hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

18 yanvardan sonra nə olacaq? - Yeni qadağalar, yoxsa..?

18 yanvardan sonra nə olacaq? - Yeni qadağalar, yoxsa..?

Yanvarın 18-də hökumətin tətbiq etdiyi sərt karantinin müddəti başa çatır.

İndi həm qapanma səbəbindən iş yeri bağlanaraq sosial-iqtisadi çətinliklərlə üz-üzə qalanlar, həm yollarda qoyulan postların fəaliyyəti nəticəsində gündəlik tıxaclarla üzləşənlər, həm hansısa səbəbdən Bakıdan rayonlara və ya rayonlardan Bakıya gəlmək istəyənlər, eləcə də demək olar ki, ölkənin bütün vətəndaşları bu tarixi səbirsizliklə gözləyirlər. Sərt karantin qaydaların ləğv edilib-edilməyəcəyi - o cümlədən də SMS icazənin aradan qalxıb-qalxmayacağı hər kəsi düşündürür.

Məlumdur ki, SMS icazənin tətbiqi vətəndaşların əmək fəaliyyətini məhdudlaşdırmaqla yanaşı minlərlə insanın cərimələnməsi ilə nəticələnir ki, bu sa narahatlıq doğuran əsas məqamlardandır.

Həkim - terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, sərt karantin aradan qaldırıla bilər.

“Yoluxmanın kəskin şəkildə azaldığı müşahidə olunur, ona görə də yumşalmaya getmək olar. SMS vaxtının aradan qaldırılması, insanların iş rejiminin bərpa edilməsi nöqteyi nəzərdən qaydalar yumşaldıla bilər. İndiki vəziyyət əvvəlki sərt karantin bitən zaman müşahidə olunan durumla eynidir”. Bununla belə, həkim hesab edir ki, maska taxılması, sosial məsafənin saxlanılması və gigiyenik qaydalara əməl edilməsi öz zəruriliyini itirmir: “Maska taxılması ilə bağlı nəzarət qalmalıdır. Əgər buna nəzarət edilməsə, yenə də yoluxma arta bilər. Hesab edirəm ki, vaksinasiya prosesi bitənədək maska taxılmalıdır. Alman alimləri də bildiriblər ki, yoluxmadan qorumada əsas rolu maska taxılması oynayır. İkinci dalğa başlayan zaman Almaniyada, eləcə də digər Avropa ölkələrində sərt qapanmalar tətbiq edilmədi. Restoran və kafelər bağlansa da, iş yerləri bağlanmadı”. Bununla belə, Rasif Bağırov hökumətin yumşalma tədbirlərinə gedəcəyinə inanmadığını dedi.

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargah yoluxma sayı ilə bağlı nəticələrə istinad edib qərar verə bilər:

“Daha doğru mənzərəni rəsmi qurumlar dəyərləndirə bilərlər. Amma sosial iqtisadi yanaşma ortaya qoyduqda hesab edirəm ki, karantin rejiminin müəyyən qədər yumşalmasına getmək olar. İlk növbədə Bakı və regionlar arasında gediş-gəlişə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır. Məlumdur ki, indi qış fəsli olduğuna görə gediş gəliş intensiv deyil. Eləcə də toy, kütləvi tədbirlər yoxdur, ali təhsil müəssisələri fəaliyyət göstərmir, kənd təsərrüfatında tədarük dövrü deyil ki, bu da rayonlar və Bakı arasında gediş-gəlişin az olmasına səbəb olur. Bu baxımdan da rayonlar və Bakı arasında gediş-gəliş qaydaları sadələşdirilməlidir”.

İqtisadçı deyir ki, digər tərəfdən isə kafe, restoran, bərbərxana və digər kiçik sahibkarlıq obyektlərinə qoyulan məhdudiyyətlər yumşaldılmalıdır:

“Müəyyən şərtlər tətbiq etməklə həmin obyektlərin fəaliyyətini tənzimləmək mümkündür. Eləcə də Bakı şəhərində nəqliyyatın fəaliyyəti ilə bağlı bir sıra addımlar atılmalıdır. İlk növbədə sərnişindaşımada nəqliyyat vasitələrinin sayını artırmaq, avtobuslar üçün daşıma yükünü aşağı salmaq lazımdır. Düşünürəm ki, 2020-ci ilin əvvəllərindən indiyədək sərnişindaşımada tətbiq edilən qaydalar heç də uğurlu olmayıb. Ötən dəfə SMS icazə ləğv edildikdən sonra nəqliyyat vasitələrində ciddi sıxlığın şahidi olduq. Bunun obyektiv və subyektiv səbəbləri var idi - metro işləmirdi, Bakı-Sumqayıt qatarlarının fəaliyyətində məhdudiyyətlər tətbiq edilmişdi, nəticə etibarı ilə sərnişinlər yerüstü nəqliyyat vasitələrinə - avtobuslara üz tutmaq məcburiyyətində qalmışdı. Buna görə də avtobusların sayını artırmaq və onların sərnişingötürməsi ilə bağlı limit tətbiq edilməlidir. Buna hüquq mühafizə orqanları ciddi şəkildə nəzarət etməli, lazım gələrsə, cəza tətbiq etməlidir. Lakin bunu elə etmək lazımdır ki, vətəndaşlar və sahibkarlar əziyyət çəkməsinlər. Karantinin tam aradan qaldırılmasının tərəfdarı olmasam da, hesab edirəm ki, qaydalar yumşaldılmalıdır”.

SMS icazənin tətbiqinin saxlanılması və ya ləğvinə gəldikdə, Razi Abbasbəyli bildirir ki, bu məsələdə yaş həddi əsas götürülə bilər:

“Bu məsələ digər ölkələrdə fərqli formada tətbiq olunur. Yaşayış yerini tərk etmə məsələsində yaş qrupları əsas götürülsə idi, daha doğru olardı. 15 yaşa qədər və 65 yaşdan yuxarı vətəndaşların evlərini tərk etmələri ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər. Əmək Məcəlləsinin tələblərinə görə də 65 yaş təqaüd yaşı hesab olunur və bir sıra büdcə təşkilatlarında bu yaşa qədər olanlar fəaliyyət göstərirlər. Onların evdən çıxması ilə bağlı müəyyən zaman həddi qoyula bilər. Eləcə də günün birinci yarısında orta məktəb şagirdləri üçün dərslər onlayn keçirilir və bu zaman məktəbliləri mənzildə saxlamaq vasitəsi kimi bu qaydanı tətbiq etmək olar. Hesab edirəm ki, digər yaş qruplarında olan vətəndaşlar üçün SMS icazənin ləğvi daha doğru olardı”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 6150

Bizim Telegram səhifəmizi izləyin