Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

YARIMÇIQ MİSSİYA-FİLM (Əbülfəz Elçibəyin xatirəsinə



İlahi məntiqə görə, hər bir insan dünyaya hansısa bir missiyanı yerinə yetirmək üçün gəlir.

Və müəyyən zaman ölçüsündə bu öhdəliyi yerinə yetirib yenidən Haqqın dərgahına qayıdır. Eləsi olur ki, Mikayıl Müşfiq kimi, Cəfər Cabbarlı kimi gənc yaşlarında, eləsi də olur, ahıl çağlarında bu missiyanı sona çatdırır. Amma mənə elə gəlir ki, Əbülfəz Elçibəy sona çatdırmadı Tanrıdan payına düşən öhdəlikləri...

Zalım deyildi, şəxsi maraqları da yox idi. Barışıq istəyirdi, milli qürurunu hər şeydən üstün tuturdu. Güzəştə çox gedirdi. Əksəriyyətin qələmə aldığı cild-cild kitablardan fərqli olaraq onun yazdığı bir-iki kitab hətta cılız bir millətin belə şərəfini qaldırmaq üçün dəyərli bir dərs idi.

Onda bu fərasət hardandır görən?
Onun gücü xalqda, kəsəri haqda.
O, xalqın önündə əyildiyindən,
Tabutu önündə əyildi xalq da.
(Bəxtiyar Vahabzadə)

Bəzən yanlış danışsa da, düşüncə və fikirləri dürüst idi. Uşaqla uşaq, böyüklə böyük idi. Qınaqlara tuş gəlməsi də bundan doğurdu. Hər gün ekranda görünməkdənsə iş görməyi daha vacib hesab edirdi. İş görməyi isə hamıdan yaxşı bacarırdı. Hakimiyyətə qədər milli oyanışı ən yüksək həddə çatdıran Elçibəy prezidentlik dövründə də çox məsələləri həll etdi. Kökü uzun illər öncəyə gedən rüşvətxorluğun belini sındırmaq üçün çox addımlar atdı. Təkcə ali məktəblərə tələbə qəbulunda test üsulunu tətbiq etməsi bu istiqamətdə əvəzedilməz xidməti idi. Hər halda sadə xalq bundan yararlandı. 

Onun dövründə polisdən hansısa ünvanı soruşanda yanına düşüb ədəb-ərkanla səni lazım olan yerə qədər ötürürdü. Ermənipərəst rus ordusunun ölkəmizdən çıxarılması isə bu xalq üçün ölçüyəgəlməz, lakin hələ dərk olunmayan yaxşılıq idi. Halbuki düz 200 il idi ki, Azərbaycanda rus ordusuna "gözün üstdə qaşın var" deyən yox idi.

İlk dəfə Elçibəy göstərdi ki, biz düşmənlərdən qorxmuruq və lazım gələndə üç həftəyə Dağlıq Qarabağın 60 faizini azad etməyi bacarırıq. Onun cəmi bir illik hakimiyyəti Vətən uğrunda şəhid olmağın fəlsəfəsini hamıya aşıladı. O vaxt çağırışdan qaçan əsgər problemi yox idi, gündən-günə artan könüllülər batalyonuna silah-sursat çatdırmaq problemi vardı. Yüzlərlə əsgər komandirlərinə irad bildirirdi: "Nə vaxta qədər səngərdə duracağıq? Bizi qaynar nöqtələrə aparın". Ordudan yayınmaq üçün "dəlilik kağızı" almaq dəbdə deyildi o vaxt...

Amma bütün bunlara baxmayaraq yenə də deyirəm ki, Əbülfəz Elçibəy sona çatdırmadı Tanrıdan payına düşən missiyanı...

Onun ölüm xəbəri çox sarsıdıcı oldu. Bunu dəfn mərasimi göstərdi. Qəbrini müqəddəs ziyarətgaha çevirdilər. Onlarla vətən oğlu türmədən çıxanda evindən, qohum-qardaşından əvvəl Elçibəyin məzarı ilə görüşdü, sevgililər xeyir-duanı ondan aldılar. Bax bu, insan üçün ən böyük şərəfdir. 

Yandı bizim üçün, duymadıq onu,
Çatmadı işığı gözlərimizə.
O, öz istisini, o, öz nurunu,
O biri dünyadan göndərdi bizə.
(Bəxtiyar Vahabzadə)

Son illər Bəyi çox qınayırlar, onu bəzi məsələlərdə günahlandırırlar. Amma gəlin, tələsməyək! Hər şeyi zamanın ixtiyarına buraxaq - özü demişkən. Axı hələ çoxumuzun çox şeydən xəbəri yoxdur...

Yerin Cənnət olsun, Bəy!

Səbuhi Rəhimli

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений