Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vəkillərin səlahiyyətləri artırılmalıdır – Deputat məsələ qaldırdı



“Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, Vəkillər Kollegiyasının yeni inzibati bina ilə təmin edilməsi haqda bir müddət əvvəl parlamentdə məsələ qaldırıb.

“Ötən dəfə mən çıxışım zamanı xatırlatdım ki, cənab prezidentin sərəncamının olmasına baxmayaraq, Vəkillər Kollegiyası bina ilə təmin edilməyib. Ümid edirəm ki, bu sərəncamdan sonra müvafiq qurumlar Vəkillər Kollegiyasını yeni bina ilə təmin edəcək”.

Qüdrət Həsənquliyev hesab edir ki, “Vəkillər haqqında” qanun yenidən işlənməli, ilkin dövrdə vəkilliyə qəbulla bağlı imtahan sualları sadələşdirilməlidir.

“Eləcə də vəkillərin sübutlar toplaması üçün imkanları prokurorluq orqanları qədər atırılmalıdır. Fikrimcə, qısa müddətə Azərbaycanda vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır. Mən hüquqşünas olduğum üçün bu məsələyə hər zaman diqqət etmişəm. Hesab edirəm ki, prezidentin dünən imzaladığı sərəncam həm də bizim çıxışlarımıza verilən dəstəkdir”.

Qeyd edək ki, fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi vurğulanıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakıda müvafiq bina ilə təmin olunması üçün əlavə tədbirlərin görülməsi barədə tapşırıq verilib. Həmçinin Azərbaycanın regionlarında apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin.

Azərbaycanın şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin.

Kollegiyaya, həmçinin hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etmək, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir İKT-nin tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək tapşırılıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений