Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zifaf gecəsində pişiyə sui-qəsd



(hadisə)

Təxminən 2006-cı il idi. Kəndə getmişdim. Sinif yoldaşım Məmmədhəsənin üzünü-başını bərk sarıqlı gördüm. Dostlardan soruşdum ki, ona nə olub. Başqa sinif yoldaşım Mosqani təxəllüslü Allahyar dedi ki, məsələ uzundur, gedək çayçıya nəql edim.

Yollandıq çay evinə. Daha doğrusu, kəndin girəcəyində daima it-pişik yığıldığına görə, Kürsəkli Körpü adlanan kalafanın sağ tərəfindəki Kalçabaş Xasayın 4 stol qoyub çay verdiyi uçuq-sökük, sınıq-salxaq olacağa daxil olduq.

Hadisə belə olubmuş: Məmmədhəsən evlənirmiş. Qonşu kənddən qız alırmışlar. 

Bunu qoyub ona gedim, Məmmədhəsən özü balacaboy, saçı qıvrım, bərələgöz, boy-buxunlu görsənsin deyə yeriyəndə sinəsini qabağa dəbərdən və hündür daban ayaqqabı geyinən, dişləri sapsarı bir adam idi. Özünü həmişə yaşından böyük göstərməyə çalışardı. Orta məktəb çağlarından içki içər, siqaret çəkərdi. Əli əyriliyi də vardı. 

Sinif yoldaşlarından ilk əsgərliyə yola salınan Xalıqverdinin qonaqlığında o qədər içmişdi ki, səhvən bazarın yanındakı qadınlar tualetinə daxil olmuş, qadınlar da onu bərk tapartlamışdılar. Bir kök qadın onu süpürgə ilə qova-qova deyirdi: Başına gözünə bax bir, Allah döymüşün. Başını da elə bir inək yalayıb, dıppırçanın...(O zamanlar Məmmədhəsən qıvrım saçlarına jele vurardı o da onun saçını biz-biz edib xüsusi bir görkəm verərdi. "Dıppırça" isə Qərb dialektimizdə balacaboy, sinəsi qabarmış, yekəxanalıqla, əda ilə yeriyən adama deyilir.)

Xülasə, qayıdaq mətləbə. Deyir, toy qabağı kəndin çoxbilmişləri Məmmədhəsənə deyiblər ki, bəs sən evləndiyin qızın ailəsi deyilənə görə həyasızlıqda ad qazanıblar. Sən, saqqalı arvad əlinə verməmək üçün toy axşamı, zifaf otağına daxil olarkən bir pişik tap və otağa sal, içəri daxil olan kimi qızın gözünün qabağında pişiyin başını bıçaqla üz tulla, qoy ilk gündən arvad səndən qorxsun, çəkinsin, səni qəddar bilsin...

Və belə də edirlər. Mosqani də Məmmədhəsənə, adətə görə qardaşlıq durubmuş. Yəni sağdış. Toy başlayır. Qara zurnanın naleyi-fəryadı ərşə bülənd olur. Sərxoşlar tut, zoğal arağından içib nərə çəkir, rəqs edir, Güləşəngi oynayırmışlar çadırın altında.

Nəhayət bölgənin adətinə görə gecənin ilk yarısında bəyi gəlin otağına dəvət edirlər. Yengələr, sağdışlar filan...

Məmmədhəsən də tam sərxoş və sevincək sağdışın təlim-"tərbiyəsi" ilə vüsalına qovuşmaq üçün zifaf otağına daxil olur. İlk olaraq qabaqcadan içəri ötürdüyü pişiyi gözucu nəzərdən keçirib belindəki qatlama bıçağı çıxardır. Pişik də üç-dörd gün imiş toy evinin ətindən, sümüyündən, tullanan yeməyindən yeyib necə deyərlər sobanın yanında xumarlanırmış. Gəlin ayağa qalxır ki...
Ancaq bəy başqa yerə yönəlir. Pişiyi sobanın altından tutaraq ayağıyla belindən basıb bışağı boğazına çəkir. Pişik əvvəlcə unamır ki, sahibi onu qətl edə. Ancaq qan çıxanda işin mahiyyətini anlayır və əcaib vığıltı səsiylə Məmmədhəsəni var gücüylə cırmaqlayıb sıçrayır onun sifətinə. Gəmir ki, gəmirəsən. Bəyin sifətini, çənəsini-başını dişlək-dişlək edən yaralı pişiyin səsindən və olayın müdhişliyindən dəhşətə gələn gəlin pəncərəni sındırıb yarı libassız halda bayıra atlanır. Hay-küyə yengələr və sağdış daxil olur içəri. Ətdən-leşdən neçə gündür yeyib qızışmış harınlaşmış qoca pişik yengələri və sağdışın qolunu-qıçını cirmaqladıqca onların da ah-naləsi göyə çıxırmış. Bayırda musiqinin səsi ara verəndə camaat evdə səs-küy eşidib içəri qaçışırlar və görürlər ki, bəy qanına qəltan olub. Əvvəl elə başa düşürlər ki, gəlin necə deyərlər, nəyəsə etiraz edib bəyə müqavimət göstərib. Ancaq hal-qəziyyədən agah olduqca görürlər ki, yox, xına başqa xınadır...

Məqsədinə çatmayıb vüsalı nakam qalan Məmmədhəsən ağ bəylik köynəyi qızıl al-qana bələnmiş halda üzündən salxım-salxım laxta qanlar axa- axa nərə çəkərək mağara daxil olur. Bu zaman hündür cüssəli, bazburutlu, ayıya oxşayan, ömrünü çöllərdə ayı ovunda keçirən Miko içkili halda rəqs edirmiş. Sifariş onun sifarişi imiş. Bəy mağara daxil olub zurnaçılara yaxınlaşır və Mikonun mahnısını kəsdirib "Nakam eşqim" mahnısını sifariş edir. Kənd toylarında da kiminsə mahnı sifarişini kəsdirmək, onu təhqir etmək və adam saymamaq hesab olunur. Ona görə də, bunu heç kəs heç kəsə bağışlamır. Hətta, ata oğulla, qardaş qardaşla onun üstündə dalaşır. Xüsusən də, hamının içkili olduğu zamanlarda.

Məmmədhəsən toy sahibi sayıldığı üçün zurnaçılar Mikonun rəqsini saxlayıb bəyin sifarişini ifa etməyə başlayırlar. Qəzəblənmiş Miko Məmmədhəsənin qollarından tutub təxminən altı dəfə fırladıb atır düz həyətin sol tərəfindəki mal peyini atılan uçurumun dibinə. Toyda tufan qopur. Bəyin qardaşı, atası paya və dırmıq sapı ilə Mikoya hücum edirlər. Bu tərəfdən zibillikdən ayağa qalxıb yenidən məclisə qayıdan Məmmədhəsən də aşağıdan əlinə bir çomaq keçirir. Mağarda vuran vuranın...

O tərəfdən də yengələr və sağdış qana boyanmış halda pişiyin arxasıyca şüşəbənddə pələsəng olurlar. Qanlı adamların qaçışından ev olur qıp-qırmızı al qan. Yaralı və kinli pişik bilmirəm qəsdənmi, ya bilməyərəkdənmi açıq nəfəslikdən çölə atılıb canını qurtaranda eyvanda pilləkənə qoyulmuş böyük samovara toxunur. Yenicə qaynayan samovar dönür aşağıda süpürüşən yeddi-səkkiz "piyan"ın üstünə. Allah, yandıq qoyma...--Bu adamlar yanarkən kənara sıçrayanda qəfildən toy çadırının orta dirəyinə dirsək vururlar və çadırın bir şaqqası qadınların üstə aşır. Xülasə, Allah göstərməsin, bir müsibət, bir fəryad, bir qiyamət qopur ki, heç fələk də belə şey görməyib...

Axırda dalaşanlar, xəsarət alanlar yorulub dayanırlar. İçkililər ayılıb oturur. Yaralılar yaralarına məlhəm qoyurlar. Di gəl ki, Məmmədhəsəni ram etmək olmur ki, olmur. Eləcə hay vurub deyirmiş ki, pişiyi tapın, onu diri-diri ət maşınında çəkəcəm. Camaat deyib, a bədbəxt oğlu, heç arvadı-gəlini axtarmırsan, pişiyi neyləyirsən, səni qanına o qəltan etmədimi?..

Deyilənə görə gəlin qaçaraq ayaq yalın, baş açıq dörd yol ayrıcına çıxıb yol maşınlarına minib atası evinə yollanıb. Havalanıb və hələ də müalicə alır. Məmmədhəsəni dəli adlandırıb və deyib ki, ölərəm, ancaq ona dönmərəm. Həm də deyib ki, o məni qoyub pişiyə meyl etmişdi. O manyakdır...

(Gəlin bəlkə də elə bilib ki, bəy pişiyi başqa məqsədlə tutub).

Beləcə toy, necə deyərlər, bir pişiyin ucbatından qana dönür və iki gəncin vüsalı nakam qalır. Peşman qonaqlar üstünü çırpa-çırpa toz-torpağa bulaşmış evlərinə qayıdırlar. Bəyi də birtəhər qonşu Kal Mahmudun UAZ-ına dürtüb şəhərə, üzünü yamatmağa aparılar.

"Bax, elə o gündən bunun üzü beləcə qaldı..," deyə sinif yoldaşım, başqa tanışların gəldiyini görüb söhbəti dəyişdi.

Payı palçığa dönmək bax belə olur, əzizlərim, başqa nə deyim...

Ancaq deyirlər, bu pişik təklifini Məmmədhəsənə rəva görənlər köhnə kişilərə istinad edirlərmiş. Ən doğrusunu Allah bilir...

Tural İrfan, yazıçı-şair








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений