Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyəyə Gülən şərti – FETÖ lideri necə qaytarılacaq?



Artıq 2 ildir ki, Türkiyədə hərbi çevrilişə cəhd edən Fətullahçı Terror Təşkilatının (FETÖ)  lideri Fətullah Gülənin Amerika Birləşmiş Ştatlarından (ABŞ) Türkiyəyə ekstradisiya edilməsi məsələsi müzakirə olunur.

Müzakirələrin ən yüksək səviyyədə keçirilməsinə, hətta prezidentlərin görüşündə dəfələrlə müzakirə olunmasına baxmayaraq ABŞ Fətullah Güləni Türkiyəyə verməkdən imtina etdi. Türkiyə isə tələbindən geri çəkilmək niyyətində olmadığını açıq şəkildə göstərir. Bugünlərdə Türkiyə Xarici İşlər Nazirliyi Gülənin qaytarılması məsələsinin müzakirə olunacağı ilə bağlı bəyanat yayıb. Belə ki, XİN-nin bəyanında ABŞ nümayəndə heyətinin iyulun 13-də Fətullah Gülənin verilməsi və FETÖ ilə mübarizəni müzakirə etmək üçün Türkiyəyə səfər edəcəyi bildirilib.

Xatırladaq ki, Türkiyə hakimiyyəti Fətullah Güləni 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham edir və ABŞ-dan onun ekstradisiyasını tələb edir.

Maraqlıdır, ABŞ Fətullah Güləni hansı şərtlər daxilində Türkiyəyə verə bilər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, ABŞ-ın bu addımları Türkiyənin maraqlarına cavab verir:

“Aydındır ki, Gülən məsələsinə ABŞ Türkiyə ilə münasibətlərdə bir sıra problemlərlə üzləşib. Çünki Türkiyə açıq şəkildə bəyan etdi ki, ABŞ-ın müxtəlif dairələrinin 15 iyul çevriliş cəhdində əli var. Digər tərəfdən Gülənin dəstəsi və qüvvələri çevriliş cəhdini açıq şəkildə dəstəklədi və prosesin arxasında oldu. Buna görə də Türkiyə Gülənin ekstradisiyasını tələb edir. Gülənin Türkiyəyə qaytarılmamasının bir nəticəsi də Türkiyənin Rusiyaya yaxınlaşmasıdır. Hətta müasir silahlar almaqla bağlı artıq müəyyən sazişlər bağlanıb. Təbii ki, ABŞ bunu görür və Türkiyəni özünə yaxınlaşdırmağa çalışır. Buna görə də münasibətlərin bərpasında müəyyən səylər göstərir. Düşünürəm ki, bu aspektdə ABŞ-ın addımları Türkiyənin maraqlarına cavab verə bilər”.

Politoloq hesab edir ki,  ABŞ-ın Güləni Türkiyəyə qaytarılmasında müəyyən şərtləri olacaq: “Hesab edirəm ki, ilk şərtlərdən biri Türkiyənin Rusiyadan uzaqlaşmasının gündəmə gətirilməsi olacaq. ABŞ-ın maraqlarına cavab verən siyasi prioritetlərinin daha qabarıq şəkildə görünməsi məsələsi qabardılacaq. Hər halda düşünürəm ki, bu Türkiyənin diplomatik uğurudur. Türkiyə buna nail ola bildi”.

ABŞ-ın Güləni zərərsizləşdirib Türkiyəyə verməsi iddialarına toxunan Fikrət Sadıqov vurğulayıb ki, onu zərərsizləşdirmək elə də asan deyil: “Gülənin tərəfdarları çoxdur. Türkiyədə vaxtaşırı onlarla işlər bu məsələyə görə işdən çıxarılır, həbs olunur. Gülənin şəbəkəsi hələ ki, güclüdür. Düşünmürəm ki, onu zərərsizləşdirmək asan məsələdir. Fətullah Gülənin Türkiyəyə verilməsi elə onun zərərsizləşdirilməsi deməkdir”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений