Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Unudulan sənət fədailəri: Gürcü qızı ilə Gəncə teatrında -VI YAZI



(Xalq artisti İsmayıl Talıblının əziz xatirəsinə)

Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən bəhrələnən və özünün böyük sənət məktəbini yarada bilən, respublikanın xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində dünyaya gəlib.İllərin ağrılı-acılı anları kiçik İsmayıl üçün elə də asan olmayıb. O, kiçik yaşlarında olarkən adi ibtidai orta təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə yaxından dostluq edib. Bu yaxınlıq yeniyetmə İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirə bilib.Belə ki, 1919-cu ildə İsmayıl Talıblı yenicə fəaliyyətə başlayan Hökumət Teatrosuna, hazırkı Akademik Milli Dram Teatrına qəbul edilib 1924-cü ilin sonuna qədər o, Milli Dram teatrında 40-a yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan maraqlı, bitkin və dolğun obrazlarını yarada bilib.Bu obrazlara böyük ustalıqla səhnə ömrü bəxş edib.

Aktyorun oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirərkən görürük ki, onun ifasında realist obrazların qalereyası daha çoxluq təşkil edib.Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubunun fəlsəfi-estetik mahiyyəti hər zaman səhnədə olarkən realizmin güclü zəmininə əsaslanıb.Amplua baxımından yaradıcılığını hər zaman sərbəst bir formada istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrına göndərilib.Tarixi sənədlər göstərir ki, bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və Kəndli Teatrı adlandırılıb.Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan xalq artisti İsmayıl Talıblı qısa müddətdə teatrın yaradıcı kollektivinə uyğunlaşa bilib.Bu teatrın səhnəsində bir-birinin ardınca maraqlı obrazlar qalereyası yaradıb. Belə ki, aktyorun Luis Sinkierininin “Yüz faiz” pyesində Mak Qurmik, Aleksey Tolstoyun romanı əsasında “Romanovların son günləri” pyesində Dmitri Pavloviç və General Alekseyev, Vasili Şkvarkinin “Casus” pyesində Stradvorski, Vladimir Marqaretininin “Fahişə” pyesində Dormua, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesində Mirzə Məhəmmədəli, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında Hatəmxan ağa, Viktor Hüqonun “Notrdam kilsəsi” pyesində Qvazimoda, Jan Batist Molyerdən təbdil olunan M. Əfəndiyevin “Cancur Səməd” pyesində Nüsxəbənd Abbasəli, Cəfər Cabbarlının “Sevil” pyesində Atakişi obrazları maraqla qarşılanan səhnə uğurlarının bir qismidir.

İctimai-siyasi xadim Nəriman Nərimanov Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı haqqında yazırdı: “Mənim ən çox sevdiyim, hörmət bəslədiyim sənət və tərbiyə ocaqlarından biri “Tənqid-təbliğ” teatrıdır. Teatrda iştirak edən artistlərin hər birini əsl təbliğatcı və təşviqatçı adlandırsam, zənn edirəm ki, səhv etmərəm. İncəsənət aləminə ildırım sürətilə gələn bu teatr dini, mövhumatı, nadanlığı və şəriət fırıldaqçılığını aradan qaldırmaqda böyük qüvvə ola bildi”.

1921-1925-ci illər ərzində Bakı Azad Tənqid və Təbliğ Teatrı, 1925-1927-ci illər ərzində Bakı Türk İşçi və Kəndli Teatrı və 1927-1932-ci illər ərzində Bakı Türk İşçi Teatrı kimi fəaliyyət göstərən bu sənət ocağının tarixinə nəzər salarkən məlum olur ki, o illərdə Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan əcnəbi millətlərin nümayəndələrinin fitnəkarlığı nəticəsində 1932-ci il dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının yaradıcı kollektivlə birlikdə Gəncə şəhərinə köçürülməsinə qərar verilib. Halbuki həmin dövrdə Gəncədə yerli gənclərdən, maarifpərvər ziyalılardan ibarət güclü teatr truppası movcud idi və onların qüvvəsi ilə şəhərdə dövlət teatrı yaratmaq da mümkün olardı.

Gəncə şəhərinə köçürülən Bakı Türk İşçi Teatrının yaradıcı kollektinin üzvlərindən, truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyorları olan Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları da Gəncəyə gələrək burada bir müddət fəaliyyət göstərdikdən sonra yenidən Bakıya qayıdıblar. Lakin, xalq artisti İsmayıl Talıblı öz doğma kollektivdən ayrılmayıb və ömrünün sonunadək Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyət göstərib. O, 1942-1943-cü illər ərzində bu sənət məbədinin direktoru kimi də calışıb.

Xalq artisti, qocaman teatr və kino aktyoru Məhəmməd Burcəliyevin oğlu Tamerlan Burcəliyev isə bu gün də İsmayıl Talıblını böyük hörmət və ehtiramla yad edərək onun haqqında deyir: “Mən özümü dərk edib tanıyandan İsmayıl Talıblını görmüşəm. Cünki biz o zamanlar Gəncə şəhərində Əli Bayramov küçəsi 28, indiki Həsən Əliyev küçəsi 115 ünvanında yerləşən Aktyor evində yaşayırdıq.Biz qonşu idik.Eyni dəhlizi bölüşürdük.Demək olar ki, hər gün ailə üzvlərimiz bir yerdə olurdu. O illərdə Aktyor evində Mehdi Məmmədov, Barat Şəkinskaya, Məmmədsadıq (Vicud) Nuriyev, Ələkbər Seyfi, Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Solmaz Orlinskaya, Zakir Şahbazov, Əmir Dadaşlı, Xurşid Rzayeva, Zabella Tağıyeva, Nadir Rzayev, Məhəmməd Burcəliyev, Rza Nadirov, İşıq sexinin müdiri Papov, Geyim sexinin müdiri Dusiya Şefçenko və İsmayıl Talıblı da öz ailəsilə birgə yaşayırdı. İsmayıl Talıblı səmimi və alicənab, həm də çox savadlı bir şəxsiyyət idi. O, hər zaman bizə böyük diqqət və qayğı ilə yanaşardı. Onun həyat yoldaşı Yevgeniya İliç Basilaşvili gürcü qızı idi.Biz ona Jenya xala deyə müraciət edərdik.Çox səmimi bir ailə idilər. O illər mənim uşaqlıq xatirələrimin ən şirin anlarıdır. Bu gün də o məhəllədən keçərkən İsmayıl Talıblını xatırlamaya bilmirəm.Bu insanlar hər zaman mənim üçün doğma insanlar olublar.Nə yaxşı ki, onları görmək və tanımaq mənə də nəsib olub”.

İsmayıl Talıblı Gəncə Dövlət Dram teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb.Onun yaratdığı obrazlar hər zaman öz orijinallığı və koloriti ilə seçilib.Bu obrazlar İsmayıl Talıblı yaradıçılığının daha baxımlı və zənginləşməsinin əsas meyarına çevrilə bilib. Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”da Hacı Səməd ağa, Jan Batist Molyerin “Jorj Danden”də Jorj Danden, Cəlil Məmmədquluzadənin “Ölülər”də Şeyx Nəsrulla, Vilyam Şekspirin “Otello”da Yaqo, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”də Səttarxan, Cəfər Cabbarlının “Sevil”də Əbdüləli bəy, “Od gəlini”ndə Aqşin, “A1maz”nda Hacı Əhməd, “Nəsrəddin şah”da Rəhim xan, “Yaşar”da İmamyar, “Aydın”da Balaxan, Nikolay Qoqolun “Müfəttiş”də Bələdiyyə rəisi, Səməd Vurğunun “Fərhad və Şirin”də Azər baba, “Vaqif”də İbrahim xan, Mirzə İbrahimovun “Həyat”da Süleyman, Sabit Rəhmanın “Toy”da Kərəmov, “Xoşbəxtlər”də Usta Segah, “Aşnalar”da Səməndərli, Mehdi Hüseynin “Nizami”də Qivami, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”da Naçalnik, “Müsyö Jordan və Dərviş Məstəli şah”da Hatəm-xan ağa, “Lənkəran xanının vəziri”də Mirzə Həbib, İmran Qasımov və Həsən Seyidbəylinin “Böyük ürək”də Aslan kişi, Konstantin Simonovun “Praqanın şabalıd ağacları altında”da Jan Qrubek, Nəcəf bəy Vəzirovun “Hacı Fərəc”da Hacı Fərəc, Əbil Yusifovun “Babək”də Xəlifə, Hüseyn Cavidin “Səyavuş”da Rüstəm, Toktobolat Əbdülmöminovun “Şikayət qəbul olunmur”da Qoca, Altay Məmmədovun “Kişilər”də Cəmilzadə, Zeynal Xəlilin “Qatır Məmməd”də Göyüş dayı, Eqon Rannetin “Azmış oğul”da Yoxanes Rayesmik, İlyas Əfəndiyevin “Bahar suları”da Alxan, Viktor Rozovun “Sabahın xeyir”də Qriqori Stepanoviç, Əfqanın “Sarı əlcək”də Riçard Sterlinq, Atif Zeynallının “Nəriman ata”da Cahangir bəy surətləri aktyorun böyük şövqlə yaratdığı maraqlı obrazları silsiləsinə daxildir. 1933-1934-cü teatr mövsümündə Gəncə Dövlət Dram teatrının səhnəsində Cəfər Cabbarlının “Almaz” pyesi bu dövrdə ən çox müvəffəqiyyət qazanan tamaşalardan biri hesab edilirdi.Tamaşanın quruluşçu rejissoru İsmayıl Əfəndiyev, bədii tərtibatçısı Bəhram Əfəndiyev, musiqisi isə böyük maestro Niyaziyə məxsus idi.Tamaşada əsas rollarda Almaz obrazını Solmaz Orlinskaya və Hacı Əhməd obrazını isə İsmayıl Talıblı böyük ustalıqla yarada biliblər.(ardı var)

Anar Bürcəliyev Teatrşünas

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений