft və qaz idxalının dayandırıldığını bildirib.

Bölgədə getdikcə artan gərginlik hərbi əməliyyatların başlanması ilə yeni mərhələyə daxil ola bilər. Əks təqdirdə, müstəqil kürd dövlətinin yaradılması qaçılmaz prosesə çevriləcək. Referendumun nəticələrinin tanınması “kürd planı” ideyasının dəstəkçiləri tərəfindən hələlik təxirə salınsa da, bunun müvəqqəti bir qərar olduğu şübhə doğurmur. Sadəcə olaraq, “Müstəqil Kürdüstan” layihəsinin müəllifi olan ABŞ İraqın parçalanması prosesində yeni situasiya ilə qarşılaşıb. Əslində, müstəqil kürd dövlətinin yaradılmasının hədəflərindən biri  İranın  İraq şiələri üzərində təsirinin azaldılmasına xidmət edir. Lakin Vaşinqton  İraq əhalisinin 80 faizinin şiələrdən ibarət olduğunu da gözdən qaçırmır. Kürdlərin müstəqil olması ilə Bağdad hökuməti arasında başlanan münaqişə şiələri İrana bir qədər də yaxınlaşdıra bilər. İranın  İraqa suverenliyini bərpa etmək və “peşmərgələr”ə qalib gəlmək üçün  hərbi dəstəyini  təklif edəcəyi artıq razılaşdırlıb. Tehrandan idarə olunan “Haşti-Şaabi” (Şiə milis dəstələri)  qüvvələrinin də bütün əməliyyatlarda İraq ordusu ilə birlikdə hərəkət etdiyini nəzərə alsaq, kürd amili İranın bölgədə hərbi fəallığının  artması üçün stimul yaratmış olar. Hərbi müdaxilə İrana  şiələr yaşayan bölgələri, ilk növbədə isə şiəliyin dini-ideoloji mərkəzi sayılan Kərbəla şəhərini tam təsir zonasına daxil etmək imkanı verir. Bu da öz növbəsində, İranın Yaxın Şərqə çıxışını təmin edə bilən şiə dəhlizini nəzarətdə saxlaması deməkdir.  Referendun keçirilməsi ilə eyni gündə İran qırıcılarının İraqın şimal-şərqindəki "peşmərgə"lərin mövqelərinə aviazərbələr endirməsi artıq bölgədə gözlənilən qanlı müharibənin ilk qığılcımları hesab oluna bilər. “Kürdüstan” məsələsində bir qədər tələskənlik nümayiş etdirən İsraildən fərqli olaraq, ABŞ İranın bölgədə aktivləşməsinə ehtiyatla yanaşır. ABŞ-ın referendumun keçirilməsini rəsmən tənqid etməsinin ən başlıca səbəblərindən biri də məhz İran amili ilə bağlıdır. Əks təqdirdə, İraqın ərazi bütövlüyünün bölünməsi çox keçmədən Türkiyə, İran və Suriyaya yayılacaq zəncirvari prosesə çevriləcək. Sentyabrın 23-də Suriyada PYD-nin liderliyi ilə kürdlərin Suriyanı federativ dövlətə çevirmək məqsədilə yerli özünüidarəemə orqanalarına seçkilər keçirməsi, eyni zamanda 2018-ci ilin yanvar ayında Suriya kürd parlamentini yaradacaqları haqqında bəyanatı bölgədə planlı şəkildə separatizm dalğasının vüsət aldığını göstərir.

Digər tərəfdən, bütün Yaxın və Orta Şərqə yayılması proqnozlaşdırılan belə bir müharibənin baş verməsi son dövrlər zəiflədilmiş İŞİD və digər radikal terror qruplaşmalarının güclənməsi üçün əlverişli şərait yaratmış olar. ABŞ-ın İŞİD-lə mübarizə üzrə nümayəndəsi Bret Maqkerk də referendumun və onun yaratdığı risqlərin nəzarətdə saxlanılmalı olduğunu etiraf edib. Göründüyü kimi,  ABŞ da daxil olmaqla Qərb dünyası bu təhlükəni  nəzərə alır. Amerika  Dövlət Departamentinin sözçüsü Hizer Noert İraq Regional Kürd Muxtariyyətində keçirilən referendum bölgədə qeyri-sabitliyin artmasına və sakinlərin vəziyyətinin çətinləşməsinə səbəb olacağını deyib.

“ABŞ-ın İraq kürdləri ilə tarixən qurulmuş əlaqələri bu gün keçirilən və heç bir əsası olmayan referendum fonunda dəyişə bilməz. Amma biz inanırıq ki, bu addım qeyri-sabitliyin artmasına, regionun və onun əhalisinin vəziyyətinin daha da çətinləşməsinə səbəb olacaq”, - sözçü bildirib.

Hizer Noyert, həmçinin, referendumun kürdlərlə mərkəzi hakimiyyət arasındakı münasibətləri kəskinləşdirəcəyini, məsələnin həllində şiddət və birtərəfli addımlar atılmasını dəstəkləmədiklərini bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar vahid, demokratik və firavan İraqın olmasını həmişə dəstəkləyir.

Ancaq ABŞ-ın qeyd edilən bəyanatı “Kürdüstan planı”ndan imtina etməsi anlamına gəlmir. Referendumun nəticələrinin ABŞ tərəfindən indiki şəraitdə  tanınmaması Qərbin bir növ gözləmə mövqeyinə çəkilməsi kimi qiymətləndirilə bilər. “Siyasi sular durulduqdan”  sonra, əlverişli şərait yarandıqda,  referendumun nəticələri  müstəqil kürd dövlətinin tanınması üçün maraqlı dövlətlərin əlində tutarlı hüquqi sənəd kimi istifadə oluna bilər.  Çünki  “Kürdüstan dövləti”nin  qurulmasının  əsas  ideya  xəttini İranla İsrail arasında bufer zonanın yaradılması təşlkil edir. Ona görə də  hazırda Kürdüstandakı referendumu ən çox dəstəkləyən ölkə İsraildir. İkinci istiqamət ABŞ-ın müstəqil Kürdüstan ərazisində hərbi bazalarını yerləşdirməklə Yaxın və Orta Şərqə nəzarət etmək imkanlarını artırmaqdan ibarətdir. Ancaq əvvəlki illərlə müqayisədə hazırda ABŞ Yaxın Şərqdəki prosesləri təkbaşına idarə etmək imkanlarını əldən verib. Amerika qoşunları İraqdan çıxarılıb, İranın Yaxın Şərqdə hərbi fəallığı güclənib. İndi Suriyanın və İraqın gələcək siyasi taleyinin nəzərə alınmasında  Rusiya, Türkiyə və İran kimi aktorların rəyi nəzərə alınmadan hər hansı addım atılması bölgədə fəlakətli nəticələrə gətirib çıxara bilər.

Rusiya faktiki olaraq, bu gün Suriya müharibəsinin qalibi sayılır. Rusiyanın Suriya ərazisinə hərbi qüvvə yeritməsi  son iki ildə Bəşər Əsəd rejiminə qarşı müharibədə dönüş mərhələsi yarada bilib. Hazırda Bəşər Əsəd hakimiyyəti Suriyanın 60 faizdən çox ərazisinə nəzarəti bərpa edib. Ona görə də Qərbin Kürdüstan məsələsində Rusiya-Türkiyə-İran koalisiyasının maraqlarını nəzərə almaması böyük bir geosiyasi savaşa yol açmış olar.  Çünki İraq ərazisində müstəqil kürd dövlətinin yaradılması çox keçmədən Türkiyənin cənub-şərq əyalətlərində separatizmin və terroçuluğun daha da güclənməsinə rəvac verəcək. Kürdüstan Muxtariyyətinin rəhbərliyi İraq ərazisində qapalı vəziyyətdə qaldıqlarını və dünyaya çıxış əldə etmək istədiklərini bildirir. Rəsmi Ərbil dünyaya çıxışı Türkiyə ərazisindən əldə etmək niyyətini gizlətmir. Söhbət  Türkiyənin beynəlxalq transmilli layihələrin keçdiyi bölgələrinin  bir qismini işğal etmək planından gedir. Bunun üçün Məsud  Bərzani hökuməti  Türkiyənin kürdlər yaşayan Diyarbəkir, Şırnak, Hatay, Mardin, Van bölgələrinə iddia edir. Lakin  kürd siyasi və terror təşkilatları arasında  rəqabətin olduğunu da nəzərdən qaçırtmaq olmaz.

Türkiyənin adıçəkilən bölgələrində PKK-nın təsiri Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasından dəfələrlə güclüdür. Səlahəddin Demirtaşın liderlik etdiyi  Xalqların Demokratik Partiyası da PKK-ya yaxınlığı ilə tanınır.  Ona görə də  M.Bərzaniyə müxalifətdə dayanan Türkiyə kürdlərinin onu bir dövlət başçısı kimi nə qədər qəbul etməyə hazır olduqları sulaının cavabı açıq qalır.  Sentyabrın 25-dən ötən müddətdə İraqdan fərqli olaraq, Türkiyənin cənub-şərqindəki kürdlər arasında  refrenduma dəstək məqsədilə siyasi  hərəkətlilik müşahidə olunmur. Bu da həmin bölgədə yaşayan kürdlər arasında  Bərzani hökumətinin demək olar ki, siyasi lider kimi  qəbul olunmaması ilə bağlıdır. Hətta 2012-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın kürdlərin silahlı mübarizəsinə son qoymaq  üçün irəli sürdüyü “Kürd açılımı” ideyası da bu fikir ayrılığını aradan qaldıra bilmədi.  Ərdoğan iqtidarı  Türkiyə-İraq sərhəddində  birgə tədbir  təşkil edərək, hər iki tərəfdəki  kürd icmalarını barışdırmaq istədi. PKK-nın Türkiyəyə gəlişinə qadağa qoyduğu müğənni Jivan Pərvərin 38 ildən sonra  Diyarbəkirə gəlişinə şərait yaratdı.  Lakin PKK tərəfdarları   M.Bərzaninin siyasi çətiri altına toplaşmağı öz əqidələrinə xəyanət kimi qəbul etdilər. Eyni zamanda,  İraq prezidenti Fuad Məsumun təmsil olunduğu Kürdüstan Vətənpərvərlər İttifaqı  ilə Kürdüstan Demokrat Partisyası arasında da ciddi rəqabət var. Bu baxımdan,  kürdlərin müstəqil   dövlət qurması  üçün  ilk növbədə,  onların arasındakı  ciddi siyasi-ideoloji  fərqləri aradan qaldırmaq lazımdır. Hazırkı şəraitdə isə bu mümkünsüz görünür.

İstənilən halda, M.Bərzani  xarici qüvvələrin diqtəsi ilə təhlükəli  bir siyasi oyuna daxil  olub.  Starat götürmüş  separatçılıq planı İraq, Türkiyə və İranı bölünmə təhlükəsi ilə üz-üzə qoyur. Rusiyanın İraqın ərazi bütövlüyünü dəstəkləməsi Ankaranın və Tehranın kürd məsələsində Kremllə anlaşdığını deməyə əsas verir. Müstəqil Kürdüstanın qurulması ABŞ-ın regionda geosiyasi mövqelərini möhkəmlətməyə xidmət edir ki, Rusiyanın da buna qarşı çıxması gözlənilən idi. İraqdakı  refrendum ABŞ-ın Türkiyə və İranla münasibətlərindəıki narazılığı  bir qədər də artıracaq. Bu isə  Moskvaya yaranmış situasiyadan istifadə edərək  Türkiyə və İranı özünün siyasi orbitinə çəkmək imkanı verir.

Ekspertlərin qənaətinə görə, Türkiyə Bərzani hökumətinin və Qərbin vədlərinə inanmadan 1926-cı il Ankara müqaviləsinə uyğun olaraq hətəkət etməlidir.

Xatırladaq ki, həmin sazişə görə, İraqın ərazi bütövlüyünün pozularsa Türkiyə Cümhuriyyəti  Kərkükü və Mosulu öz ərazisinə qaytarmaq hüququna malikdir. İkincisi, Mosul əhalisinin böyük əksəriyyətini təşkil edən sünni müsəlmanlar arasında Türkiyənin nüfuzunun yüksək olması Ankaraya həmin bölgəni kürd separatizmindən müdafiə etmək üçün arqument yaradır. Bu baş verməsə, sentyabrın 25-də keçirilmiş referendumun nəticələri bir gün Kürdüstanın müstəqilliyinin tanınması üçün hüquqi sənəd rolunu oynaya bilər. Yəni potensial təhlükə qalır və artıq ciddi mərhələyə daxil olub. Türkiyə İraq ərazisində prosesə müdaxilə etməklə təhlükəni öz sərhədlərindən xaricdə qarşılamaq taktikasından istifadə edə bilər. Hazırda beynəlxalq siyasətdə bu üsuldan Rusiya daha çox istifadə edir. Türkiyənin “Fərat qalxanı”  əməliyyatının birinci hissəsində Suriyada əldə etdiyi hərbi uğurlar eyni prosesi İraqda davam etdirmək üçün analoji əsas yaradır. Rəsmi Ankara  hələ may ayında “Fərat qalxanı” əməliyyatının ikinci hissəsinin İraqda davam etdirləcəyini açıqlamışdı. Bu isə Türkiyəyə terrordan müdafiə üçün cənub sərhədləri boyunca bufer zonanı  genişləndirməyə kömək etmiş olacaq. Ona görə də rəsmi Ankara 1974-cü ildə Kiprdə olduğu kimi siyasi iradə nümayiş etdirməlidir.

Müşfiq Abdulla  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений