Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Zirvədən məzara: Məşhur yazıçının intiharındakı gizlinlər



“Ən böyük bədbəxtlik yalnızlıqdır. Bu, elə bir həqiqətdir ki, ən qüsursuz təsəlli olan dindir, bu anlarda özünü ümidlərini puç etməyən ən yaxın dost - tanrı kimi də hiss edə bilirsən. Dua etmək, ən yaxın dostuna dərdlərini danışmaq kimidir, çünki bundan istifadə edəcək insanlar münasibət qurmağı təmin edirlər. Həyatın əsas problemi budur: Yalnızlıqdan necə xilas olmalı, başqa insanlarla necə münasibət qurmalı?

İnsanların dayanmadan evlənmək, atalıq, dostluq arxasınca qaçmalarını da bununla izah etmək olar. Çünki bu münasibətlər xoşbəxtliyi təmin edə bilir. Amma başqa bir insanla münasibət qurmağın yalnızlıqdan niyə yaxşı olduğu anlaşılmazdır. Bəlkə də bu, xəyaldır. Çünki insan çox vaxt təkbaşına da xoşbəxt ola bilir. İnsanın arada oturub iki qədəh içki içmək üçün dostunun olması, başqalarında axtardığımız şeylərin bizdə olmasınadək pis bir şey deyil. Məsələnin başa düşülməyən tərəfi, təkbaşına içib düşüncələrə dala bilməməyimiz, özümüzü niyə başqalarının vasitəsilə tapmağımızdır”.

Həyatını həsr etdiyi ədəbiyyata da marağını itirmişdi. Yalnızlıq və intihar dolu düşüncənin içində ümid və gözlənti yaradan kitablardan uzaq düşmüş adam üçün çıxış yolu olmamalıydı. Əlbəttə, ümidsizlik və özünü doğrultmayan gözlənti içində yaşamağı dəstəkləyən detal tapmaq mümkün deyil. Tapılsa belə bu, aldadıcı ilğımdan başqa heç nə deyil. 1936-cı ildə - intiharından 14 il əvvəl Çezare Paveze yazırdı: “Gəncliyimin başa çatdığını xəbər verən əlamətlər arasında ən əhəmiyyətlisi ədəbiyyata artıq marağımın olmamasıdır. Artıq vaxtilə hər şeyə baxmayaraq, mənəvi həqiqətləri tapmaq ümidi ilə oxuduğum kitabları açmıram. Oxuyuram, daha çox oxumaq istəyirəm, amma vaxtilə kitablarda tapdığım qəribə taleləri nə həyəcanla qarşılayıram, nə də bunları parlaq, şeirdən əvvəlki səssiz gurultuya çevirirəm. Turin küçələrində gəzərkən də eyni şeylər baş verir. Bu yerləri artıq yaratmaq səylərini gücləndirən, romantik, simvolik güc qaynağı kimi görmürəm. Hər dəfə “əvvəldən var idi”, demək keçir içimdən. Əzginliyimi, qorxularımı, yorğunluğumu və müşahidələrimi təkrar-təkrar nəzərdən keçirəndə həyata yeni kəşflər edəcəyim meydan kimi baxmıram, buna görə də şeir məni daha az maraqlandırır. Şeir və həyat - mənim üçün sadəcə düşündürən və həll edilməli olan mənasız məsələdir”.

Yaşamaq və ölüm qorxusunun yorduğu adam

1908-ci ildə İtaliyanın Turin şəhərinin Santa Stefano Belbo kəndində doğulan Çezare Paveze Turin Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra orta təhsil aldığı “Liceo d’Azaglio”da Dil-ədəbiyyat dərsi verib. Həmin dönəmdə ingilis və amerikalı yazarlarla bağlı məqalələri “La Cultura” jurnalında dərc olunur. Daha sonra dostunun qurduğu “Einaudi” nəşriyyatında işləməyə başlayan Paveze 1935-ci ildə faşizm əleyhinə yazdığı məqalələrə görə həbs olunur, lakin 1 il sonra azadlığa buraxılır. Barselona həbsxananasındakı 1 illik həbs həyatından təsirlənərək “Həbs” adlı romanını qələmə alır. 1950-ci ildə “Yalnız qadınlar arasında” romanı ilə İtaliyanın ali ədəbiyyat mükafatı “Strega”ya layiq görülür. Ədəbi karyerasının zirvəsində olmasına baxmayaraq, şəxsi həyatında dibsiz quyunun dibindəydi. Mükafatı aldıqdan sonra Turində otel otağında bütün şəxsi yazışmalarının olduğu kağızları yox edib, 21 ədəd yuxu dərmanı qəbul edərək intihar edir.

Yaşamaq məşğuliyyəti

Pavezeyə məşhurluq qazandıran kitabı “Yaşamaq məşğuliyyəti”dir. Kitab yazarın şəxsi həyatından bəhs edən gündəlik də adlandırmaq olar. Gündəlik “Sənətin sirləri” hissəsiylə başlayır. Kitab 1936-1950-ci illəri əhatə edir. Pavezenin 1950-ci ildə yazdığı sonuncu qeyd 18 avqust tarixinə aiddir. Bu, intiharından 9 gün əvvəl baş verib. Kitabda yazarın gündəlik ədəbi fəaliyyəti, oxuduğu kitablardan çıxardığı qeydlər, əsərləri ilə bağlı olan tənqidlərə verdiyi cavablar, özünəməxsus poetika inkişaf etdirmək səyləri, Şekspir və Dostoyevski kimi nəhəng ədəbiyyat adamları ilə bağlı fikirləri, səyahətləri, gündəlik məşğuliyyətləri, sevgi yaşadığı qadınlar, bu qadınların ona yaşatdığı əzablar, inanclarla bağlı düşüncələri və hər sevgi münasibətindən sonra bir az da qətiləşən intihar düşüncələri yer alır. Gündəlikdən də oxunduqca məlum olacaq ki, Paveze dərin bir yanlızlıq içindəydi.

Yalnız qadınlar arasında

Yazarın faciəsi içində qadınların böyük payı vardı. Əsərlərində qadınlara qarşı təhqiramiz ifadələr yazsa belə, bu, onun zərif cinsin nümayəndələrinə qarşı olan nifrətindən qaynaqlanmırdı. O, sadəcə qadınlarla münasibət qurmaq işində bir sıra kişilər kimi istedadsız idi. Nəhəng yaradıcı istedadı qadınlarla münasibət qurmaq məsələsində işə yaramırdı. Lakin qadınlar Pavezenin intiharının mərkəzində ayaqlarını ayaqlarının üstünə aşırıb oturmamışdılar. Ölüm qorxusuna ölümlə qalib gəlmək hissi uşaqlıq və erkən yaşlarında aldığı psixoloji travmalarla bağlı idi.

“Yaşamaq məşğuliyyəti”ndə də bu haqda geniş yazmışdı. Atasın gözlənilməz ölümü və orta məktəb illərində iki dostunun intiharı Pavezenin psixologiyasında dərin izlər açmışdı. Qadınlara gəlincə, Paveze üçün zəriflər həm dağıdıcı, həm də xilasedici idilər: “Bir qadın əgər axmaq deyilsə, gec-tez məhv olmaq üzrə olan insanla qarşılaşır və onu xilas etməyə çalışır. Bəzi vaxt bunu bacarırlar. Amma bir qadın axmaq deyilsə, gec-tez ağıllı, sağlam bir kişi tapıb onu məhv etməyə başlayır. Həmişə də bu işin öhdəsindən gəlir”.

Qadınlarla normal münasibət qura bilməməyi də özünə bağışlamamışdı: “Əsl istedadsız insan böyük işlərin öhdəsindən gələ bilməyən yox, bunu çox az insan bacarır, bir yuva qurmaq, bir dost qazanmaq, bir qadınla xoşbəxt münasibəti davam etdirmək, çörək pulu qazanmaq kimi kiçik işləri bacarmayan insandır. Ən kədərlisi də budur”. Lakin Paveze “İnsan necə ölüm haqda düşünməyə bilirsə, qadınları da düşünmədən yaşaya bilər”, fikrinin də müdafiəçisidir. Göründüyü kimi yazar hər xoşbəxtlikdən də qorxuya düşür  və bunun arxasından ağır bir əzabın gələcəyini düşünür: “Torpaq və sularda parlaq günəşiylə Romanı xatırladan bir səhər. İndiyədək belə bir başlanğıc görmədim. Qarşımızda daha qorxulu bir il var?”.

Ölümə ölümlə qalib gəlmək

Qadınlar kimi intihar məsələsində də ziddiyyətli idi. İntihar haqda “Hər kəsin intihar etmək üçün bir səbəbi var”, deyən Paveze bu səbəbi axtarmaq üçün özünü əziyyətə salmırdı, lakin bu seçimində çox də təkid etmirdi: “Nə vaxt bir ağırlıq və kədərlə qarşılaşsam, həmişə intiharı düşünməklə cəzlandırıldığımı bilirəm. Məni qorxudan da budur: fundamental prinsipim intihardır, heç vaxt reallaşdırmayacağım, amma düşüncəsi hisslərimi oxşayan intihar”.
Lakin 1950-ci ilin avqustun 27-də Çezare Pavezenin intiharla bağlı ziddiyyəti aradan qalxdı. İnsanlar və şərtlər dəyişmişdi, özünü dirədiyi dalan da həyatını alt-üst etmişdi. Çezare Paveze “Yaşamaq məşğuliyyəti”nin son qeydində “Sözlər yox. Etiraz. Artıq yazmayacam”, yazaraq öz qərarlılığını və cəsarətini ortaya qoyaraq özünü öldürərək ölüm qorxusundan xilas oldu.

Tələskən narahat ruh

Kənddə fermada keçirdiyi günlər yaradıcılığı üçün başlanğıc nöqtəsi olmuşdu. Atasının ölümündən sonra ailəsinin artan məişət qayğıları fermanı satmaq məcburiyyətində qoydu. Çezare Paveze gənclik illərindən özünəqapalı və yalnızlığa meyilli idi. Bir illik həbsxana həyatından sonra daxili hesablaşmaları artdı, artıq heç nə onu xoşbəxt etmirdi və öz içində yaratdığı yalnızlığına sığındı. Aristokrat yalnızlığı onu ədəbiyyatın ən yüksək zirvəsinə qaldırdı. Lakin depressiya, narahatlıq və stress yaxasını buraxmırdı. Çoxlu sayda uğursuz sevgi münasibətləri də Peveze ilə ədəbiyyat arasında olan ipləri tamamilə qırdı. 1950 - intihar etdiyi il “Yalnız qadınlar arasında” adlı romanı ona ən böyük uğuru qazandırmasına baxmayaraq, Paveze ölümün mühasirəyə aldığı bədənin tezliklə bu dünyadan gedici olduğunu və yorğun ruhunun əbədi dinclik tapacağının xəbərini də elə bu əsərində vermişdi. Əsərin baş qəhrəmanı (Çeçeliya) da elə bir otel otağında intihar edir, Peveze kimi... Şübhəsiz ki, Pavezenin ən böyük fəlakəti ona ədəbi zirvə qazandırmış yalnızlığı idi.

İtalyan tənqidçi Emilio Çeççinin təəbirincə desək, Pavezenin qısa həyatı intihara keçişə hazırlıq mərhələsi olsa da o, mənəvi çöküntüsünə qarşı ağır psixoloji mübarizə də aparmışdı. Gənclik illərində çöküşünün qabağına keçərək narahatlıqlarını, ölüm qorxusunu məğlub etməyə çalışmışdı. Əsərlərində ölümü həyatın bütövlüyü içində təqdim etdi, amma real həyatında bunu bütün sümüklərini içindən yeyən “xərçəng”ə çevirdi. O, ölənədək ölüm və qorxularıyla müharibə içində oldu. Lakin ciddi dindar olan Paveze üçün inancı ümid yeri deyildi. Çünki o, tanrının kölgəsi olmayan bir inancın arxasındaydı. 

Gücdən düşmüş inanclar

Həyata qarşı xariznatik baxışları vardı. Amerikalı film ulduzu Konstans Dovlinqə hiss etdiyi sevgisi Pavezedə utancaqlıqla yanaşı, inadın olduğunu göstərirdi. Çünki o, dönəm üçün Dovlinqlə sevgili olmaq o qədər də asan məsələ deyildi. Xoşbəxt ailə qurmaq haqda düşünsə də o, bunu etmək üçün qüsursuz qadın tapa bilmirdi. Çünki bütün qadınlar Pavezeyə görə qüsurlu idilər. Amma mümkünsüz düşüncələri qarşısındakı real həyata məğlubiyyətini mozaxistcə qəbul edirdi. Şübhəsiz ki, həyata uduzmasında Pavezenin məhv olan, ya da özünün öz içindəki yalnızlığının iti dişlərinə verdiyi inancları vardı. Hər şeyə qarşı hiss etdiyi şübhələr özünəinamı itirməklə yanaşı, yaşamaqda da diksindirmişdi. Qadınların bu diksintinin mərkəzində yer aldıqları gündəliklərində də yazmışdı. Əlbəttə, qadınlara qarşı kobud ifadələrinin arxasında Pavezenin əzabları və özünü itirmək qorxusu vardı: “Bir kişi özünü qadını sevdiyinə görə öldürməz. Bir kişi özünü sevginin çılpaqlığıyla düşkünlüyünü, heçliyini, çarəsizliyini üzə çıxardığı üçün öldürür”. 

Paveze mistik bir dünyagörüşün sərxoşluğuyla hər şeyin bir xatirə olduğunu və gələcəyi keçmişin müəyyən etdiyinə özünü inandırmağa çalışırdı. Artıq heç kəsin dəyişmədiyini və hər kəsin özünün köləsi olduğunu yazırdı. Hər şeyə baxmayaraq, həyat qarşısında məğlub olmamaq üçün gücdən düşmüş inanclara da ümid edirdi. Lakin bunlar anlıq düşüncələr idi. Hər keçən gün intihar düşüncəsi hörümçək toru kimi bütün bədənini, hisslərini və beynini ələ keçirirdi. Lakin bir tərəfdən də çöküntü içində yaşamağı qanına hopmuş zəhər kimi qəbul edirdi, yaşamaq Paveze üçün təhlükəli olmalıydı. Ədəbiyyatdakı uğurları da yaşamaq üçün şans vermirdi.
“Müharibə bir gün başa çatarsa, özümüzdən bunu soruşmalıyıq: bəs ölüləri nə edəcəyik? Niyə öldülər? İnsanları öldürən tale onları görmək və gözlərimizi bu cəsədlərlə doldura bilməyimiz üçün bizə də məsuliyyət yükləyir. Hər cəsəd sən, mən, ya da biz ola bilər. Arada heç bir fərq yoxdur. Əgər yaşayırıqsa, bunu başqasının kirlədilmiş cəsədinə borcluyuq. Buna görə də bütün müharibə insanın daxili müharibəsidir. Hər cəsəd yaşayan canlıya oxşayır və ondan ölümün hesabını soruşur”.

Cavabsız suallar qarşısında

Pavezenin narahat ruhu onun xoşbəxt yaşamasına mane olmuşdu. Böyük uğurları da onu razı salmırdı və gündəliyində bu haqda belə yazırdı: “İnsanın öz arzularına çatmasından da kədərli bir şey var: bu arzuların həyata keçməsi”. Əlbəttə bu düşüncənin adamına görə, ölümdən başqa xoşbəxt krallıq yox idi. Lakin bununla belə özünə yazığı gəlmirdi, ya da özünü əzik göstərmirdi. Hər arzunun əlçatan olmasına inanmaq da onun dramatik həyatının ortasında lövbər salan səbəblərdən idi. Elə buna görə də qadınlara və arzularına bağlanmaqdan qorxurdu. Qorxduğu üçün də uzaq qaçırdı. Eqoist xarakterə sahib olan Çezare Pavezenin zehnində insanlara və həyata qarşı üsyan, öz həyatından başqa digər insanların həyatlarına baxışda qəddarlıq vardı. “Hər kəsdə kisə dolu sevgi var”, deyə yazaraq sevgi hisslərini alçaldırdı, digər yandan isə şeirlərində sevdiyi qadınları nirvanaya qaldırırdı. Hər şeydə sual axtarışı onun öz həyatını sual altında qoymuşdu.

Pavezenin etirazı

Suzan Sontaq Paveze haqda “Qadınlar və ölüm eyni formada Pavezeninin düşüncəsini eyni narahatlıq və pislik havasıyla bürümüşdü. Çünki hər iki vəziyyətdə Pavezenin başlıca problemi bunlara layiq olub-olmadığı düşüncəsində olması idi”, deyə yazırdı. “Yaşamaq məşğuliyyəti” adlı əsərində Çezare Pavezenin özü də bunları etiraf edirdi. Otel otağında həyat məşğuliyyətini bitirməmişdən az öncə yazdığı qeydində də bu vardı: “18 avqust, 1950-ci il. Gizli şəkildə qorxduğun hər şey gec-tez qarşına çıxır. Yazıram: ey əzab. Bəs sonra? Sadəcə lazım olan şey bir az cəsarətdir. Əzab nə qədər ortaya çıxıb səbəbləri dəqiqləşirsə, şüuraltında yaşamaq ehtirası o qədər güclənir və intihar düşüncəsi zəifləyir. İlk dəfə asan olacağını düşünmüşdüm. Zəif qadınlar da bu işin öhdəsindən gəliblər. Səmimiyyət tələb edir, eqoistlik yox. Bütün bunlardan diksinirəm. Sözlər yox. Etiraz. Artıq yazmayacam”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений