Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zorən gündəm yaradanlar



Ölən qadını aşağılayan deputatdan jurnalisti söyən alimədək…

Adamda elə təsəvvür yaranır ki, son günlərin gündəminə çevrilən hadisələr bilərəkdən edilir. Sanki bu hadisələrin hər biri eyni mərkəzdə planlaşdırılır. Hadisələr fərqli olsa da, onlara oxşarlıq gətirən yeganə amil söyüş və təhqirdir. Ya hərəkəti edən söyülür, ya da elə səbəbkar özü söyüşdən istifadə edir.

Bir neçə gün öncə gündəmdə iki deputat var idi. Hadi Rəcəbli sosial şəbəkələrlə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəldi və elə sosial şəbəkə istifadəçiləri tərəfindən cavab aldı. Ardınca həmkarı Musa Quliyev paytaxtın mərkəz küçələrinin birində "KamAZ” markalı avtomobilə vurulan Cəmilə Salahova haqda fikirlərlə “gündəm” yaratdı. “Yaşlı qadını heç kim orda işləməyə məcbur etmir”,-deyən deputat ictimai qınağa çəkildi.

Söhbət nəqliyyat vasitələrindən düşmüşkən, ötən gün 65 nömrəli marşrutda baş verən hadisə də cəmiyyətin ciddi etirazına səbəb oldu. Cavan oğlanın orta yaşlı qadına qarşı fiziki zor tətbiq etməsi heç də xoş qarşılanan hadisə olmadı və əslində olmamalıdır da.

İndi də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistləri təhqir edib.  “Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəyəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur. Bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!”, - deyə Ramiz Məmmədov jurnalistləri təhqir edib. Bu azmış kimi, Ramiz Məmmədov təhqirinə haqq qazandıraraq, ““küçük” demişəm yaxşı eləmişəm”,- deyə təkrarlayıb.

Bir məsəl var: uşaq evin güzgüsüdür. Məncə tək uşaq yox, ailəni təmsil edən hər kəs  güzgü rolunu oynayır. Hər kəs evində, yaxınları ilə necə danışırsa, cəmiyyətdə də, hətta tanımadığı insanlar qarşısında da elə danışır. Söz elə şeydir ki, deyildisə, onu heç bir üzrlə geri qaytarmaq olmur. Ramiz Məmmədov bundan sonra nə qədər çalışsa da, etdiyi hərəkətə haqq qazandıra bilməyəcək. Üzr istəsə belə, inanmıram ki, onun üzrünü kimsə qəbul etsin. Hər halda jurnalistlər qəbul etməyəcək.

Bunlar həftənin gündəmidir. Daha doğrusu, kimlərinsə məsuliyyətsizliyi ücbatından məcburi gündəmə çevrilən məsələlərdir. Şəxsən mənə maraqlıdır ki, sabah nə baş verəcək? Kim kimi təhqir edəcək, kim özünə haqq qazandırmağa çalışacaq? Bütün bunlar baş verdikcə isə yuxarıda sadalanan hadisələrin baş rol ifaçıları sosial şəbəkələrdə onlara ünvanlanan söyüşləri saymaqla məşğul olacaq… Axı bizim gündəmimizdə belə təcrübə də var…

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений