Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zərərlə işləyən "BakıBus" özəlləşdirilə bilər: "Marşrutlar sahibkarlara qaytarılsın"



«Baker Tilly Azerbaijan» audit şirkətinin müsbət rəy verdiyi sənəddə son iki ildə təkcə sərnişin daşımaları üzrə «BakuBus» MMC-nin 27 milyon manat zərərə düşdüyü göstərilir. Auditor şirkətin toplam zərərlərinin 2017-ci ilin əvvəlinə 151,5 milyon manatı keçdiyini təsdiq edib. 2016-cı ildə qəpik-qəpik yığaraq 12,6 milyon manat gəlir götürən «BakuBus» MMC-nin xərcləri 28,4 milyon manata çatıb. 

Maraqlıdır, «BakuBus» MMC-nin bu qədər zərərlə işləməsinə səbəb olan nədir? Zərərlə işləyən şirkətlə bağlı hansı addımlar atmaq olar? 

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bu qədər zərərlə işləyən şirkətin özəlləşdirilməsi daha məqsədəuyğun olardı:

“Ölkədə bazar iqtisadiyyatı modeli olduğu üçün hesab edirəm ki, bütün xidmət sahələri özəlləşsə, daha məqsədyönlü olardı. SSRİ dağıldıqdan sonra zərərlə işləyən müəssisələr özəlləşdirilib. Bu proses hələ də davam edir. "BakuBus" MMC yeni yaradılıb, onun fəaliyyəti bir təcrübədir. Bu MMC-nin məqsədi mükəmməl bir nümunə yaratmaq olub. "BakuBus" MMC-nin nizamnaməsində şirkətin missiyasını nə zaman başa vurması göstərilib. Sadəcə olaraq, bu nizamnamə ilə tanış deyiləm. Dünyada da belə bir təcrübə var ki, bəzən bazarın axarını dəyişmək, müdaxilə etmək üçün müvəqqəti olaraq nümunəvi şirkət yaradılır. Bu nümunəvi şirkətlər müəyyən ənənə yaradırlar. Müvəqqəti şirkət missiyasını başa çatdırdıqdan sonra müəyyən özəl şirkətlər bu ənənəni inkişaf elətdirir. Bu baxımdan Azərbaycanda da bu təcrübənin reallaşdırılmasının leyhinəyəm. Bu təcrübə xüsusi layihə olaraq reallaşdırılmalıdır”. 

İqtisadçı hesab edir ki, hazırda zərərlə işləyən “BakuBus” MMC-nin kəsrlərinin dövlət büdcəsi tərəfindən ödənilməsi düzgün deyil: 

“Nəzərdə tutulan müddət başa çatdıqdan sonra şirkət özəlləşdirilməlidir. Şirkətin hədəfi bu istiqamətdə müəyyən ənənə qoymaqdır. Hökumət də digər şirkətləri stimullaşdırmalıdır”. 

A.Nəsirli şirkətin zərərlə işləməsi məsələsinə də toxunaraq, dünyada olan mövcud təcrübədən danışıb: 

“Dünyada da belə bir təcrübə var ki, şirkət özünə müştəri yığmaq üçün müəyyən müddət zərərlə işləyir. Qarşısına qoyduğu məqsədə çatdıqdan sonra artıq zərərsiz işləyir. Azərbaycanda “BakuBus" MMC kimi zərərlə işləyən şirkətlərin kəsri dövlət tərəfindən ödənilir. Ölkəmizdə dövlətin həyata keçirtdiyi bu cür işlər inkişaf etmiş ölkələrdə özəl şirkətlərin özləri tərəfindən reallaşdırılır. Dövlət çalışmalıdır ki, bu nümunə onun tərəfindən deyil, özəl şirkətlər tərəfindən yaradılıb inkişaf etdirilsin. Çünki dövlət müəyyən məhdudiyyətlər qoyur ki, bu da ənənənin özəl şirkətlər tərəfindən cəlb edilməsi üçün səmərəli görünmür”.

“BakuBus” MMC-yə məxsus avtobusların yanacaq sərfiyyatının daha çox olduğunu deyən ekspert bu qədər kəsrin yaranmasında korrupsiya amilinin də ehtimal ola biləcəyini söyləyir: 

“Həmin avtobusların qiymətləri daha yüksək, tutumu daha çoxdur. Hesab etmirəm ki, bu şirkətin avtobusları aşırı zərərlə işləyib. Çox böyük ehtimal var ki, bu zərərin böyük hissəsi korrupsiya vəsaitləri hesabına formalaşıb. Ehtimal edirəm ki, burada korrupsiya meyli var”. 

İqtisadçı vəziyyətdən çıxış yolu kimi şirkətin özəlləşdirilməsinin vacibliyindən danışıb: 

“Şirkəti özəlləşdirmək olar. Özəl fəaliyyətlə məşğul olan sahibkar isə zərərlə işləyən bu şirkəti mənfəətlə işləyən bir quruma çevirə bilər. Özəlləşən şirkətin sahibi zərərin miqdarını 10 milyona sala bilər ki, bu zaman da dövlət həmin kəsri sahibkara kompensasiya olaraq, verə bilər. Özəlləşdikdən sonra rentabelliyi artırmaqla digər problemləri həll etmək olar”. 

Qeyd edək ki, hazırda birinin 330 min dollar olduğu söylənilən bu avtobusların sayı 300 ədəddir. 

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений