hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

27 il sonra əsirlikdən qurtulan "Cənnət bağçası": Kəlbəcəri bir də belə görün- BİZİM TANITIM

27 il sonra əsirlikdən qurtulan "Cənnət bağçası": Kəlbəcəri bir də belə görün- BİZİM TANITIM

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Kəlbəcər rayonunun erməni işğalından azad olunduğunu bəyan edib. Bununla da 1993-cü ilin 4 aprel tarixində işğal edilən qədim Azərbaycan şəhəri olan Kəlbəcər 27 ildən sonra azadlığına qovuşub.

Cebhe.info Kəlbəcər rayonunun ümumi relyefi, strateji mövqeyi, təbii və əmək resursları barədə araşdırmanı təqdim edir.

Türkün qədim yurdu

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. “Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri aşkar edilib. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"idir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycanın qədim insan məskəni olduğunu sübut edir.

Azərbaycanın ən böyük rayonu

Sahəsi 3050 km2. olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 145 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər rayonunun ən yüksək zirvələri Camış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır. Bu çaylar böyük ərazini qidalandırır.

Hər dərdə dərman...

Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal bu yerlər üçün xarakterik fauna növləridir.

Ermənilər ən bahalı mebelləri belə düzəldib

Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və digər saf sulu gölləri var. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqlarına malikdir. 1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edib. Bundan əlavə, rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli balıq növləri olan çayların ətrafında yerləşmiş 13471 hektar qoruq meşələri, 15531 hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli meşələr, 274 hektar yaşıllıqlar, 80 hektar meşə-park zonası var idi. Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi ayıfındığı ağaclarının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. Bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılıb.

Qızıldan civəyədək...

Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir.

Kəlbəcər ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min kubmetr olan qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

Əvvəl 50 min nəfər müalicə olunurdu, indi isə...

Kəlbəcər rayonu zəngin təbiətə, yeraltı və yerüstü sərvətlərə, münbit torpaqlara malikdir. Münbit torpaqlara və iqlimə malik olan rayonda kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə seçilir, bir çox xəstəliklərini müalicəsində onlardan istifadə olunur. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Ən uzun tunel

Rayon ərazisində yerləşən Kəlbəcər tuneli Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir. Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Lacın-Kəlbəcər yolunun üzərində yerləşən tunel strateji əhəmiyyət daşıyır. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilib. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir.


11 alban məbədi, 5 qala, 3 məscid..

Bundan əlavə rayon ərazisində 11 alban məbədi, 5 qala, 3 məscid, 5 ziyarətgah, 17 məbəd mövcuddur. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Rayondan şərqdə, rayon mərkəzindən 29 kilomet məsafədə yerləşən bu abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub.

Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: Laçınqaya, Lev, Uluxan, Qalaboynu, Comərd. Kəlbəcərin Ağdaban kəndinin adının Ağuan, Aluan, Ağvan, Andan kimi müxtəlif variantlarda rast gəlinən Alban sözünü təhrif olunmuş variantı olması istisna deyil. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Naibə

Cebhe.info


Oxunma sayı: 4115

Bizim Telegram səhifəmizi izləyin