Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni sanksiyalar Putini hədəfə alıb



ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib.“Cümhuriyət” qəzeti xəbər verir ki, yeni sanksiyalar Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsinə görə tətbiq edilib. “Politico” qəzeti  Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Nəşrə görə, ABŞ Ticarət Nazirliyi yeni raket texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.“Sanksiyaların tətbiq edilməsində məqsəd Rusiya hökumətinin iqtisadi planlarını dəyişdirməkdir”, - deyə mənbə vurğulayıb.

Geriyə qayıdışı olmayan Tramp

Rusiya prezidenti Vladimir Putinlə gizli dostluq münasibətləri olduğu iddia edilən Donald Tramp Amerika prezidenti seçilərkən Moskva ümid edirdi ki, Ağ Ev Rusiyaya qarşı sanksiya siyasətini yumşaldacaq. Lakin bu gizli münasibət iddiasının Trampı vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmaq təhlükəsi qarşısında qoyması, Moskvanın ümidlərini doğrultmadı.  Rusiya kəşfiyyatının prezident seçkilərinə onun lehinə müdaxilə etməsi iddiasından yayınmağa çalışan Tramp artıq ikinci dəfədir ki, Konqresin Rusiya əleyhinə sanksiyasını imzalayaraq, Rusiya - ABŞ münasibətlərini gərginləşdirir,  Rusiya iqtisadiyyatına “öldürücü zərbələr”i bir qədər də sərtləşdirir. Artıq ABŞ-da Ukrayna və nüvə silahlarının azaldılması ilə bağlı anlaşmanın şərtlərinə əməl edilməməsi və  Amerikada keçirilmiş seçkilərə müdaxilə məsələsinə görə də sanksiyalar təklifi nəzərdən keçirilir. Konqresin bununla bağlı hərəkətə keçdiyi bildirilir.Konqresdə qəbul edilməsi gözlənilən sanksiyanın Trampın Putinlə münasibətlərini bir qədər də gərginləşdirə bilər.

Hədəfdəki Putin

Xatırladaq ki, 2014-cü ildə Rusiya Ukrayna ərazilərini (Krım) ilhaq etdikdən və Ukraynanın şərqindəki separatçı qüvvələrə dəstək verməyə başladıqdan sonra ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara başladı. Bu, sanksiyalar Rusiyanın nüfuzlu iş adamları, bir sıra diplomatlar, maliyyə və iqtisadi sektorlarını hədəfə alıb. Sanksiyaların istiqamətləndirildiyi şəxslər Vladimir Putinin ətrafında olan nüfuzlu iş adamları və oliqarxlardır. Beləliklə, Rusiyanın enerji, maliyyə, texnologiya və hərbi sektorlarına məxsus şirkətlərin Qərbdəki fəaliyyətləri dayandırıldığı halda, bu ölkədən olan nüfuzlu şəxslərin Avropa ölkələri və ABŞ-a girişlərinə qadağalar qoyulur.Ən böyük sanksiya dalğasını isə Rusiyaya seçkilərə müdaxilə ehtimalları çırpa bilər.Bu iddialara yönəlik sanksiyaların Rusiyanı dünyadan təcrid edəcəyi də gözləniləndir.Hədəfdə prezident seçkilərinə hazırlaşan Putin və komandası var.

Növbəti sanksiyalar Rusiya hökuməti ilə yanaşı, bu ölkənin dəmiryolu, dəniz, metallurgiya və mədən sektorlarını da hədəfə alacağı bildirilir.Əgər növbəti sanksiya qanunu qüvvəyə minsə, bu, Rusiyanın enerji şirkətlərinin Avropa ölkələri ilə əməkdaşlıqlarını da böyük ölçüdə məhdudlaşdıracaq.

Moskvanın gözləntisi

Moskva isə hələ də Donald Trampın bura qədər olan sanksiyaları ləğv edəcəyini gözləyir.Lakin bu sanksiyaları ləğv etmək bu gözlənti qədər asan deyil.Digər yandan, qüvvəyə minən sanksiyaları ləğv etmək səlahiyyəti prezidentə yox, Konqresə məxsusdur.Qüvvəyə minən sanksiya qanununu ləğv etmək istəyən prezident bunun üçün Konqresə müraciət etməlidir və bu tələbinin ABŞ-ın milli maraqlarına uyğun olduğuna dair hesabat hazırlamalıdır.Konqres isə hazırkı vəziyyətdə Rusiyanın iqtisadi sanksiyalarla zərərsizləşdirilməsini Amerikanın milli maraqlarına uyğun olduğunu düşünür.

Buna görə də Donald Tramp və komandasının bu çərçivədən kənara çıxması mümkünsüz görünür. Tramp Konrqesin Rusiya ilə bağlı qanun layihələrinə veto qoyacağı halda, onun öz kürsüsündən məhrum ediləcəyi qaçılmaz olacaq. Ortada onun Rusiyanın müdaxiləsi ilə seçkilərdə qalib gəlməsi və Putinlə gizli işbirliyində olmasına dair faktlar var.

Rusiyanın tükənən səbri

Trampın mətbuat katibi Sara Sanders isə Ukrayna böhranı həll edilənədək Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini və mövcud sanksiyaların qüvvədə qalacağını açıqlayıb.Rusiya isə indiki halda, Ukraynadan geri çəkilmək niyyətində olmadığını bildirib və Krımı özünün tərkib hissəsi kimi qəbul edib. Amerikalı politoloq Ceyms Niksə görə Tramp administrasiyasının sərtləşən sanksiyalarına Rusiyanın ağır cavabı ola bilər. O, Rusiyanın ABŞ-a Obama dönəmindəki kimi səbrli davranmayacağını deyib.

Avropa İttifaqının narahatlığı

Bir sıra Avropa İttifaqı ölkələri ABŞ-ın Rusiyaya qarşı sərtləşən sanksiya siyasətindən narahatlıqlarını dilə gətiriblər. Artıq bu sanksiyalar ittifaq daxilində “çat” yaradıb. Bəzi Avropa dövlətləri Rusiyanın qitəyə təbii qaz çıxaran “Şimal Axını” (“Nord Stream”) boru kəməri layihəsinə investisiya qoyan Avropa şirkətlərinin də zərər görəcəyini bildirirlər. Almaniya və Avstriya bununla bağlı ABŞ-a xəbərdarlıq edib. Hər iki ölkənin Amerikaya müraciətində bildirilir ki, Avropanın qazla təmin edilməsi ABŞ-ın yox, Avropanın daxili işidir.Tərəflər son sanksiyaların ABŞ - Avropa İttifaqı münasibətlərinə mənfi təsir edəcəyini açıqlayıblar.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений