t 3 milyona yaxın sərnişin dəmir yolundan istifadə edib
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

3 milyona yaxın sərnişin dəmir yolundan istifadə edib

3 milyona yaxın sərnişin dəmir yolundan istifadə edib

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Cebhe.info-nun məlumatına görə, QSC-nin sədri Cavid Qurbanov il ərzində dəmiryolu sahəsində görülən işlər haqqında geniş məlumat verib, dəmiryolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb.

Qeyd olunub ki, ötən il dövlət başçısı Ləki-Qəbələ dəmiryolu xəttinin tikintisi, Ləki Xudat-Şahdağ dəmiryolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.

Cavid Qurbanov Prezident İlham Əliyevin keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmiryolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.

Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxili və beynəlxalq istiqamətlərdə 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olmuşdur, bu isə 35,8% artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmiryolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Cavid Qurbanov bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmiryolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir. Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Cəmiyyətin kadr potensialından danışan Cavid Qurbanov qeyd edib ki, hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib.

Müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfər isə “Əmək veteranı” adı verilib.

2015-ci illə müqayisədə əməkhaqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb.

Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Kollegiya iclasında cari məsələlər müzakirə edilib, qurumun struktur bölmələrinə tapşırıqlar verilib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 749