Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyəni Qərbdən uzaqlaşdıran FAKTOR



NATO ilə Türkiyə arasında gərginlik davam edir.Buna səbəb NATO təlimində baş verən insidentdir.Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimində hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəkilləri seçilib.Türkiyə hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 hərbçisini geri çağırıb.Rəsmi Ankara bunu Türkiyə dövlətinin təhqir edilməsi kimi qəbul edib.Türkiyədən edilən sərt etirazlara NATO-dan rəsmi açıqlama verilib.Bildirilib ki, Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib.Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib.Onun da işdən kənarlaşdırıldığı qeyd olunur.NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı və alyansın baş katibi Yens Stoltenberq isə Türkiyədən üzr istəyib.

Norveç təxribatının görünməyən tərəfləri

NATO rəsmi qaydada üzr istəsə də Türkiyə və alyans arasında gərginlik səngimək bilmir.Parlamentdə (TBMM) müzakirə olunan məsələyə Rəcəb Tayyib Ərdoğan da sərt münasibət bildirib.Artıq müzakirələr o səviyyəyə qalxıb ki, Türkiyənin NATO üzvlüyündən imtina edəcəyi ehtimalı gündəmə gəlib.Rəsmi Ankara belə bir məsələnin müzakirə mövzusu olmadığını bildirdiyi halda, alyans bunu Türkiyə - NATO münasibətlərinə qarşı edilmiş təxribat kimi qələmə verir.2016-cı ilin iyul ayının 15-də fətullahçı terror təşkilatı - FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd etdikdən sonra gərginləşən NATO - Türkiyə münasibətləri Norveçdəki hadisədən sonra soyuq Qərb - Türkiyə münasibətlərini diplomatik qarşıdurma həddinədək yüksəltdi. FETÖ və Norveç təxribatına qədər də “mehriban düşmən” münasibətlərində olan müttəfiqlər növbəti dəfə eyni mövzu - “Qərb Türkiyədən uzaqlaşır, yoxsa, Türkiyə Qərbdən?” məsələsi ətrafında polemikanı qızışdırdılar. Əlbəttə, məsələyə hər iki tərəfin öz baxış prizması olsa da baş verənlər, Qərbin Türkiyədən uzaqlaşdığı ehtimalını yaradır.

Hərbi ittifaq, yoxsa, insan haqları təşklilatı?

NATO fəaliyyətə başlayan ilk günlərdən bu alyansın tamhüquqlu üzvü olan Türkiyə bütün hallarda ittifaqın bütün hərbi-siyasi tədbirlərinin əsas iştirakçısı və mərkəzi oyunçusu qismində çıxış edib. NATO-nun Əfqanıstan, İraq, Suriya, Liviya və digər ölkələrdə keçirdiyi hərbi əməliyyatlarda iştirak edən Türkiyə, eyni zamanda, alyansa üzv olan dövlətlərə də ayrı-ayrılıqda müttəfiq kimi logistik, hərbi və texniki dəstəklər verib. Lakin FETÖ-nün çevrilişə cəhdindən sonra NATO da Qərb dövlətləri kimi ciddi siyasi islahatlara və fətullahçıların siyasi, hərbi və digər sistemlərdən “təmizlənməsi işi”nə start verən Ərdoğan hökumətini demokratik dəyərləri pozmaqda ittiham etdi.Üstəgəl, bu hadisədən sonra Ərdoğanın ölkənin siyasi idarəetmə sistemində etdiyi konstitusion dəyişiklik də alyansın etirazı ilə qarşılandı.Bu baxımdan NATO özünü hərbi ittifaq kimi yox, “insan haqları təşkilatı” kimi aparırdı və alyansdan açıq şəkildə bildirildi ki, nəzərdə tutulan dəyişiklik baş versə, Türkiyənin üzvlük məsələsi nəzərdən keçiriləcək.

ABŞ və Avropa İttifaqı (Aİ) da NATO kimi Ankaranın bu dəyişikliklərinə etiraz etdi. Baş verənlərdən gəlinən nəticə bu idi ki, istər NATO, istər Aİ, istərsə də Qərbi təmsil edən dövlətlər (ABŞ, Almaniya, Fransa və s.) ayrı-ayrılıqda Türkiyəni müttəfiq yox, bütün tələbləri qeyd-şərtsiz yerinə yetirən strateji tərəfdaş, forpost, yaxud, hansısa vəziyyətdə öz ərazilərini laboratoriya və poliqon kimi istifadə edilməsinə icazə verən vassal kimi görmək istəyirlər. Uzun illərdir Türkiyənin Aİ-yə üzvlüyü qarşısına çıxarılan əngəllər və bu ölkəni NATO-da görmək istəməyən qüvvələrin fəallaşması da Qərbin Türkiyədən müəyyən bir məsafədə dayanmaq istəyindən qaynaqlandığına şübhə yoxdur.

Türkiyənin Avropa İttifaqına üzvlük prosesi

Türkiyə üzvlüklə bağlı Avropa İttifaqı qarşısında üzərində götürdüyü 72 şərtdən yalnız 5-ni həyata keçirməyib.Aİ Komissiyası prezidentinin köməkçisi Frans Timmermans son açıqlamasında Türkiyədən bu 5 şərti həyata keçirəcəyini gözlədiklərini açıqlayıb. O, rəsmi Ankaranın 5 şərtə qədər viza rejiminin sadələşdirilməsi istiqamətində ciddi addımların atıldığını, lakin tələb olunan digər şərtlərin həyata keçirilməsi prosesinin zəif aparıldığını dedi. Lakin qaranlıq qalan məsələ budur ki, 72 şərtlə (“Kopenhagen kriteriyaları”) bağlı konkret vaxt verilmədiyi halda, Türkiyə hökumətindən 5 şərti qısa zaman ərzində yerinə yetirmək tələb edilir. Həmin şərtlər bunlardır: Aİ standartlarına uyğun korrupsiyaya qarşı mübarizənin təşkili; Aİ standartlarına uyğun şəxsi hesabların təhlükəsizliyinin təşkili; Türkiyə və “Europol” arasında anlaşmanın imzalanması; Məhkəmə sektorunda Aİ üzvləri ilə sıx əməkdaşlıq və Aİ standartlarına uyğun terrorizmlə bağlı qanunların qəbul edilməsi.

Başqa sözlə, uzun illərdir ki, Türkiyə qarşısında qoyulan şərtlərin sayı 72-yə çatıb və bunların mütləq əksəriyyəti yerinə yetirilsə də hələ də Ankaranın bütün cəhdlərinə maneə yaradacaq addımlar atılır.1963-cü ildən başlayan müzakirələrin müəyyən mərhələsində Türkiyə ittifaqa qəbul edilməyə yaxın olsa da hələlik bu ölkə yaradılmış süni əngəllərin arxasında qalır.Bu günədək də Ankara heç bir halda Brüsselin heç bir tələbini geri çevirməyib və tərəflər arasında saysız anlaşmalar və protokollar (“Ankara”, “Roma”, “Qarışıq protokollar” və s.) imzalanıb.

Üzvlüyə əngəl olan faktorlar

2000-ci illərin əvvələrində Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesi sürətləndi.2005-ci ildən başlayan gərgin müzakirələr hələ də davam edir.Lakin Brüssel müzakirələrin hansı tarixədək davam edəcəyi barədə konkret cavab verməkdən imtina edir.Ankara 2007-ci ildə 2013-cü ilədək Aİ-nin bütün hüquqi şərtlərini yerinə yetirəcəyini açıqlasa da Brüssel üzvlük üçün sonuncu tarix məsələsini gündəlikdən çıxartdı. 2006-cı ildə Avropa Komissiyasının dönəm prezidenti Xose Manuel Barrozo üzvlük prosesinin ən az 2021-ci ilədək gedəcəyini açıqladı. Lakin Türkiyənin iqtisadi inkişaf, büdcə kəsiri, xarici borc və işsizlik göstəriciləri Aİ-nin tələblərinə cavab verir.

Almaniya və Fransa kimi ittifaqın aparıcı üzvləri hələlik Türkiyənin Aİ-yə qatılmağa hazır olmadığını bildirirlər.Digər yandan, Türkiyə əhalisinin sürətli artımı da Aİ ölkələri tərəfindən problem kimi qəbul edilir. Çünki əhali artımının bu sürəti ilə Aİ-yə üzv olacağı halda, Türkiyə 2020-ci ildə Almaniyanı arxada qoyaraq, Avropa İttifaqının ən böyük üzvü ola bilər və Avropa Parlamentində ən çox üzvə sahib ölkə olacaq. Əlbəttə, bu, Türkiyəni Avropa İttifaqında əsas söz sahibinə çevirə bilər ki, üzv dövlətlər süni əngəllərlə bu ölkəni ittifaqdan kənarda saxlamağı məqbul sayırlar.Həmçinin, Türkiyənin bir sıra qonşu dövlətlərlə gərgin münasibətləri də Brüsselin nəzərə aldığı əsas amillərdir.Kipr problemi, Türkiyə - Yunanıstan və Türkiyə - Ermənistan münasibətləri Ankaranın qarşısına həll etməli olduğu problemlər kimi qoyulur.

İttifaqın yeni supergücü

Digər tərəfən də Aİ üzvləri Türkiyənin coğrafi mövqeyi, mədəni və tarixi kimliyinin Avropa İttifaqına uyğun olmadığını bildirirlər.Aİ-nin hazırkı üzvlərinin hamısı əhalisinin əksəriyyəti xristianlardan ibarət olan ölkələrdir.Türkiyə Aİ-yə üzv olacağı halda, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən yeganə müsəlman ölkə olacaq.2009-cu ildə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Albaniya da üzvlük üçün Brüsselə müraciət edib, lakin bu istəyi bu gün də qəbul edilmir.Türkiyə isə 2016-cı ildə 72 şərtdən 65-ni yerinə yetirdi. Lakin həmin il Avropa Komissiyasının prezidenti Jan Kloud Yunker Türkiyənin Şengen zonasına giriş əldə edə bilməsi üçün Aİ ölkələrinin vətəndaşları üçün viza rejimini ləğv etməyə çağırdı. Hələlik Ankara bununla bağlı Brüsselin çağırışlarına adekvat cavab verməyib.Avropa Parlamenti isə Türkiyədən son 5 kriteriyanı yerinə yetirməsi üçün viza anlaşmasını ratifikasiya etməyi tələb edir. Lakin Türkiyənin Aİ-də söz sahibi olmaq imkanlarını nəzərə alan Brüsselin Ankaranın son 5 şərti və viza anlaşmasını yerinə yetirəcəyi halda da üzvlük məsələsini həll edəcəyi inandırıcı görünmür.

“Wall Street”dən ilginc iddia

ABŞ-da nəşr olunan “Wall Street” jurnalında (kəşfiyyat-analitik mərkəzi) dərc olunmuş “Türkiyə qapını vurur: Aİ içəri girməyə icazə verəcəkmi?” başlıqlı məqalədə müəllif Patiens Vetkroff yazır ki, Türkiyə ittifaqa üzv olduqdan sonra Aİ-də yeganə söz sahibi olmaq imkanlarına malikdir. O, bunu nəzərə alaraq, Aİ-nin aparcıcı üzvlərinin Türkiyənin bu istəyinin qarşısına absurd şərtlər qoyduqlarını yazır: “Amma Türkiyənin Avropa İttifaqına üzvlüyünə mane olan əsas səbəb, onun müsəlman ölkəsi olmasıdır. Lakin Türkiyə uzun illərdir təkid edir. 1987-ci ildə üzvlük üçün rəsmi qaydada müraciət etdi və o gündən bu yana Aİ-nin qapısını arxasından vurur. Əlbəttə, Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyünə mane olan əsas səbəb Kipr problemi, yaxud, siyasi islahatların aparılmaması yox, bu ölkənin əhalisinin 99 faizinin müsəlman olmasıdır. Əgər Türkiyə ittifaqa üzv olsa, bir neçə ildən sonra Almaniyanı da geridə qoyaraq, Aİ-nin söz sahibinə çevriləcək.Bu halda Türkiyə Aİ-nin bütün ab-havasını tamamilə dəyişdirəcək və bu ölkə belə bir gücə sahibdir”.

Türkiyə müstəqil oyunçu kimi

Türkiyə üzrə ekspert Oktay Hacımusalı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə yeni siyasi dönəmə qədəm qoydu və bu, ölkənin geosiyasi konyukturasına ciddi təsir etdi. Ekspert hesab edir ki, bununla Türkiyə bölgədəki missiyasını dəqiqləşdirdi və buna uyğun hərəkət istiqaməti seçdi:

“Lakin Türkiyənin bu müstəqil siyasəti Qərblə yanaşı, digər supergücləri də narahat edir. Türkiyə də Qərbin ona qarşı soyuyan münasibətindən narahatdır.Lakin Qərb nə qədər Türkiyəyə düşmən münasibət göstərsə də bu ölkənin bölgənin söz sahibi olduğunu bilir. Qərb başa düşür ki, Türkiyə islam coğrafiyasının əsas gücüdür, həmçinin, bölgədəki əsas rəqibi Rusiyanın qarşısının alınmaq üçün  Türkiyə ilə müttəfiqlik etməyə məcburdur. Qərbin Türkiyəni idarə edə bilməməsinin əsas səbəblərindən biri bu ölkənin NATO üzvü olmasıdır.Buna görə də inandırıcıdır ki, Türkiyəni NATO-dan kənarlaşdırmaq istəyən qüvvələr alyansın Norveçdə keçirilən təlimlərində Türkiyəyə qarşı təxribata əl atdılar.Əlbəttə, bunun Türkiyə - Qərb münasibətlərinin gərginlikdə olduğu vaxta təsadüf etməsi də birmənalı deyil”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений