Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Veteranlar təşkilatında “sular durulmur”: Tərəflər qarşı qarşıya



Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında narazılıq davam edir. Qeyd edək ki, ehtiyatda olan general-mayor Dadaş Rzayev səhhətində yaranmış problemlərlə bağlı sədrlikdən gedib.Təşkilatın son bir illik fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edilib.Bu barədə bir müddət öncə “Cümhuriyət” qəzetinə komissiyanın üzvü ehtiyatda olan polkovnik-leytenant Abbasov Zahiddin Hümbət oğlu məlumat vermişdi.Z.Abbasovun redaksiyaya göndərdiyi şikayət məktubunda ittiham olunan Cəlil Xəlilovun mövqeyini də dərc etmişdik.C.Xəlilovun səsləndirdiyi fikirlərin doğru olmadığını iddia edən Z.Abbasov bir daha şikayət ərizəsi ilə “Cümhuriyət” qəzetinə müraciət edib.

Zahiddin Abbasovun şikayət ərizəsini olduğu kimi təqdim edirik:

“Bu il sentyabr ayının 30-da qəzetinizdə dərc etdiyiniz “Veteranlar Təşkilatında yeyinti qalmaqalı” başlıqlı məqalə vasitəsilə Respublika Veteranlar Təşkilatındakı yeyinti faktları barədə oxuculara məlumat verdiyinizə görə Sizə çox minnətdaram. Məsələ ilə bağlı bir ilə yaxın Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən Cəlil Xəlilovun mövqeyini bildirməyiniz də yerinə düşdü. Çünki, C.Xəlilov məsələyə münasibətini bildirərkən özünün əsl simasını büruzə verdi. O, təşkilatdakı mənimsəmə faktlarını üzə çıxaran komissiya üzvlərinə və vaxtilə sağına-soluna keçib rəğbətini qazanmağa çalışdığı general Dadaş Rzayevə qara yaxmaqla oxucuların fikrini əsas məsələdən - törətdiyi qanunsuz əməllərdən yayındırmaq istədi, ancaq bununla özünü çox gülünc vəziyyətə qoymuş oldu. Məsələn, qəzetinizin yazdığına görə o, deyir ki, guya ehtiyatda olan general-mayor Dadaş Rzayev insult keçirdiyinə görə bir il yarımdır ki, nə danışmaq, nə qərar vermək, nə də yazmaq qabiliyyətində deyil. Bu tamamilə ağ yalandır! 

Əvvəla, D.Rzayev xəstəliyi ilə əlaqədar il yarım yox, cəmi 11 (on bir) ay, yəni keçən ilin sentyabr ayının 25-dən bu il avqust ayının 28-dək müalicədə olub. İşə çıxandan sonra təşkilatda baş vermiş mənimsəmə faktları barədə aldığı məlumatlardan narahat olan general dərhal - avqust ayının 31-də təşkilatın 11 aylıq fəaliyyətini yoxlatdırmaq üçün komissiya yaratdı. Bu qərarı verən zaman da, hal-hazırda da ağlı başında, oxuyub yazmaqla fikrini izah etməyi bacaran, tam sağlam adam olan D.Rzayev yalnız müvəqqəti olaraq danışıq qabiliyyətini itirib. Həkimlərin fikrinə görə bu yaxınlarda onun danışıq qabiliyyəti də bərpa olunacaq. Generalı “özünü idarə edə bilməyən bir adam” kimi qələmə verib onu təhqir edənlər görünür ki, özlərini idarə edə bilmirlər. Odur ki, onlara öz səhhətləri ilə bağlı həkimlərə,  psixiatra müraciət etmələrini məsləhət görərdim. 

İkincisi, “bəzi təxribatçılar, bu təşkilata aid olmayan şəxslər özbaşına komissiya yaratmışdır” deməklə də C.Xəlilov camaatı özünə güldürür.Bu ifadə həm də onun intellektual səviyyəsinin nə qədər aşağı olduğunu sübut edir.Axı, hansı bir təşkilata kənar şəxslər gəlib komissiya yarada bilər? Avqust ayının 31-də yaradılmış komissiyanın tərkibindəki zabitlərin hamısı təşkilatın ali orqanı olan Plenumun üzvləridir. Onların dördü ehtiyatda olan polkovnik, bir nəfəri isə polkovnik-leytenantdır.İki nəfər - e.o polkovnik - Həsən Əmirov və Rasim Muxtarov, həm də Rəyasət Heyətinin üzvləridir.Ehtiyatda olan polkovnik Əliş Əliyev təşkilatın baş mütəxəssisi, e.o polkovnik-leytenant Zahiddin Abbasov isə təşkilatın daimi komissiyasının sədridir.Komissiyanın beşinci üzvü e.o polkovnik Kamal Əliyev uzun illər təşkilatda baş mütəxəssis, şöbə müdiri vəzifələrində işlədikdən sonra öz ərizəsi ilə işdən çıxmışdır.Bizim (C.Xəlilovun və mənim) dediklərimizdən hansının həqiqətə uyğun olduğunu hər hansı bir jurnalist  kiçik bir tədqiqat aparmaqla müəyyən edə bilər”. 

Z. Abbasov yazır ki,  C.Xəlilovun komissiya üzvlərini təxribatçı adlandırmağı da böhtandır:

“Belə yerdə deyirlər “oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı”. Əslində, onun özü, yol verdiyi yeyinti faktlarının üzə çıxa biləcəyindən ehtiyat etdiyindən təxribatçı hərəkətlərə yol verərək, havadarlarının köməkliyi ilə komissiyanın bir gündən artıq işləməyinə imkan vermədi: təşkilata çağırılan polis nəfərləri ertəsi gün komissiya üzvlərini inzibati binaya buraxmadıqlarından komissiya öz işini yarımçıq yekunlaşdırmağa məcbur oldu. 

C.Xəlilovdan soruşmaq lazımdır, əgər soğan yeməmisənsə, için niyə göynəyir?Əgər təmiz adamsansa, nə üçün komissiyaya qarşı belə təxribatlara əl atdın?Bu biabırçı hərəkətləri edərkən təşkilatda çalışan veteranlardan heç ayıb etmədinmi?

Mən əminəm ki, C.Xəlilov bu hərəkətlərinə görə heç kimdən nə ayıb etdi, nə də utandı.Çünki, ona çörək verən bir insana qarşı, onun xəstəliyindən istifadə edərək, hörmətsizlik, saymazlıq nümayiş etdirən, çörəyi dizinin üstündə olan, nankor bir adamdan bundan artıq heç nə gözləmək mümkün deyil”.

Məktubda  səslənən fikirlərlə bağlı yenidən Cəlil Xəlilovla əlaqə saxladıq. C.Xəlilov Zahiddin Abbasovun dediklərinin ağ yalan olduğunu bildirdi: “Zahiddin Abbasov əvvəl həbsxanada işləyib. Orada etdiyi əməllərə görə işdən kənarlaşdırılıb.Sonra da onu gətirdilər bizim təşkilata.Bizim də ona yazığımız gəldi və komissiya sədri kimi işə götürdük.Sonra başladı dələduzluq eləməyə. Orda-burda çıxan yazıları icazəsiz toplayıb, kitabça şəklində öz adına çap etdirdi. Ondan da mənə şikayətlər edirdilər ki, sizin işçi dələduzluq edir.İşə də gəlmirdi, demoqoqluqla məşğul olurdu. Belə bir adam gənclərə necə nümunə ola bilər? İndi də gedib özünə bir komissiya yaradıb, deyir gəlib oranı yoxlayıb.Sən kimsən, sənin statusun nədir ki, gəlib yoxlama aparasan?Təşkilatın özünün nəzarət komissiyası var və o, qurum heç kimə tabe deyil.Bu komissiya da təşkilatın fəaliyyətini yoxlayıb və heç bir maliyyə, qanun pozuntusu aşkarlamayıb.Gedib təşkilatdan qovulan adamlardan ibarət komissiya yaradıb.Dadaş Rzayevin adından istifadə edib saxta sərəncamlar hazırlayıblar.Onların özünü buna görə məhkəməyə vermək lazımdır.İndi hamı başa düşüb geri çəkilib, Zahiddin Abbasov isə hələ də başa düşmək istəmir. Deyir siz mənə bütöv ştat  iş verməsəniz, bütün saytları, qəzetləri üstünüzə qaldıracam. Sənin iş qabiliyyətin yoxdursa, sənə bu təşkilatda ehtiyac yoxdursa, səni necə işə götürək? Məni şantaş etmək istəyir ki, ondan qorxub,  iş verim. Nə istəyirsə, getsin eləsin”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений