Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xidmət yox, qiymət baha: Turistləri Azərbaycandan qaçıranlar



Azərbaycanda turizminin mövcud durumu heç də ürəkaçan deyil. Turizm istənilən ölkə üçün əhəmiyyətli və gəlirli sahələrdən biridir. Turistlərin sayının çoxalması ölkə büdcəsinə əlavə qazancın gəlməsi deməkdir. Amma təəssüflər olsun ki, ölkəmizdə illərdir ki, bu sahədə nəzərə çarpan inkişaf yoxdur. Baxmayaraq ki, 2025-ci il üçün Azərbaycan turizmin inkişafı baxımından dünyanın 20 aparıcı ölkəsi sırasına daxil olmalıdır. Bu gedişlə Azərbaycanın turizm baxımından ön yerlərdə dayanması heç də real görünmür. 

Sirr deyil ki, Azərbaycanın bir çox bölgələri artıq turizm mərkəzləri kimi formalaşıb. Amma bu sadəcə, formal xarakteri daşıyır. Keyfiyyətsiz xidmət və baha qiymətlər insanları həmin mərkəzlərə cəlb etmir. Nəzərə alaq ki, Azərbaycanın hər bölgəsinin öz təkrarolunmaz gözəlliyi və üstünlükləri var. Bu bölgələrdə turizmin inkişafı üçün lazimi infrastrukturu qurub-yaratmaq mümkündür. Doğrudur, bəzi bölgələrdə bu imkanlar yaradılıb. Amma qiymətlərdəki bahalıq nəinki əcnəbiləri, yerli vətəndaşları belə istirahət mərkəzlərində dincəlməkdən yayındırır. Fakt ondan ibarətdir ki, həmin qiymətlərdən daha ucuz və yüksək xidmətlərlə qonşu ölkələrdə yüksək səviyyədə istirahət etmək mümkündür. Ən azı ona görə ki, xarici ölkələrdə göstərilən xidmət səviyyəsi Azərbaycandakından ikiqat yüksək olur. 

Məlumat üçün qeyd edək ki, Azərbaycanda bir çox proqramlar əsasında turizm sahəsində beynəlxalq standartlara cavab verən üç və beşulduzlu mehmanxanalar tikilir. Bununla yanaşı, yeni turizm zonaları yaradılır. Hətta gələcəkdə bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Bir sözlə, ölkədə yay və qış turizmi ilə yanaşı, həm də kənd, sağlamlıq və mədəni turizm də inkişaf dövrünü yaşayır. Məsələ burasındadır ki, ölkəmizdə dincəlmək üçün bölgələrə üz tutan yerli vətəndaşlar, həmçinin əcnəbilər yaradılan şəraitlə qane olmurlar. Əsasən, yerli turistlər bir dəfə üz tutduqları məkana təkrar dincəlmək üçün getmirlər. İlk növbədə göstərilən xidmətin səviyyəsi onları yorur. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin məlumatına əsasən bu ilin 5 ayı ərzində Azərbaycana 1 milyon 55 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Onlardan təxminən 29,3 faizi Rusiyadan, 22 faizi Gürcüstandan, 22 faizi İrandan, 11 faizi Türkiyədən olub. Qurumdan bildirilib ki, ərəb ölkələrindən, Avropa Birliyi ölkələrindən də təxminən 13 faizə qədər turist artımı var. Ümumi göstəriciyə əsasən, ötən ilki dövrlə müqayisədə 10, 1 faiz turist artımı var. Gələnlərdən 61,8 faizi kişilər, 32,2 faizi qadınlardır. Ən çox turist səfərləri Novruz bayramı və "Formula-1" yarışları keçirilən müddətdə qeydə alınıb. Gələnlərdən təxminən 60 faizi dəmiryolu və avtomobil nəqliyyatından, 39 faizi avianəqliyyatdan, 1 faizi isə su nəqliyyatından istifadə edib. Xarici turistlər əsasən Bakı və Abşeron yarımadasına gəlirlər. Ondan sonra populyar turizm marşrutları Quba-Xaçmaz, Qəbələ-İsmayıllı, Şamaxı, Şəki, Zaqatala, Gəncə zonasıdır. Bu sadalanan bölgələrin turizm potensialından daha çox istifadə olunur. 

Azərbaycandan gedən turistlərin sayına gəldikdə isə bildirilir ki, hələlik bu il ərzində xaricə səfər edənlərin statistikası hazır deyil. Ötən il isə 4 milyondan çox Azərbaycan vətəndaşı xaricə səyahət edib. Onlar Türkiyəyə, Rusiyaya, Fransaya, Böyük Britaniyaya, Qətərə, Dubaya gediblər. Rəqəmlərdən göründüyü kimi ölkədən gedənlərin sayı, ölkəyə gələnlərdən ikiqat çoxdur. Reallıq odur ki, Azərbaycana gələn turistlər konkret istirahət etmək üçün buranı seçmirlər, onlar hansısa beynəlxalq tədbir və yaxud milli bayramla əlaqədar gəlirlər. Görünən odur ki, yeni yaranan Dövlət Turizm Agentliyi də bu sahədə hansısa irəliləyişlərə nail ola bilmədi. Turizmin inkişafı ilə bağlı konkret yol xəritəsi cıza bilmədi və bu sahə getdikcə zəifləməkdədir. Nə qədər ki, turizm sektoru ilə bağlı əhəmiyyətli addım və tədbirlər planı həyata keçməyəcək, o qədər bu sahədə çatışmazlıqlar mövcud olacaq. 

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений