hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

10 min müharibə qazisi psixoloq gözləyir: “Unutmayaq ki, “əfqanlar” Rusiyanın bütün idarəetməsinə nəzarət edib”

10 min müharibə qazisi psixoloq gözləyir: “Unutmayaq ki, “əfqanlar” Rusiyanın bütün idarəetməsinə nəzarət edib”

Xəbər verdiyimiz kimi, müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza yardım üçün bir neçə gün öncə Türkiyədən 20 psixoloq dəvət edilib.

Son bir həftə ərzində 2 qazimizin intihar etməsi də müharibə iştirakçılarının psixoloji yardıma ehtiyacı olduğunu göstərir. Hər bir halda döyüş görmüş şəxsin psixologiyası müharibə iştirakçısı olmayan şəxsin psixologiyasından xeyli fərqlənir.

2 qazimizin intiharından əvvəl bu problemlər düşünülməli və lazımı tədbirlər görülməli idi. Digər tərəfdən, psixoloqların xaricdən gətirilməsi ölkədə bu sahədə ciddi çatışmazlıq olduğunu göstərir. Bu isə həm dəAzərbaycanda psixoloq hazırlığında problemləri ortaya qoyur.

Bu barədə Cebhe.info-ya açıqlamasında tanınmış psixoloq, "HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlu bildirib ki, ölkəmizdə psixologiya sahəsində ciddi kadr çatışmazlığı var və bu da tədrislə əlaqəlidir:

"Qazilərimizin intiharı hamımızı sarsıtdı. Müharibə görmüş hər bir kəsin o cür problemi var. Bunun üçün də ciddi tədbirlər vacibdir. Tarixən bir çox ölkələrin nümunəsində də görürük ki, müharibə yaşamış insanların sonradan sosial həyata adaptasiyası çox çətin, hətta mümkünsüz olur. Təəssüf hissi ilə deyə bilərəm ki, Azərbaycanda psixologiya fakültələrindən hər il yüzlərlə insan məzun olsa da, psixologiyanın tədrisi normal psixoloq yetişdirmək üçün kifayət deyil. Azərbaycanda psixoloqlar konkret olaraq nəzəri biliklərlə məzun olur. Əksəriyyətinin nə klinik, nə də terapevtik bazası olmur. Çünki universitetlərin bu iki yöndə tədris planı yoxdur. Sadəcə olaraq, bəzi tələbələr universitet dönəmində əlavə kurslar, təlimlər alaraq bəzi baza biliklərinə sahib olurlar.

Azərbaycanda bu gün həmin qazilər və müharibə veteranları ilə çalışa biləcək peşəkar psixoloqların sayı barmaq sayını keçmir. Ölkəmizdə "Mən psixoloqam", deyən şəxslərin 98 faizinin nə klinik, nə də terapevtik bazası var. Bunu əminliklə deyirəm. Onlar sadəcə, oturub şəxslə söhbət edir, şəxs hər şeyi danışıb rahatladığı üçün psixoloq da bunu terapiya olaraq görür. Amma əslində psixoterapiya daha dərin, fərqli prosesdir".

Qazi çox, psixoloq az...

Psixoloq qeyd edib ki, gətirilən mütəxəssislərin sayının az olması problemin çözülməyəcəyini göstərir:

"Türkiyədən 20 mütəxəssisinin gətirilməsi isə problemi ümumiyyətlə, çözə bilməz. Ölkəmizdə ortalama 40-50 min arası müharibə iştirakçısı var. Bunlardan 4 minə yaxını qazidir, yerdə qalanı hazırda xidmətin davam etdirir, 7-8 min könüllü də təxris olunub. Bu gün Azərbaycanda psixoloji-reabilitasiya görməli olan insan sayı 10 mindən çoxdur. Bu qədər insana 20 mütəxəssisin dəstək verəcəyini gözləmək absurddur.

Normalda müharibəyə hazırlıq aparan bir ölkə müharibədən sonrakı prosesləri mütləq şəkildə planlamalıydı. Müharibə erməni təxribatının qarşısını almaq üçün başladı, hökumət müharibəyə o qədər fokuslandı ki, müharibədən sonra yaşanacaq problemlər gözdən qaçdı. Müharibədən sonrakı dönəmdə də mən və mənimlə birgə bir neçə mütəxəssisin səsi eşidilmədi. Çünki ölkə qələbə, zəfər hisləri içində idi. Ona görə də eşidilmədik Biz demişdik ki, bu problemlər yaşanacaq.

İntiharlar göstərdi ki, bizim dediyimiz haqlı çağırış idi. Geciksək də, zərərin yarısından qayıtmaq xeyirlidir. Təcili nələrsə etməliyik".

“Hərəsi 30-40 nəfər yetişdirsə...”

T.Faziloğlu gətirilən mütəxəssislərin seanslara qoşmaq əvəzinə, Azərbaycanda yeni psixoloq ordusu yaratmaq üçün istifadə edilməli olduğunu vurğulayıb:

"Gətirilən 20 nəfərin peşəkar mütəxəssis olduğunu fərz edərsək, məncə, o insanları birbaşa seanslara salmaqdansa, 20 nəfərin hər birinə 30-40 şəxsi mütəxəssis kimi yetişdirmək üçün yönləndirsələr, qısa müddətdə ölkəmizdə ciddi psixoloq ordusu yaranar. Amma 20 nəfəri sırf terapiyaya salsaq, peşəkar psixoloq baxımından yetərsiz qalmağa davam edəcəyik. Bu gün Azərbaycan təhsil müəssisələrinin heç biri psixoloq yetişdirəcək imkan sahib deyil. Orada dərs deyən müəllimlərin əksəriyyəti belə, psixoterapiyaları təmiz, yaxından bilmirlər. Azərbaycanda psixoterapiyanı bilən insanların əksəriyyəti isə universitetdə dərs demir. Mən dəfələrlə bununla bağlı müraciət də etmişəm, amma maraqlı deyilsə, bizim də edə biləcəyimiz bir şey yoxdur".

“Bu gün Rusiyanın kriminal aləmində ən güclü qruplaşmalardan biri də azərbaycanlılarındır”

Psixoloq yetərli yardım olmasa, dövlət və cəmiyyət olaraq, ciddi problemlərlə qarşılaşacağımızı söyləyib:

"Müharibə görən və psixoloji travma alan şəxslərin ən azı, 3 ay klinik baza, 3 ay sonra da sosial adaptasiya dönəmi mütləqdir. Adaptasiya dönəmini özləri də keçə bilər. Bu klinik bazanı keçmədən, cəmiyyətə birbaşa adaptasiya olunmaq məsələsində ciddi problemlər yaşanacaq. Bunun aqressiya selini qısa müddətdə yaşayacağıq. Bir nümunə gətirim. "Vyetnam sindromu"nun yaranmasından təxminən, 60 il keçib. Amerika hələ də Vyetnam müharibəsi iştirakçılarının sonradan yaratdığı kriminal qruplaşmalarının əziyyətini çəkməkdədir. Eyni problemi Rusiya yaşadı. Əfqanıstan müharibəsi bitdikdən sonra geri qayıdan, amma sosial həyata psixoloji reabilitasiya görmədən daxil olan insanların yaratdığı kriminal aləm son zamanlara qədər Rusiyanın bütün idarəetməsinə nəzarət edib.

Bu gün də Rusiya eyni problemlə üz-üzədir. Bu gün Rusiyanın kriminal aləmində ən güclü qruplaşmalardan biri də azərbaycanlılarındır və oradakı əsas iştirakçılar birinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Azərbaycanda həmin dönəmdə (Birinci Qarabağ Müharibəsi-red.) kriminal aləm formalaşmadı. Rusiya Azərbaycanın o ağırlığını üzərinə götürdü. Amma budəfəki prosesin aqressiya selini biz özümüz daşımalı olacağıq".

“Bu insanlar qələbə qazanan ordunun əsgəridir və artıq özünü hər şeydə haqq sahibi olaraq görür”

T.Faziloğlu reabilitasiya prosesinin aparılmamasının cinayət hadisələri ilə nəticələnə biləcəyini əlavə edib:

"Reabilitasiya baş verməzsə, fəsadlarını qısa zamanda, həm dövlət, həm cəmiyyət olaraq, görəcəyik. Cinayət qruplaşmalarının yaranması qaçılmazdır. Bu günə qədər fəxr edirdik ki, Azərbaycanda hər hansı şəxs gecənin istənilən saatında rahat şəkildə küçəyə çıxa bilər, il yarım sonra necə olacaq? Yəni bu gün həmin insanların psixoloji reabilitasiyadan keçməsini təmin etməsək, problemlər qaçılmazdır. Çünki bu insanlar qələbə qazanan ordunun əsgəridir və artıq özünü hər şeydə haqq sahibi olaraq görür. Bu insan hər yerdə ona hörmət edilməsini gözləyir, amma dövlət qanunlardan ibarətdir. Bir çox yerlərdə qanunlar o insanların arzuları ilə üst-üstə düşməyə bilər. Belə olanda da eyforik-narsizm yaşayan həmin müharibə veteranı özünü qanundan üstün görməyə başlayacaq, bu zaman qarşıdurma olacaq. O insanların aqressiyası uğrunda savaşdığı dövlətə və millətə qarşı formalaşacaq".

“20 psixoloq əsgərlərə nə kimi yardım edəcək?”

Psixoloq Vəfa Əkbər isə, Türkiyədən gətirilən psixoloqların etnopsixologiyaya uyğun olaraq, yardım edə bilməyəcəyini söyləyib:

"Etnopsixologiya deyə bir şey var. Yəni həmin pxisoloq bizim yaşadığımız bölgənin psixologiyasnı bilmək üçün bizimlə yaşamalıdır. Bizlərin adət-ənənəsini, dilini, dialekt sözlərini və.s bilməlidir. Yalnız bunları bilərək həmin pxisoloq yardım edə bilər. Bu qazilərimiz də təbii ki, orada elmi çıxışlar etməyəcək və elmi çıxışlar edəni də anlamayacaqlar. Üstəlik, hamısı 20-21 yaşlı uşaqlardır. Hamısının diqqətə, qayğıya ehtiyacı var. Birincisi, dil baryeri var, ikincisi, etnopsixologiya baryeri var, üçüncüsü, 20 psixoloq əsgərlərə nə kimi yardım edəcək?

Hər bir psixoloji mərkəz yardım etməyə hazırdır. Bunları bir yerə yığıb daha böyük yardım etmək əvəzinə, 20 psixoloq gətirilir. Tutaq ki, şəxs deyir, mən Qubadanam. Psixoloq Qubanın adət-ənənəsi nədir, digər bölgələrindən nə ilə fərqlənir, dialekti necədir, haradan biləcək? Həmin psixoloqun bir sorğusu olacaq, gəlib hamısına qarşı eyni cür münasibət göstərəcək. Nəticədə qazinin problemi də azalmaycaq".

Naibə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1651

Bizim Telegram səhifəmizi izləyin