Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yazarların unutduğu Güney, Qarabağ, Şəhid...



Son vaxtlar ədəbiyyatda qəhrəman və şəhid mövzusu, Qarabağ və Güney Azərbaycan probleminin gündəmdən düşməsi müşahidə olunur. Bəlkə də ola bilsin, sadaladığımız mövzuların təbliğatı müəyyən mənada uğurlu olmur. Hər halda, son illər bu mövzularda tutarlı bir nəşrin ortaya qoyulduğunun şahidi olmamışıq. Niyə son illər yuxarıda sadaladığımız mövzu ədəbiyyatda işlənmir və bunun səbəblər nədir?

Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuz deyir ki, bu mövzuların hamısında nəşrlər var: “Sadəcə olaraq, bizdə insanlar kitab oxumurlar. Qarabağ mövzusunda Elçin Hüseynbəyli nə qədər hekayə, povest yazıb. Sonuncu romanı “İki od arasında” da Qarabağa aiddir. Mənim “Ovçu” romanım mətbəədədir. Bu mövzu ilə bağlı Aqil Abbas ssenari yazır. Amma oxucu tapılmır ki, bu kitabları alıb oxusun. Bilirsiniz ki, oxucu maraq dairəsini özü formalaşdırır. Mənim oxucularım tarixi roman oxumağı xoşlayır. Oxucu var ki, detektiv oxuyur. Oxucu da var ki, sosial həyatdan yazılanlara - ər-arvadla necə boşandı, necə bir-birini qırdı kimi mövzulara meyil edir. Yəni bu oxucunun öz marağından asılıdır”. 

“Qarabağdan kifayət qədər yazılır”

Yazışı-dramaturq Elçin Hüseynbəyli bizimlə söhbətində bildirdi ki, Güney Azərbaycan mövzusu ilə bağlı dövri mətbuatda, həmçinin kitab çapında baş verənlərdən xəbərsizdir: “Güney Azərbaycan mövzusunda kimlər yazır, nə yazır, düzü, bilmirəm, izləməmişəm. Diqqətlə izləməmişəm, bəlkə də müraciət olunur. Şəhidlərə gəlincə, bu mövzuda xeyli sayda filmlər çəkilir, kitablar yazılır. Mən özüm Məşrutə inqilabı ilə bağlı roman yazmağı düşünürəm. Aidə Eyvazlının, Nigar İsmayılqızının kitabları var. Gülamail Muradın, Nəcibə İlkinin şəhidlərlə bağlı bir neçə poeması çıxdı. Mənim “Canımız Qarabağ, yazımız Qarabağ” adlı layihəm var idi, QHT Şurası maliyyələşdirirdi. Artıq ikinci layihəni də ötən ilin payızında həyata keçirdik. Anar (Rzayev) müəllim başda olmaqla Cocuq Mərcanlıda, Horadizdə olduq. Orada da şəhidlərlə, Qarabağ döyüşçüləri ilə bağlı kitabları oxuculara təqdim etdik. Yəni demək olmaz ki, yazılmır. Mənə elə gəlir ki, kifayət qədər yazılır”.

“Əkrəm Əylisli peşəkar yanaşmaq istədi, amma...”

Yazıçı-publisist Hafiz Mirzə hesab edir ki, Güney Azərbaycan mövzusunu daim aktual saxlamaq lazımdır: “Mən deməzdim ki, ədəbiyyatın şəhidliyə münasibəti bu mövzunun artıq maraq doğurmamasına görədir. Xeyr! Artıq bu mövzuda çox yazıldı. Publisistik və sənədli yazılar bədii yazıları- ədəbiyyatı üstələdi. Bu da cəmiyyətin qəzetə kitabdan daha operativ dəyər verməsindən qaynaqlandı. Nəticədə publisistika mövzunu doydurdu, naşılıq və özfəaliyyət səviyyəsi hətta bezdirdi. Ədəbiyyat hər bir mövzuya daha ciddi, fundamental yanaşma və zaman tələb edir. Üstəlik, artıq bu mövzu emosionallıq, siyasilik, millətçilik, vətənpərvərlik deyil, sırf peşəkarlıq tələb edir. Cəmiyyət isə hələ peşəkar yanaşmanı qəbul etməyə hazır deyil. Bir azacıq Əkrəm Əylisli peşəkar yanaşmaq istədi. Amma gəlib, siyasətə, ciddi təhriflərə və özünün hansısa korporativ maraqlarına söykəndi. Nəticədə bu cəmiyyət onu bağışlamadı, başına nə oyunlar açdılar.

Mənim də bu mövzunu 50 faiz əhatə edən “Nilufər gülü" adlı bir romanım var. Roman 2004-cü ildə bitsə də, dəfələrlə redaktə etsəm də, hələ də nəşr etdirmək istəmirəm. Çünki mənim cəfəng diskussiyalara, gülünc, qınaqlara sərf etməyə vaxtım və həvəsim yoxdur. Ədəbiyyat çox ciddi sahədir, onu birmənalı və qərəzsiz qəbul etmək lazımdır. Amma hələ də bizdə publisistika ilə ədəbiyyatı səhv salanlar böyük çoxluq təşkil edir. Mənim kimi çox yazarlar var ki, yazıb saxlayıblar. Camaat fundamental, dərin bədii əsərlər oxumağa meyilli deyil. Seriallara, ucuz tok-şoulara baxmağa vaxt sərf edir. Son illər milli xarakterimizə soxulmuş bəzi qüsurlar da şəhidlik və Güney Azərbaycan mövzusuna marağı azaldır. Yəni şəhidlik dindən gələn anlayışdır. Dini bilmədən, Həzrət Hüseyni sevmədən, ürfani-eşqi anlamadan şəhidlik barədə mükəmməl əsər yaza bilməzsən!”

“Güneydən gələn materialları çap etmək imkanımız yoxdur”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruzun da məsələyə münasibətini öyrəndik: “Güney Azərbaycan mövzusu bizim üçün daim aktualdır. Görüşlər, konfranslar keçirir, nəşrlər reallaşdırırıq. Biz öz gücümüzə çalışırıq ki, bu mövzunu gündəmdə saxlayaq. Amma bəzi hallarda təəssüflər olsun, siyasi-nöqteyi-nəzərdən çalışırlar ki, Cənubi Azərbaycanı boykotda saxlasınlar. Yaxud da Cənubi Azərbaycanda olan şair və yazıçılar siyasi hadisələrə görə özlərini təbliğ, çap etməkdən qorxurlar. Çünki İran dövləti birmənalı olaraq Azərbaycan dövlətinin təbliğinə müsbət baxmır. Bir çox səbəblər var, saydığım səbəblər də onların içindədir -bizə mane olur ki, istədiyimiz səviyyədə bu mövzunu təbliğ edə bilək. Müstəqil Azərbaycanın, Şimali Azərbaycanımızın ədəbiyyatı təbliğ etmək üçün kifayət qədər vasitələri - KİV, AYB var. Dövlət büdcəsi, orqanları, qəzetləri, jurnalları mövcuddur. Bəs Cənubi Azərbaycan özünü necə təbliğ edəcək? Hansı büdcə, imkan, vasitə ilə özünü təbliğ edəcək? Oradan gələn materialları biz kitab halında çap etmək üçün çətinlik çəkirik. Bir qəzetimiz, jurnalımız yoxdur. Onların pərakəndə şəkildə çap olunması təbiidir ki, gözə görünməyəcək. “Azərbaycan” jurnalında, “Ədəbiyyat” qəzetində çap olunur.

Təbiidir ki, bu pərakəndə şəkildə çap olunduğu üçün gözə görünməyəcək. Amma bu bir mərkəzdən qəzet, jurnal kimi çıxsa, necə deyərlər, davamlı olaraq çap olunsa, artıq camaat, kütlə də biləcək və izləyəcək. Bunu mərkəzləşdirmək lazımdır. Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsi demək olar ki, büdcə təşkilatlarının gücü çatmadığı səviyyədə çalışıb. Pulsuzluq, imkansızlığa baxmayaraq… Mənə elə gəlir ki, AYB olaraq bundan artıq nəsə etməyə gücümüz yoxdur. Gücümüz çərçivəsində nə lazımdırsa, edirik. Bundan artıq da fəaliyyət göstərmək üçün bizim vəsaitə, diqqətə və imkanlara ehtiyacımız var. Biz də istədiyimiz formada mövzunun təbliği ilə məşğul olarıq. İyirmiyə yaxın o tay-bu taylı kitablar çap etmişik. 100-ə yaxın görüşlər keçirmişik.

Məhəmmədhüseyn Şəhriyarın 110 illiyini keçirmişik. Yəni bir çox işlər etmişik. Üstəlik də bu tay yazıçıların orada 50-dən çox kitabı çap olunub. İsa Muğanna, Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdullanın kitablarını demək olar ki, orada çap etmişik. Bütün bunların hamısı bizim fəaliyyətimzin nəticəsində baş verib. Bu bizi qane etmir. Bizim daha çox imkanlara ehtiyacımız var. Mən hər zaman deyirəm ki, 9-10 milyonluq Azərbaycan Respublikasının bir Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirliyi var ki, ona da 1 milyonluq vəsait ayrılır. Azərbaycan respublikasında da hamı özü dilində yazır, oxuyur, heç bir problem də yoxdur. Təsəvvür edin ki, 40 milyonluq Cənubi Azərbacanda insanların ana dilində yazıb-oxumağa imkanları yoxdur. Tarixləri, mədəniyyətləri əlindən alınıb.Təsəvvür edin ki, o xalqı ayaqüstə saxlamaq üçün nə qədər büdcə lazımdır. Bu şərtlər daxilində bundan artıq nəsə etmək mümkün deyil”.

Aytən Həsənova

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений