hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

31 il əvvəlin 20 yanvarı: “Gecə Müdafiə Şurasının boş qalmış qərargahına getdik ki...”

31 il əvvəlin 20 yanvarı: “Gecə Müdafiə Şurasının boş qalmış qərargahına getdik ki...”

Azərbaycan 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindədir.

Keçmiş Sovet Ordusunun 1990-cu ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımdan 31 il ötür. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və Azərbaycan rayonlarında həyata keçirdikləri qırğınlarda 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində məhv edilib.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər (polislər) olub.

Aydınlar Partiyası sədrinin birinci müavini, 20 Yanvar hadisələrinin iştirakçısı Qorxmaz İbrahimli həmin günlə bağlı Cebhe.info-ya xatirələrini bölüşüb:

“31-ci ildönümünə çatdığımız 20 Yanvar faciəsini bugünkü kimi xatırlayıram, o anlar gözümün önündədir. Elə bir gün idi ki, 19-na qədər biz tələbə-gənclər blok-postlara gedirdik, sovet texnikalarının qarşısında dayanan insanları sakit olmağa çağırırdıq. Nə yazıq ki, 19 yanvardan 20 yanvara keçən gecə qətliam başlatdılar, millətimizin övladlarını vəhşicəsinə qətl etdilər. Bu millətə olmazın sitəm etməyə, gözünü qorxutmağa çalışdılar. Amma bunun əksinə, millətin azadlıq mübarizəsini yüksəltdilər. Biz anladıq ki, Sovet hökumətindən bu millətə haray yoxdur”.

Q.İbrahimli bildirib ki, 20 Yanvarda alimlərimiz, gənclərimiz, sıravi vətəndaşlarımız qətl edilib:“Amma eyni zamanda, həmin gün Azərbaycan xalqı qəhrəmanlıq səlnaməsi yazdı. Azərbaycan xalqı tək Bakıda deyil, Lənkəranda, Şəkidə, Yevlaxda, Nefçalada, Naxçıvanda və digər yerlərdə ağır günlər keçirdi, amma yumruq kimi birləşdi. 1991-ci ildə isə azadlıq, müstəqillik qazandı. Təbii ki, hərəkat 1988-ci ildən başlamışdı, amma 20 yanvarda azadlıq mübarizəsinin əsası qoyuldu”.

Qorxmaz İbrahimli həmin gecə boş qalmış Müdafiə Şurasının qərargahına getdiyini deyib: “Orada nə qədər təxribatın qarşısını aldıq. İnsanların çoxunu yoldan qaytardıq. Qətllərin, ölümlərin azalmasına qismən də olsa, nail ola bildik. Sabahı gün morqlara getdik. Şəxsən mənim çəkdiyim bir çox fotolar 20 Yanvarla bağlı sərgilərdə nümayiş etdirilir. Heç adımı da çəkmirlər. Əsas məsələ o idi ki, biz o günlər çox həyəcanlı olsaq da, səbrli davrandıq. Evlərində qalmış, valideynini, övladını itirmiş insanlara təsəlli verməyə çalışdıq. Bakı Dövlət Universitetinin tələbələri olaraq ciddi bir birlik yaratdıq və əhaliyə yardımların paylanmasında yaxından iştirak etdik. Həmin günlərdə 40 gün Bakıda fabriklər, zavodlar tətil etdilər, işləmədilər. Zavodda işləyən bəzi işçilərin evinə gedirdik, onlarla bir-bir görüşürdük”.

Q.İbrahimli 20 Yanvarı qəhrəmanlıq, igidlik səlnaməsi adlandırıb: “İtkilərimizə görə kədərlənirəm, amma bu gün necə ki, Vətən Müharibəsində şəhidlərimizin qanı bahasına qalib gəlmişik, düşmənin başını əzmişik, eyni sözlər 20 Yanvarla bağlı da deyilməlidir. 20 Yanvar qəhrəmanlıq, igidlik səlnaməsidir. O hadisələrin içində olmuş Azərbaycan gənci, vətəndaşı olaraq qürur duyuram ki, bu millətin övladıyam, mübariz, döyüşmüş oğullarından biri də mənəm. Əgər azadlığımızda zərrə qədər rolum olumsa, nə mutlu mənə. Mən 20 Yanvarda millətə ağlamaq aşılayanlardan deyiləm, başını dik tutub fəxrlə Şəhidlər Xiyabanına gedənlərdən, o günləri fəxrlə xatırlayanlardanam. İnanıram ki, bir zaman gələcək bu gün təqvimdə qırmızı, qəhərmanlıq tarixi olaraq yazılacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2234