Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Yaşıl turizm”dən də vergi alınacaq: İstirahət də bahalaşacaq



Dünya turizm sənayesində kənd turizmi xüsusi yer tutur. Xüsusilə, böyük meqapolislərin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir.

Kənd turizmi - kənd evlərində və ya düşərgə sahələrinə yaxın məskunlaşma yerlərində təşkil olunmuş, ev sahibləri ilə sıx əlaqə saxlayaraq və meşələrdən rahat istifadə imkanı ilə xarakterizə olunur. Tur əsnasında qısa müddətə - 2-3 gündən 1 həftəyədək qalmaq olar. Bəzən ilin dörd mövsümündə kənd turizmindən faydalanan turistlər də olur. Kənd turizmində bəzən turistlər ev sahibinin gündəlik işlərinə cəlb olunmasında maraqlı olurlar. 

Onlar meyvə-tərəvəz, şəfalı bitkilər toplayar, milli yeməklərin hazırlanmasında xüsusi maraq göstərərlər, həmçinin bölgənin adət-ənənəsinə və xüsusi günlərdə təşkil olunan tədbir hazırlıqlarına qatılarlar. Bu fəaliyyətlərlə yanaşı, turistlər fərqli mədəni turizm yürüşlərinə, dağda velosiped sürməyə, at minməyə, həmçinin monastırlara, muzeylərə, arxeoloji sahələrə və digər yerləri ziyarət etməklə, yerli dil öyrənərək birlikdə həyata keçirməyə üstünlük verirlər.

Kənd turizmi, həqiqətən, böyük şəhərlərin urbanizasiyasından çıxmaq üçün bir fürsətdir. Beləliklə, insanlar sənaye mənzərəsini tərk edərək təbiətə yaxınlaşa bilərlər. İnsanlar daha kiçik evlərdə, torpağa yaxın yaşamaq, ev sahibinin təşkil etdiyi müxtəlif tədbirləri müşahidə etməklə öz köklərinə dönərək nostalji hisslər yaşayırlar. Kənd turizminin xarakterik bir xüsusiyyəti də turistlə fərdi əlaqə quraraq mümkün qədər onlara ətraf mühiti və mənəviyyatı hiss etdirməkdir. Kənd turizmi tərəfdarlarının əksəriyyəti orta və zəngin təbəqənin insanlarıdır ki, bu şəxslər də milli dəyərlərə və mədəni kimliyə böyük əhəmiyyət verirlər.

Xarici ölkələrdə kənd turizmi geniş inkişaf etməkdədir və bundan dövlətə vergi də ödənilir. Lakin Azərbaycan reallığında kənd turizminin inkişaf səviyyəsi və perspektivləri hələ ki, ürəkaçan səviyyədə deyil. Son zamanlar xüsusən regionlarda çox geniş yayılmış bir tendensiya var. Belə ki, sosial şəbəkələrdə kənd turizmi ilə məşğul olan insanların əlaqə nömrələri paylaşılır. Elanlarda evlərini gündəlik 20 manata kirayə verən şəxslər barədə məlumatlar verilir. Məlum məsələdir ki, onlar heç biri qazandıqları gəlirdən dövlətə vergi ödəmir. 

Ekspertlər hesab edir ki, dövlət tərəfindən məqsədli kiçik kreditlərin verilməsi kənd yerlərində qonaq evlərinin təşkilini, eyni zamanda kəndlərin infrastrukturunun da yaxşılaşmasına müsbət təsir göstərə bilər. Bundan əlavə, ölkəmizdə turizmin bu növünün yayılması üçün regionlarda geniş maarifləndirmə işinin aparılması əsas şərtlərdən biri hesab olunur. Müasir insanlar hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin vacib təmsilçisinə çevrilir.

Azərbaycan Turizm və Menecment Universitetinin professoru Bahadur Bilalov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hər bir sahibkarlıq subyekti dövlətə vergi ödəməlidir:

“Tək rayonlarda deyil, paytaxt Bakıda da evini yüksək qiymətə kirayə verən sahibkarlar da var ki, dövlətə vergi ödəmir. Kənd turizminin vergiyə cəlb olunması kimi məsələlər daha çox yay mövsümündə gündəmə gəlir. Öz evlərini turistlərə kirayə verənlər təəssüflər olsun ki, vergidən yayınırlar. Hesab edirəm ki, bunun sivil bir yolu olmalıdır. Azərbaycan qanunvericiliyinə görə istənilən sahibkarlıq subyekti vergi ödəməlidir.

İnsanlar fərdi sahibkar kimi VÖEN alıb vergi orqanında qeydiyyatdan keçib, gəlirindən vergi ödəməlidir. Xüsusən də kənd yerlərində vergilər o qədər də yüksək deyil. Zənnimcə, regionlarda geniş maarifləndirmə işləri aparmaq lazımdır. Büdcəyə ödənilən vergi ölkənin iqtisadi dayaqlarınını möhkəmlənməsinə xidmət edir.

Dövlət 5-10 nəfərin deyil, hər kəsindir. Ödənilən vergidən büdcə təşkilatında çalışan müəllimlərin, həkimlərin və bu tipli büdcədən maliyyələşən işçilərin əməkhaqqını formalaşdırır. Ona görə də hər birimiz çalışmalıyıq ki, haradansa gəlir əldə ediriksə, mütləq vergisini ödəyək”.

Yeganə Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений