Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Varis planı: Müxalifət hərəkətə gəldi 



Nazarbayev 29 illk prezidentliklə kifayətlənir, ancaq...

Qazaxıstanda hakimiyyət dəyişikliyi məsələsinin yenidən gündəmə gəlməsi  ciddi müzakirələrə səbəb olub. Xəbər verildiyi kimi, Qazaxıstan parlamentinin Nümayəndələr Palatasının sədri Qasım-Jomart Tokayev  prezident  Nursultan Nazarbayevin 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində namizəd olacağına şübhə etdiyini deyib. 

“Açıq danışsaq, düşünmürəm ki, Nazarbayev növbəti dəfə prezidentliyə namizəd olacaq. O, çox müdrik insandır və fikrimcə, növbəti seçkilərdə bizi başqa namizədlər gözləyir”, - Tokayev deyib. 

O əlavə edib ki, bu, onun şəxsi fikridir və seçkilərdə iştirakına Nazarbayev özü qərar verəcək.

Qeyd edək ki, Qazaxıstanda  2015-ci ilin mart ayında keçirilmiş parlament seçkilərindən sonra  Nursultan Nazarbayevin hakimiyyətdən könüllü çəkilmək istədiyinə dair bir neçə dəfə məlumatlar yayılıb. Xüsusilə də prezidentin öz səlahiyyətlərinin bir hissəsini  parlamentə və baş nazirə verməsi Qazaxıstanda parlamentli respublika üsul-idarəsinə keçidə hazırlığın getdiyi barədə rəylərin meydana çıxmasına səbəb olub. Lakin Qazaxıstanda siyasi müxalifətin və vətəndaş cəmiyyətinin çox zəif olması bunu hazırkı şəraitdə mümkünsüz edir. 29 ildir ölkəyə rəhbərlik edən  Nazarbayev isə  kifayət qədər yaşlanıb. Ona görə də onun 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyi həqiqətən şübhə doğurur. Ancaq onun siyasi varisinin də hakim elitanın öz daxilindən seçiləcəyi  birmənalıdır.  Söhbət ilk növbədə, “Elbaşı” Nazarbayevin qızı  Dariqa Nazarbayevanın namizədliyinin irəli sürülməsindən gedir.  Hakim AtaNur Partiyasının sədri olan Dariqa Nazarbayeva siyasi idarəetmədə xeyli təcrübə toplayıb. Ona görə də Nazarbayevin  öz qızının namizədliyi üzərində dayanacağı istisna olunmur.  Dariqa xanım prezidentlik niyyətində olmadığını dəfələrlə bəyan etdiyindən siyasi müşahidəçilər başqa bir kadrın da üzərində dayanılacağını istisna etmirlər. 

Hələlik bir fikri dəqiq söyləmək olar.  Qasım Jomard Tokayev Nazarbayevin seçkilərdə iştirak etməyəcəyini prezidentin özünün tapşırığı olmadan söyləyə bilməz. Çox güman ki, bu məlumatı dövriyyəyə buraxmağı Nursultan Nazarbayev özü tapşırıb.  Prezident Nazarbayev  yaşının kifayət qədər çox olmasını və səhhətində hər an yarana biləcək problemləri nəzərə alaraq hakimiyyətin dinc yolla ötürülməsinə hazırlaşır.  Ancaq qazax xalqının atası hakimiyyəti təhvil versə də ölkənin siyasi həyatında təsir imkanlarını bir müddət saxlamaq istəyir. Bu fikri Qasım Jomard Tokayev də təsdiq edir. Spiker  “Azadlıq” radiosuna açıqlamasında isə qeyd edib ki,  Nazarbayev  prezidentlikdən imtina etsə belə, ölkənin daxili və xarici siyasətinə çox böyük təsir göstərəcək. 

Xatırladaq ki, mayın 31-də Qazaxıstan Senatı  “Qazaxıstan Respublikasının  Təhlükəsizliyi Haqqında” Qanun qəbul edib. Həmin qanunla Nursultan Nazarbayevə  Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək səlahiyyəti verildi. Bu qərar Nursultan Nazarbayevin prezidentlik müddətinin  ömrünün sonuna qədər davam edəcəyinə dair fikirləri meydana çıxartdı. Lakin Qasım Jomart Tokayevin açıqlaması Nazarbayevin 2020-ci ildə prezidentlik kürsüsünü təhvil verəcəyini, özünün isə Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini deməyə əsas yaradır.

Buna baxmayaraq, prezident Nazarbayevin hakimiyyəti  təhvil vermək niyyəti ilə bağlı Tokayevin açıqlaması Qazaxıstan müxalifətini  də hərəkətə gətirib. Özünü yeni müxalifət təşkilatları adlandıran siyasi qüvvələrin Yeni Qazaxıstan Forumuna daxil olan üzvləri müzakirələr aparmaq üçün təcili olaraq ABŞ-a  yola düşmək qərarına gəlib. Onlardan biri Qazaxıstanın Ayagöz şəhərində yaşayan Amangeldi  Kerimtayevdir. O, 1990-cı illərdə və 2000-ci illərdə ictimai-siyasi fəaliyyətlə məşğul olub. İctimai fəal, Qazaxıstan Xalq Respublika Xalq Partiyasının fəallarından olan Amangeldi Kerimtayev 2002-ci ildə bu partiyanın fəaliyyətinin qadağan edilməsindən sonra Ayagözə qayıdıb. Qazaxıstan Respublika Xalq Partiyasının sədri, sabiq baş nazir  Akajen Kajegeldin isə 1998-ci ildə ölkəni tərk etiyindən hələ də mühacir həyatı yaşayır. Qazaxıstan Ali Məhkəməsi 2001-ci ildə Kajegeldin barəsində səlahiyyətlərindən  sui-istifadə etməklə rüşvət almaq maddəsi ilə 10 müddətinə həbs qərarı çıxarıb. 

Amangeldi Kerimtayev isə təqaüdə çıxdıqdan sonra yaradıcılıq işləri ilə məşğuldur.  Onun sözlərinə görə, yaxın vaxtlarda  yaranmış siyasi birliklər arasında qarşılıqlı ittihamlar tez-tez səslənir. Hakimiyyət orqanları onlara çox qiymət verir  və qorxur.

Amangeldi Kerimtayevin sözlərinə görə, Astanada və Almatıda siyasi partiyalar yaradılmasına baxmayaraq, onların  yerlərdəki  fəlaiyyəti   barədə  heç nə bilmirlər.  "Yerlərə onların fəaliyyəti  deyil, ancaq  barələrində söz-söhbətlər çatır".  O, ölkənin adi vətəndaşlarının  siyasi proseslərdən kənarda yaşadığını,  həm hakimiyyətə, həm də müxalifətə şübhə ilə yanaşdığını deyir.

Son illər Qazaxıstanda bir sıra yeni siyasi təşkilatlar da yaranıb. Onların bəziləri siyasi partiyalar kimi qeydiyyatdan keçirməyə çalışır, bəziləri isə sosial şəbəkədə toplaşmaqla məhdudlaşır.  Özünü müxalifət elan etmiş belə birliklərdən biri “Alaş Jolı” (Alaş Yolu) təşkilatıdır.  Alaş qədim Mərkəzi Asiya Xalqlarının birliyini əks etdirən siyasi-ideoloji rəmzdir.  “Alaş Jolı”nun əsas liderlərindən biri Maksat Nurıpbayev (İlyasılı) rəhbərlik edir. Təşkilat 2017-ci ildə qeydiyyatdan keçsə də az sonra məhkəmənin qərarı ilə qeydiyyatı ləğv edilib. 

İctimai birliyin iştirakçıları  ölkədə  ekstremist təşkilat kimi  fəaliyyəti qadağan edilmiş və keçmiş bankir  Muxtar Ablyazov  tərəfindən yaradılmış  Qazaxıstanda "Demokratik Seçki" Hərəkatının hakimiyyətə xidmət etdiyini hesab edir. Ona görə də  2018-ci il mayın 21-də  mitinq keçirəcəyini açıqladı. “Alaş jolı”  öz tərəfdarlarını  M.Ablyazovun 2018-ci il mayın 21-də keçirdiyi  mitinqə qoşulmamağa çağırdı və bu aksiyanın hakimiyyət tərəfindən təşkil olunduğunu bildirdi. 

Maksat Nurıpbayev “Alaş jolu”nun liderlərindən biri olan Sırım Abdrahmanovun  birliyi siyasi partiyaya çevirmək cəhdinə qarşı çıxır. Ona görə də bu iki müxalifət lideri arasında ciddi fikir ayrılığı müşahidə olunur. 

Maksat Nurıpbayevin sözlərinə görə, Yeni Qazaxıstan Forumunun gördüyü ilərin nəticələri   yaxın gələcəkdə məlum olacaq.  O qeyd edir ki, hakimiyyətə qarşı həm konstruktiv, həm də radikal olmaq lazımdır. 

Beynəlxalq güclər post-Nazarbayev dövrünə hazırlaşır

Siyasi ekspertlərin fikrincə, qocalmış Nursultan Nazarbayevin hakimiyyətdə qalması  Qazaxıstan və Mərkəzi Asiya uğrunda Rusiya, ABŞ və Çin kimi böyük ölkələrin geostrateji  rəqabətinin dərinləşməsinə səbəb olur.  Qazaxıstanın Avrasiya İqtisadi Birliyinin üzvüdür. Eyni zamanda, ölkə əhalisinin  19,76 faizini, yəni  sayca ikinci böyük toplumu rus əhalinin təşkil etməsi  bu ölkənin üzərində Moskvanın geosiyasi və geoiqtisadi təsir imkanlarını artırır. 

Bundan başqa,  Çinin son illər Qazaxıstan iqtisadiyyatına nüfuz  imkanlarının artması müşahidə olunur. 2017-ci ildə Qazaxıstanla Çin arasındakı ticarət dövriyyəsi  37,4 faiz artaraq 18 milyard dollara çatıb.  Ümumilikdə Qazaxıstanın Çin investorlarına olan borcları 15,8 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlki göstəricidən 4,5 faiz çoxdur. Qazaxıstan 2017-ci ildə Çinə 7600 kilometrlik boru xətti ilə 44 milyard kubmetr qaz, 12,3 milyon ton neft ixrac edib. Bunun nəticəsində Qazaxıstan büdcəsi 160 milyon dollar həcmində vergi daxilolmaları əldə edib.   Çin şirkətlərinin Qazaxıstan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 50 milyard dollara yaxındır.  

Qazaxıstanın  neft-qaz sektorunda investor kimi fəaliyyət göstərən ABŞ isə  Rusiyanı bu bölgədən sıxışdırıb çıxartmaq üçün indi hərbi-siyasi  əlaqələrin inkişafına üstünlük verir.  Qazaxıstan üzərindən hərbi yüklərini Əfqanıstana göndəmək barədə prezident Nazarbayevlə razılaşma imzalamış Tramp administrasiyası bu ölkənin hərbi-siyasi baxımdan strateji əhəmiyyətinə də önəm verir.  Rusiya kəşfiyyatı isə ABŞ-ın Qazaxıstanın Aktau və Kunık limanlarında hərbi baza yaratmaq planlarından narahatlığını bildirir. 

Ekspertlərin rəyinə görə, böyük dövlətlərin Qazaxıstana marağının artması post-Nazarbayev dövrünə hazırlıqla bağlıdır. Bunu anlayan  Nursultan Ata isə   ölkəni mümkün risklərdən sığortalamaq üçün hakimiyyəti dinc  və planılı şəkildə  ötürmək qərarına gəlib. 

Müşfiq Abdulla 

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений