hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Xaricə gedən işçilərlə bağlı qalmaqal: Tərəflər bir-birini ittiham edir - MÜSAHİBƏ

Xaricə gedən işçilərlə bağlı qalmaqal: Tərəflər bir-birini ittiham edir - MÜSAHİBƏ

Yanvar ayının 14-ü mediada və sosial şəbəkələrdə Polşanın Azərbaycandakı səfirliyinin qarşısında Şengen vizası almaq istəyən şəxslərin böyük növbə yaratdığını əks etdirən videolar yayılıb.

Qeyd edək ki, Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə Şengen vizası almaq istəyən şəxslərin üzləşdikləri problemlərə aydınlıq gətirib:

“Diplomatik nümayəndəliyin heç bir şirkət və ya şəxsin Polşanın Azərbaycandakı diplomatik korpusundakı elektron konsulluq sistemində viza ərizəsi vermək üçün qeydiyyatdan keçmək üçün heç bir ödəniş haqqı götürməyə hüququ yoxdur.

Qeydiyyat pulsuzdur və yalnız https://e-konsulat.gov.pl/ saytına daxil olmaqla qeydiyyatdan keçmək mümkündür. Viza sistemində yerləri sifariş etməklə sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə də qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur. Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığından bütün bu cür hallar Polşaya viza almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycandakı vətəndaşları tərəfindən polisə bildirilməlidir".

Mövzu ilə əlaqədar “Avanti Group” MMC-nin təsisçisi Rüfət Əhmədzadə ilə müsahibə aldıq.

Məlumat üçün bildirək ki, şirkət 2018-ci ilin may ayında yaradılıb. Şirkətin təsisçisi olan R.Əhmədzadə ixtisasca polyakşünasdır. Onun bildirdiyinə görə, şirkəti yaratmadan əvvəl də Azərbaycan gənclərinə, eləcə də vətəndaşlara Polşada iş tapmağa, universitetdə oxumağa köməklik edib.

- Rüfət bəy, bildirilir ki, bu problem son vaxtlar viza alıb və satanların sayı artdığı üçün problemlər yaranıb. Ümumiyyətlə, viza almaq üçün proses əslində necə olur?
- Qeyd edim ki, viza almaq və viza satmaq tamamilə başqa şeylərdir. Viza dəstəyi xidməti ilə isə bizim şirkət də məşğuldur. Ancaq viza satmaq bir az kobud ifadədir, çünki vizanı ancaq səfirlik verə bilir.

Ümumiyyətlə, Polşa üçün viza iki formada olur, Milli və Şengen. Milli vizanın vaxtı 90 gündən çox olur və əsasən bu vizaya təhsil almaq və Polşada uzunmüddətli işləmək istəyənlər müraciət edirlər. Təhsil və iş vizaları ümumilikdə “D” vizası da adlandırılır. Şengen vizasının vaxtı isə 90 gündən aşağı olur.
Səfirlik bir ay ərzində 16 iş günündə (5-ci gün müracət qəbulu olmur) viza alınması üçün sənədləri qəbul edir. Gün ərzində əvvəllər səfirlikdə 30-35 nəfər qəbul edilirdi və bu ayda 480-500 nəfərə çıxırdısa, indi səfirlik həmin limiti özü azaldıb. İndi gündəlik onlar 10 nəfərdən çox adamı qəbul etmir və bu aylıq 130-160 nəfərin qəbul edilməsi ilə nəticələnir.

-Polşaya getmək istəyənlərin sayının çox olmasının səbəbi nədir?

-Polşaya getmək istəyənlərin sayı həddən artıq çoxdur, çünki bu ölkədə digər Avropa ölkələrinə nisbətən son illər viza almaq asanlaşmışdı.

Kimlərsə hansısa məqsədlə Almaniyaya, İsveçə, Danimarkaya getmək, həmçinin orada gedib qaçqın kimi yaşamaq istəyirsə, bu vizanı almağa çalışır. Həmçinin, bu vizanı almaq istəyən bəzi şəxslər gedib qeyri-leqal olaraq inşaat şirkətlərində qara işçi kimi işləyə bilirlər. Onlar hansısa Almaniya, İsveç inşaat şirkətlərində qeyri-leqal çalışmaq üçün Polşa vizası almaq istəyirlər. Buna görə də müraciət çoxdur, bu çoxluq da növbələrə səbəb olur.

Bildirim ki, Polşa vizası ilə gedib Avropada gəzmək mümkündür, ancaq həmin şəxslər işləyə bilməz.

-Səfirlikdən bildirilib ki, qeydiyyat pulsuzdur və ancaq sayt vasitəsilə mümkündür. Əgər bu belədirsə, bu qədər növbə nə üçün yaranmışdı?

- Həmin şəxslərin əksəriyyəti internetdən istifadə qaydasını bilmir. Bildirim ki, bu sayt səfirliyin deyil, Polşa Xarici İşlər Nazirliyinindir. Dünyanın təxminən 80-90 ölkəsindən bu saytda qeydiyyatdan keçmək mümkündür. Ölkələrin hamısında isə Polşanın səfirlikləri var. Həmin konsulluqlar olan ölkələrdən istənilən adamlar viza almaq üçün qeydiyyatdan keçə bilərlər.

Əlavə edim ki, Azərbaycanın qeydiyyat günləri ayda 3 dəfə, bir çox halda da Ukrayna, Belarus, Özbəkistan və Hindistanla eyni vaxta düşür. Elə bu ölkələrdən Hindistanın 1 milyard əhalisi var, deməli oradan sayta çox adam daxil olur. Bu qədər çoxluğun sayta müraciət etməsi isə saytın çökməsi ilə nəticələnir. Müraciət edənlərin çox, verilən yerlərin az olması isə bu cür ajiotajlara səbəb olur. Sonra isə deyirlər ki, kimlərsə vizaları alır və satır. Dövlət saytını qırmağı şəxsən bizim şirkət edə bilməz. Ola bilər ki, kimlərsə yer satır. Həmin yeri satanlar Polşa XİN-in saytına girəcək qədər güclü xakerlər olmalıdırlar.

-Ümumiyyətlə, viza almaq üçün saytda neçə dəfə qeydiyyatdan keçmək üçün fürsət verilir və nə qədər yer ayrılır?

-Saytda ayda 3 dəfə yer açılır, hərəsində isə cəmi 50-60 yer verilir. Burada ayda cəmi maksimum 180 nəfər qəbul edilsə də, bu tələblərə cavab vermir. Məsələn, oktyabr ayında səfirlik 400-ə yaxın yer açmışdı. O zaman bizdə də nəticə yaxşı idi. Həm də çox sayda anketçimiz var idi və onların köməyi ilə daha çox şəxsə viza dəstəyi göstərə bilirdik.

Avqust-sentyabr-oktyabr-noyabr aylarına 60-a yaxın şəxsə viza dəstəyi göstərmişik. Ümumilikdə iyul ayından dekabr ayına kimi, 80-90 yaxın müştəriyə viza dəstəyi göstərdiyimizi danmırıq. Lakin bu, daim bir neçə ay diapazonda olub. Dekabr və yanvar aylarında isə cəmi 6 nəfəri səfirliyə sala bilmişik.

Digər şəxslər isə hansısa məqsədlərlə ajiotaj yaradır ki, saytı sındırıb, yer satırlar, Bakıdakı şirkətlər dələduzluq edirlər və s. Şəxsən mən Polşa səfirliyinə müdaxilə edə bilmirəm. Biz ancaq Polşa şirkətlərindən dəvətnamə alırıq və işçilərin informasiyası, anket məlumatları əsasında sənəd hazırlayıb, qeydiyyata aldırırıq.

Bildirim ki, noyabr ayından indiyədək 20-dən çox adamımız var ki, onları səfirliyə sala bilmirik. Bu problemi biz də yaşayırıq. Konsulluğa təzə konsul gəlib və o son vaxtlar çox insana imtina cavabı verir. Baxır ki, şirkətin büdcəsi azdır və yaxud hansısa şirkət çox adam dəvət edir. Bu halda o şirkətlərdən olan dəvətnamələrə imtina cavabı verilir. Belə baxanda onları haqlı saymaq olar, çünki büdcəsi az olan şirkətin çox adamı çağırmağa haqqı yoxdur. Bu viza alveridir. Lakin elə şirkət də var ki, biz ordan 30 nəfərlik dəvət almışıq, 30 nəfər briqada göndərmək istəyirik, ancaq o adamlardan 6 nəfəri görüş günü ala bilib. Amma hamısı da viza alıblar, sadəcə digər 24 nəfər hələ görüş gününün alınmasını gözləyirlər.

-Viza alaraq Polşaya gedən vətəndaşlar daha çox orada hansı işləri görürlər?

- Hazırda orada mebel fabriklərində, izolyasiya örtükləri istehsal edən müəssisələrdə, avtomobil ehtiyat hissələri zavodunda işləyən azərbaycanlılar var. Lakin əksəriyyətini təmir-inşaat işçiləridir. Onlar arasında suvaqçılar, rəngsazlar, kafel-metlax ustaları olur. Həmçinin, bir neçə həmvətənimiz qaynaqçı kimi də zavodlarda çalışır.

Həmçinin balıq, toyuq qablaşdırması edən şirkətlərdə və geyim, ayaqqabı anbarlarına da buradan işçilər göndərilir.

-Viza almaq istəyənlər arasında çoxluğu hansı cinsin nümayəndələri təşkil edir?

-Viza almaq istəyənlər əsasən kişilər olur. Ancaq qadınlardan da getmək istəyənlər var. Məsələn, biz əvvəl atelye ilə çalışırdıq və həmin şirkətə biz 4 qadın göndərmişdik. Hətta dərzi kimi göndərdiyimiz bir qadının yaşı 55 olub, viza alıb, hazırda orda çalışır.

Bundan başqa kosmetika fabriki üçün də qadınlar göndərmişik. Hal-hazırda da dərzilərimiz var ki, biz onlara viza almaq üçün çalışırıq. Qeyd edim ki, qadınlar üçün vizadan imtina cavabı almaq riski yüksəkdir. Bu isə tək bizim şirkətimizə aid deyil, hamıya aiddir.

- Bəs gedənlər orada nə qədər maaş alır və harada qalırlar?

-Təxminən fabrik, zavodlarda 1 saata görə işçilərə 2.30-3 avro arası ödəniş edilir. Onlar arasında peşəkar ixtisaslı olanlar olur ki, hər saat üçün 4-5 avro arası maaş alırlar. Məsələn, qaynaqçılar saatına 5 avro pul alırlar.

İşləyənlərə evlər isə fabrik və zavod tərəfindən verilir. Onların maaşlarından ancaq kommunal xərclər çıxılır, bu da bizim pulla təxminən 100-150 manat edir.

Eləcə də onların vergisi ödənilir, işə gedib gəlmələri üçün nəqliyyat təşkil edilir.

Əslində orada işəgötürənlə işçilər arasında əmək müqavilələrində fərqlər də var. Məsələn, avtomobil zavodlarına işçilər vermişik ki, onlar əlavə işlədikləri 9 və 10-cu saatlara görə 50 faiz çox maaş alırlar. Şənbə günü işlədikdə isə onlar aldıqlarının 100 faizi, yəni ikiqat ödəniş alırlar. Bu da təxminən 900-1000 avroya qədər olur. Ancaq adamlar da var ki, onlar gedib geyim anbarında çalışır və konkret saatına 3 avro alırlar.

Əlavə edim ki, əvvəllər Polşada daha çox ukraynalılar işləyirdi. İndi isə onlar maaşa görə Polşaya maraqlı deyil, bu səbəbdən də başqa Avropa ölkələrinə üz tuturlar.

-Maraqlıdır, şirkət olaraq viza almaq istəyən şəxslərdən ödəniş tələb edirsinizmi və bu təxminən nə qədər olur?

-Səfirlik ödənişli xidmət göstərən şəxsləri, şirkətləri cinayətkar kimi qələmə verir ki, guya qanunlar pozulur. Hətta səfirlik bizim haqqımızda hüquq mühafizə orqanlarına şikayət də yazmışdılar. Məsələ orasındadır ki, dünyanın istənilən yerində vətəndaşlara viza dəstəyi göstərirsənsə, bu adam üçüb sığorta, sənəd paketini hazırlayırsansa, üstəlik ofis, işçi saxlayırsansa, sənin gəlir mənbəyin olmalıdır. Gəlir mənbəyi isə fəaliyyətdən idi.

Biz artıq səfirliyin şikayətlərinə görə ödənişli xidməti dayandırmışıq. İndi ancaq özümüzün Polşaya göndərdiyi briqadalar var ki, ancaq onlar üçün yer götürürük. Bu da bəzi şəxslərdə qıcıq yaradır, çünki onlar kiməsə pul verib dəvətnamə alıb, ancaq yer götürə bilmirlər.

-Son olaraq mövzu başqa nə demək istərdiniz?

-Bildirim ki, əsas problem Polşa səfirliyinin özündən doğub. Onlar yer və qeydiyyat limitini azaldıblar, buna görə də camaat səfirliyin qarşısına gəlib.

Bundan başqa Polşa Xarici İşlər Nazirliyinin Baş Konsulluq İdarəsi öz saytını qoruya bilmir və deyir ki, xaker müdaxiləsi var. Əgər saytı qoruya bilmirlərsə, məsuliyyət onlardadır. Avropanın dövləti olan Polşanın saytını qoruya bilməməsi təəccüb doğurur. Kimlərsə, Ukraynadan, İndoneziyadan və ya başqa yerdən sayta girib müdaxilə edə bilirlər. Təkcə Azərbaycanda deyil Ukraynada, Minskdə, Hindistanın özündə yüzlərlə insan səfirliklərin qarşısına yığılır ki, saytdan yer götürmək olmur, qələmlə bizi qeydiyyata alın. Mən Polşa səfiri Marek Tsalkaya məktub yazmışdım ki, yerli ekspertləri, şirkət nümayəndələrini çağırıb dəyirmi masa təşkil etsin və ölkə üçün bunun mexanizmini quraq. Elə edilməlidir ki, hər kəs öz hüququndan istifadə edə bilsin və limit çoxalsın.

Hicranə İsmayılova

Cebhe.info


Oxunma sayı: 1121