Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni kitabını cəmi 20 nəfər oxuyan Rasim Qaraca: “Yaxşı yazıçıya bir az artistlik də lazımdır” - MÜSAHİBƏ



“Cümhuriyət” qəzeti yazıçı, şair Rasim Qaraca ilə günümüzün ədəbiyyat problemlərini müzakirə edib. Müsahibədə günümüzün ədəbi reallıqlarına və yazarlarımızın fəaliyyətləri haqqında məsələlərə toxunulub.

Cebhe.info müsahibəni təqdim edir:

“Talantlı insanlar adətən utancaq, təvazökar və səssiz olurlar”
 
- Sizə elə gəlmirmi ki, bizim yeni yazarlar xarici ədəbiyyat adamlarının həyatlarını təqlid edirlər? Belə desək, onlar kimi yazmaq yerinə, onlar kimi yaxşı yeyib-içmək istəyirlər və buna görə də süni bir əzab çəkmək yoluna baş vurmaqla özlərini öz qazdıqları quyuya salıb boğurlar.

- Təqlid etmək pis bir şey deyil. Yazmağa başlayan gənc yazıçı təbii olaraq kimlərisə təqlid edir, bu, öz üslubunu tapana qədər davam edə bilər. Lakin bir də yazıçı rolunu oynayanlar var. Ən yaxşısı onlar haqqında danışmayaq. Belələri dünyanın hər yerində var. Hətta, bəzən önə çıxırlar və kütlənin sevimlisinə çevrilirlər. 

Mənim müşahidəmə görə ikinci dərəcəli yazarların ikinci dərəcəli də oxucuları olur. Əlbəttə, onlar əsər yazmaqdan öncə məşhur yazarların həyat tərzini, onların maneralarını mənimsəyirlər. Sizə deyim ki, bu metod çox zaman işləyir, kütləyə bəzən əsər deyil, elə manera lazımdır. Bizim sıravi oxucudan soruşsanız, bəzən tanıdığı, yaxşı yazıçı hesab etdiyi adamın heç bir əsərini oxumayıb. Yaxşı yazıçıya bir az artistlik, “pr” ustalığı, yaxşı natiqlik qabiliyyəti də lazımdır, lakin talantlı insanlar adətən utancaq, təvazökar və səssiz olurlar.

- Ümumiyyətlə, təqlid etməyə niyə meyilliyik?

- Təqlid etmək hələ özünü, öz yolunu tapmamış insanların sığınacağıdır. Bu o deməkdir ki, təqlid edən insanın özü boşdur, yazmağa və ya deməyə bir sözü yoxdur. Varsa da aldığı tərbiyə və təhsil onun özünüifadə imkanlarını açmayıb. Azərbaycan insanının çoxunda buna rast gəlmək olar, fəhmlə özünün hansısa qabiliyyətinin olduğunu başa düşür, amma qorxaqlığı və cəsarətsizliyinə görə başqalarını təqlid etməyə üstünlük verir. Öz sözü olmaq cəmiyyətin vermiş olduğu şablonlardan qurtulmaq deməkdir. Tarixdən tanıdığımız, adətən usta yazıçı saydığımız insanlar şablonlarla əlaqəsini kəsmiş insanlardır.

“Bəzi yazarları Azərbaycan oxucusu öz beynində blokaj edib”

- Bəs bizdəki bu özümüzü bəyənməzlik kompleksi, sindromu haradan yaranır?

- “Yerli yazardırsa demək oxumağa dəyməz” önyarğısıyla mən də tez-tez rastlaşıram. Ancaq bunun əksini də görürük, kütlənin bəyənini qazanmış yazarlarımız da çoxdur - adətən detektiv yazarlar çox oxunur. Kitab satışı yerlərində eşitdiyim bir cümləni xatırlayıram: “müəllim, bu tərcümə etdiyiniz kitablar yaxşıdır, amma oxucular bizim öz hadisələrimizi istəyir”. Bu bir paradoksdur. Adlarını çəkməyəcəyəm, bəzi yazarları Azərbaycan oxucusu öz beynində blokaj edib, etiraf edim ki onlardan biri də mənəm. Adətən “Alatoran” qrupu yazarlarına oxucu skeptik baxır, biz ənənəvi qəliblərə qarşıyıq, lakin oxucu ədəbiyyatdakı dağıdıcılığı dəstəkləmir, xüsusilə, onun sabit, sistemli həyatını pozan, bir mənada ona özünü tanıdan əsərlərdən qaçır, belə demək olarsa. Bunun da adı olur özünübəyənməzlik...

“Dahilərdən sitat gətirmək  daxilən boş olmanın ifadəsidir”

- Hazırda elə bir vəziyyət yaranıb ki, ədəbiyyat çevrəsində Tolstoydan, Cek Londondan, Dostoyevskidən, nə bilim, Pablo Nerudadan sitat gətirməsən sənə pis baxırlar. Yerli yazarlarımızı gözardı edən, kulisdə qoyan əsas səbəblər nədir?

- Başqalarından sitat gətirmək, yenə də öz sözünün olmaması deməkdir. Dahilərdən sitat gətirmək belə insanlar üçün qalxan rolunu oynayır, daxilən boş olmanın ifadəsidir və sitatların arxasında gizlənməklə bu boşluğu pərdələmək istəyindən qaynaqlanır.

- Yeni yazarlarımız daha çox içki içmək, intihar meyilindəymişlər kimi görünürlər. Bu, sünidir, ya həqiqətən onları bura yönəldən ciddi problemlər var? Ya bunun özü yeni yaranmağa cəhd edən və özünü boğulduğu quyudan çıxarmağa çalışan ədəbiyyatın problemidir?

- Ümumilikdə bizim yazarlar duyğu sümürücüləridir, özlərinə yazığı gəldirtməklə bu yolla gündəmdə qalmaq istəyirlər, lakin bu perspektivsiz bir yoldur, sonunda gerçəkdən də şairi intiharın qapısına gətirə bilər. İntihar bəyanatları da insanın sonuna qədər tükənmiş olduğunu göstərir. Əlbəttə, onlar intihar edərək daha yüksək dozda son “duyğu sömürülərini” gerçəkləşdirmək istəyirlər, lakin xoşbəxtlikdən bu cür insanlar cəsarətsiz olurlar.

- Türk filmlərindəki yazar, yarada bilən adam obrazları görməsəydilər, necə bir yazar dəstəsi ilə rastalaşardıq? Sanki türk dilini bilmək, türk filmlərini başa düşmək bir qədər süni də olsa, yazılan bədii məntlərimizə bəzək vurdu.

- İnqilabi kommunizm idealından sonra türk arabesk mədəniyyətinin təsirində qalmaq əlbəttə, bizim sənət adamlarının tənəzzülü sayılmalıdır. Lakin mən belə topdan fikir yürütmək istəməzdim. Türk dilində xarici dillərdən tərcümə olunmuş on minlərlə mətn, kitab və s. var. Məncə, bizim oxucuların bu dildə oxuya bilməsi böyük avantajdır.

- Gücümüz də sanki özümüzə çatır. Necə deyim, daha ciddi yazıçıları, şairlərin əsərlərini tənqid edəcək qədər nəzəriyyəçi, yaxşı oxucu olmağı bacarmayan yazarlarımız yerli yazarların kimliklərinə sataşırlar. Bu nədən qaynaqlanır?

- Gücümüzün özümüzə çatması pis deyil, ən azından bu onu göstərir ki, ortada bir güc var. Önəmli olan tənqid prosesinin başlamasıdır, sonra bu proses təkamül edəcək, siz deyən şeylərə də gələcək. Amma indiki halda ədəbi prosesdə ölü bir sükut hakimdir, tənqid yerinə ən yaxşı halda bəy tərifi eşidərsiniz. Bax o bəy tərifi deyənlərin kimliklərinə sataşmaq lazımdır. 

- Tənqid demişkən, niyə gündəmdə olan yazarlarımız məclislərdə bir masa arxasında oturan yazarlarımızı tənqid etmirlər?

- Bəlkə də tənqid edirlər, sadəcə onların masasına yaxınlaşmaq, söhbətlərinə qulaq asmaq və yazdıqlarını oxumaq lazımdır.

“Yeni kitabımın ölkədə 20 oxucusu var, ondan çox deyil”

- Sizin özünüz ədəbiyyatda yeni xəttin formalaşmasında böyük səylər xərcləmisiniz. Amma görünən budur ki, bu xətti davam etdirmək yerinə, yazarlarımız sosial şəbəkələrdə özlərini aldatmaqla məşğuldurlar. Onlar niyə ciddi işlərin insanları deyillər?

- Artıq sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsidir, əgər bütün oxucular oradadırsa, demək yazıçılar da orada olmalıdır. Müasir dövr açıq cəmiyyət prinsiplərini önə çıxardır. Artıq keçmiş zamanlarda olduğu kimi, yazıçı romantika pərdəsinə bürünüb, əlçatmazlıq havasına girə bilməz, artıq oxucuların da yazıçı olduğu bir zamanda yaşayırıq (sosial şəbəkədə yazan oxucu da yazıçıdır), yazıçı 40-50 il bundan öncə olduğu kimi millətə yol göstərən ictimai xadim deyil, oxucuyla eyni sırada duran sadə bir vətəndaşdır. O ki qaldı ciddi işlərə, oxucular özləri də ciddi işlərdən xali deyil, ciddi əsərlərin yazılmasından ötrü ciddi oxucular olmalıdır və ya tərsinə, - bunlar ikisi də biri-birlərini tamamlayan faktorlardır. Məsələn, mən 2 ay əvvəl çapdan çıxan yeni kitabımı ciddi əsər sayıram və bu kitabın 20 nəfər ciddi oxucusu var bu ölkədə, bundan artıq deyil. Mən bu gerçəklə barışmaq məcburiyyətindəyəm.

- Rasim bəy, siyasi işlərin ölkədə yaşayan bütün insanların həyatlarına burunlarını soxduqları bir zamanda, ədəbiyyat bundan kənardadırmı? Yəni, jurnalistikada olduğu kimi, ədəbiyyat da öz üzərində senzuranın olduğunu hiss edirmi?

- Ədəbiyyat bu burun soxmalardan kənarda deyil. Oxucunun öz qəlibləri var və yazıçını da bu qəliblərin içərisində görür, əks halda səni iqnor edir. Oxucu deyərkən, bir nəfəri nəzərdə tutmuram, ümumən oxucu kütləsini nəzərdə tuturam. Ölkəmizdə azad sözün və ümumiyyətlə, azad düşüncənin meydanı get-gedə daralmaqdadır. Azad söz təkcə hakimiyyət tərəfindən təqib olunmur, içində yaşadığımız cəmiyyət özü azad düşüncənin əleyhinədir. Saysız-hesabsız şablonlar içərisində keçilməz bir cəngəllikdə yaşayırmış kimiyik. İstər yazıçılar, istərsə oxucular yalançı şablonlardan xilas olmalıdır və bu məsələdə onlar biri-birilərini dəstəkləməlidir.

- Hesab etmək olar ki, normal filmlərin çəkilməməsinin bir səbəbi də, ədəbiyyatımızın təkamül yolunda axsaması ilə bağlıdır?

- Əgər siz hayıtımızdakı bütün çətinliklərə bais bir günahkar axtarırsınızsa, qoy bu günahkar yazıçılar olsun. Mən hesab edirəm ki, istər ədəbiyyatın, istərsə kinematoqrafiyanın, sizin sözünüzlə desək, axsaması düzgün idaretmənin olmamasından qaynaqlanır. Ölkədə böyük pullar olduğu halda yazıçılar və kino işçiləri səfalət içərisində yaşayır. Ölkədə sərbəst biznes mühiti və azad reklam bazarı olsa həm ədəbiyyat, həm də kino sahəsi inkişaf edər. 

- Yazıb yaratmaq yerinə, şou adamları kimi niyə yazarlarımızı biri-birlərinə daş atmağı üstün tuturlar? Tutaq ki, biri-birlərini səhv çıxardılar, nə əldə edəcəklər bununla?

- Suallarınızın heç biri yaradıcılıq məsələləri ilə bağlı deyil. Bu onu göstərir ki, sizi də yazarların “yazıb-yaratmağı” deyil, biri-birinə daş atmaı maraqlandırır. 

“Ədəbiyyatımız “aşk konularında” qapanıb”

- Qadın-qız mövzusundan nə vaxt əl çəkib daha ciddi mövzulardan yazacağıq? Nə qədər bu dar çərçivədə çapalamaq olar?

- Haqlısınız, ədəbiyyatımız “aşk konularında” qapanıb. Cəmiyyətimiz özü sevgi mərkəzlidir, bir az türk arabesk mədəniyyətinin təsiriylə ədəbiyyatımız mövzu darlığı yaşayır. Əlbəttə, daha dərin səbəblər də var, insanlarımızın özünü ifadə edəcək yeganə yeri qarşı cinsin sınmış ürəkləridir. Bu son sığınacaq yerini də siz onlara çox görməyin.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений